"Neftçi" "Zirə"nin sabiq futbolçusu Salifu Sumanı heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, "ağ-qaralar" 22 yaşlı vingerin nümayəndələri ilə artıq danışıqlar aparıb.

Bakı təmsilçisi gənc futbolçunu heyətinə qatmaqda maraqlıdır və bu məqsədlə onun tərəfi ilə əlaqə saxlayıb. Lakin keçidin qarşısında ciddi maneə yaranıb. Belə ki, qvineyalı vinger hazırda Azərbaycana qayıtmaq istəmir. Bu səbəbdən danışıqların müsbət nəticələnməməsi ehtimalı böyükdür.

Buna baxmayaraq, "Neftçi" Sumanın transferindən əl çəkməyib. Klub futbolçunu razı salmaq və danışıqları davam etdirmək niyyətindədir. İsveçin "Malmö" klubunun da 22 yaşlı oyunçunu icarəyə vermək variantını nəzərdən keçirməsi isə "ağ-qaralar" üçün müəyyən imkan yaradır.

Qeyd edək ki, transfer dəyəri 900 min avro olan Salifu Suma 2023-2025-ci illərdə "Zirə"də çıxış edib. 1,3 milyon avro qarşılığında "Malmö"yə keçən oyunçu ötən mövsümün ikinci yarısını icarə əsasında Polşanın "Radomyak" klubunda keçirib.