"Təbii ki, başqa ölkəyə gəlmək - yeni şəhər, yeni komanda, yeni ab-hava deməkdir. Amma bu günədək heç bir sıxıntım olmayıb. Azərbaycan karyerası dil sarıdan da mənim üçün çox rahatdı. Üstəlik, komandada portuqalca və fransızca danışan futbolçular var. Çox şanslıyam. İlk gəldiyimdən bu günədək problem yaşamamışıq. Belə də davam edəcəyik". Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Tiaqo Bezerra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

34 yaşlı braziliyalı hücumçu "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri ilk matçında özünü yaxşı hiss etdiyini söyləyib: "Komanda yaxşı oynadığından, bizə də rahat idi. Təbii ki, bir az zaman lazımdır. Hələ tələsməyə ehtiyac yoxdur. Komandada işlər də yaxşı gedir. Əlbəttə, oynamaq istəyirəm. Amma diər futbolçulara da hörmət göstərmək lazımdır. Daha hazırlıqlı futbolçular var. Mənim zamanım da gələcək və bunun üçün çox çalışıram. Vaxtı yetişdikdə hazır olacam".

Türkiyədə müxtəlif klubların fornasını geyinmiş Tyaqo Azərbaycanı bu ölkəyə bənzədib: "Sanki Türkiyəyə gəlmişəm. Azərbaycanın dili, insanları, yeməkləri, bir sözlə, hər şeyi çox bənzəyir. Təbii ki, bura irəliləməkdə olan futbolunuzu  da daxil edərdim. Türkiyədə isə belə bir gün yetişib. Buna görə də kiçiltməli bir şey yoxdur. VAR da gələcək, digər təşkilati işlər də görüləcək".