"Kəpəz" daim "qaynar qazan"ı xatırladır. Gəncənin spesifik bir bölgə olması barədə saatlarla danışmaq olar. Artıq 5 ildi kluba rəhbərlik edən İlqar Nadiri bu "qazan"da baş çıxarmağı bacarır. Sport24.az-a verdiyi müsahibədə İdarə Heyətinin sədri həm komandanın hazırkı durumdan danışdı, həm Gəncə deputatının fəaliyyətinə dair sualı cavablandırdı, həm "F-Holding"lə bağlı vəziyyətin hansı mərhələdə olmasına aydınlıq gətirdi.


- Premyer Liqada 3-cü dövrə yekunlaşdı. Yəqin razılaşarsınız ki, "Kəpəz" üçün "oksigen yastığı"na artıq ehtiyac yoxdu...
- 3-cü dövrə bizim üçün çətin və maraqlı keçdi. Həm oyun planında, həm nəticələrimizdə inkişaf var. Ümumilikdə bu hissə bizim üçün uğurlu alındı. Riskli zonada olmasaq da, arxayınlaşmaq olmaz. Ən azı sonuncu dövrədə yaxşı çıxış etməliyik.


- Mövsümün əvvəlində qarşıya qoyulan hədəf elitada qalmaq idi. Aşağı-yuxarı məqsədinizi reallaşdırmısızmı?
- Bəli, hədəfimiz Premyer Liqada yerimizi qorumaq idi. Amma heç də 9-cu yerdə qərarlaşmaqla da kifayətlənməyə bilərik. Yəni, imkan varsa 7-8-ci yerləri də tutmaq olar. Bundan başqa elitada yerimizi qorumaqla yanaşı, klubumuzun böyüməsi üçün gördüyümüz işləri də vurğulamaq istərdim. Akademiyamız tikildi, Gəncə şəhər stadionu yenidən qurulur, peşəkarlaşmaq uğrunda fəaliyyət göstəririk. Qısası, elitada qalmaqla yanaşı "Kəpəz"in daha da inkişaf etməsində maraqlıyıq.


- Stadionunuzun olmamasına görə ev oyunları keçirmək üçün müxtəlif futbol məkanlarında oynayırsız. Məqsəd heyətinizdəki legionerlərə Azərbaycanın bölgələrini gəzdirməklə turizmi inkişaf etdirməkdi?
- (gülür) Bir qədər elə çıxır. Hələ ötən mövsümdən stadionumuz təmirə bağlandığından bizim üçün növbəti "futbol ili"nin çətin olacağını əvvəlcədən bilirdik. Amma sonra gördük ki, gözlədiyimizdən də çox çətinliklərə məruz qaldıq. Bölgə olaraq bizə ən yaxın stadion Tovuzun, sonra isə Qəbələnin futbol məkanıdı. Hər 2 stadionda oynadıq. Amma hər iki komandanın da sıxıntıları olduğundan yenidən stadionsuz qaldıq. Bu mövsüm çoxsaylı səfərlərimiz oldu.


- Bəs 4-cü dövrədəki ev oyunlarınızı harda keçirəcəksiz?
- Xeyli danışlqlar apardıq. Sonda yenə Tovuzun futbol məkanından yararlanacağıq. Bunu ilk dəfə sizin saytınıza bildirirəm. "Turan Tovuz"un əsas sponsoru "Huner Group"un rəhbəri Ehtiram Quliyevlə görüşlərimiz oldu. Onların özünün yetəri qədər problemləri olmasına rəğmən, ev oyunlarımızı Tovuz şəhər stadionunda keçirməyimiz üçün şərait yaradıldı. Bunun üçün Ehtiram bəyə dərin minnətdarlığımı bildirirəm.


- Qəbələdən "sürgün" olunmanızın səbəbi nə idi?
- Klub və stadion rəhbərliyi ot örtüyünün həddən artıq yükləndiyini bildirdi və oyunlarımızı daha orda keçirməyin mümkünsüz olduğunu dedilər.


- Gəncənin deputatı Müşfiq Cəfərov kluba hər hansı maddi dəstək göstərirmi?
- Xeyr. Müşfiq bəydən heç bir maddi dəstək almamışıq. O, iş adamı deyil ki, bu yöndə bizə əl tutsun. Buna rəğmən millət vəkilimiz bizə ən çox mənəvi dəstək olan insanlardandı. Oyunlarımızın demək olar hamısında yaxından iştirak edir, həmçinin kluba sponsorlar cəlb olunması, iş adamlarıyla görüşlər üçün də əlindən gələnir əsirgəmir. Müşahidə Şuramızın üzvü kimi maksimum çalışır ki, "Kəpəz" üçün hər şey yaxşı olsun.


- Bəs deputatınız şəxsi nüfuzundan istifadə edərək heç olmasa gəncəli iş adamlarının zəruri ehtiyaclarınızı ödəmək, qələbələrə görə futbolçulara minimum səviyyədə mükafatlar vermək və digər bu kimi məsələlərdə yardım edilməsində dəstək olub?
- Sadaladığınız nüansların olması bizim üçün göydəndüşmə olardı. Amma təəssüf ki, belə bir köməyimiz də yoxdu.


- Bir neçə gün öncə AFFA tərəfindən akademiyanıza media tur təşkil olundu. Amma siz orda yox idiniz..
- Akademiyamızın açılışı deyildi ki, mən orda iştirak edim. Sadəcə, AFFA tərəfindən media tur təşkil olunub. Bunun da məqsədi "Kəpəz"də gedən işlər və dəyişiklərlə jurnalistlləri tanış etmək idi. Tədbir federasiya rəhbərliyi, İcraiyyə Komitəsinin təşkiltçılığı ilə baş tutub. Hesab edirəm ki, akademiyamızdakı media turla bağlı AFFA rəhbərliyi danışsa, daha yaxşı olar.


- "F-Holdinq"lə danışıqlar nə yerdə qaldı? Qarşı tərəf çox istəkli olsa da, mətbuatda gedən xəbərlərə görə artıq razılıq alınmadı...
- Biz tək "F-Holdinq"in yox, başqa şirkətlərin, zəngin iş adamalarının klubumuza sponsorluq etməsini arzulayırıq, nə qədər çox dəstək verən olsa, bizim üçün yaxşıdı. İstənilən şirkətlə də görüşlərə, müzakirələrə açığıq. Sadəcə, saytınıza əvvəlki müsahibəmdə də qeyd etdiyim kimi "F-Holdinq" şirkəti həqiqəti əks etdirməyən fikirlərlə mətbuatda çıxış etmişdi. Hansı ki, onlar bizimlə bu sahədə heç bir müzakirə, diskussiya aparmadan fikirlər səsləndirmişdi. Bu açıqlamaların verilməsi də bizim üçün xoş olmadı. Bir daha deyirəm, biz istənilən şirkət, holdinq, iş adamıyla "dəyirmi masa" arxasında müzakirələrə, danışıqlara və klubumuzda gedən işlərlə bağlı hamını tanış etməyə hazırıq. Amma bir şərtlə ki, qarşı tərəf bizimmimi müzakirələr aparsın və məqsəd-məramlarını bildirsin. Bundan sonra da əməkdaşlıq üçün axtarışlarımız davam edəcək.


- Demək istəyirsiz ki, "F-Holdinq"lə məsələ qapanıb?
- Biz qarşı tərəflə heç bir görüş keçirməmişik, dialoqumuz da olmayıb ki, hansısa məsələ bitmiş olsun. Yuxarıda qeyd etdiyim kimi, biz bütün şirkətlərlə görüşə hazırıq. O cümlədən adıçəkilən holdinqlə də. Kompromiss tərəfdarıyıq.

 

- Hazırkı büdəcə növbəti mövsüm üçün də qalacaq?
- Bəli, sadəcə, bəzi vergi ödənişlərində artım olduğundan bəzi azalmalar qaçılmazdı. Artıq buna uyğun da işlər aparırıq.


- Həm gəncəli azarkeşləri, həm də futbol ictimaiyyətini maraqlandıran sual odur ki, "Kəpəz" gələn mövsüm harda oynayacaq?
- Bu barədə indidən nəsə deyə bilmərəm. Amma çalışacağıq ki, oyunlarımızı sabit keçirə biləcəyimiz stadion olsun. Bu, Tovuzdakı futbol məkanı da ola bilər, Qəbələdəki də.


CEYHUN ƏLİYEV