"Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının VII turunda "Kəpəz"lə evdə 2:2 hesabıyla bərabərliyə qaldıqları görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, rusiyalı mütəxəssis öncə qarşılaşma haqda danışıb.

- Demək olar ki, rəqibdən hər cəhətdən üstün idik. Oyuna nəzarət bizim tərəfdə idi. Rəqibin heç bir qol fürsəti olmadı, amma heç nədən iki qol vurdular. Bu da əlbəttə ki, bizim problemdi və təhlil edəcəyik.

- Qapııçını Nicat Mehbalıyev hardadı?

- Əvəzedici komanda ilə məşq edir.

- Səbəb nədir?

- Bu suala rəhbərlik cavab verməlidi.

- Rəqib oyunçuların tez-tez yerdə qalmasına etiraz edirdiniz. Artırılan 8 dəqiqə sizi qane etdi?

- Əlbəttə ki, hakimlikdən ümumiyyətlə, məmnun deyiləm. Rəqib futbolçular oyunun bərpasını gecikdirirdilər, yerdə uzanırdılar. Belə davam edəcəksə, Azərbaycan futbolu inkişaf etməyəcək. Bir Xal üçün bunları etmək düzgün deyil. Komandam nə vaxtsa belə oyun sərgiləsə, futbolu atıb gedib evdə oturaram, başqa işlə məşğul olaram. Futbol dinamikadı, həyəcandı, stresddi, ondan zövq almaq lazımdır. Bir il əvvəl eyni şeyləri "Şamaxı" edirdi. Bəlkə də bu cür davranışlar etməsəydilər, I Liqaya düşməzdilər. Nə isə, bu, mənim yox, onların problemidi 

- "Qarabağ"la matçdan sonra demişdiz ki, bir qələbə motivasiyamızı yüksəldəcək. "Kəpəz"lə görüşdə bunu bacarmadınız. Bu durum sizi qorxutmur?

- Qorxudur. 

- Bəs nə düşünürsünüz?

- Düşünürəm ki, bu gün qələbə qazanmalıydıq, amma bunu edə bilmədik.

- Yusif İmanovda bəlkə arxayınlıq olub. Buna görə onu ehtiyatda saxladınız?

- Sizinlə razıyam, haqlısınız. Rəqabəti daha da artırmaq üçün belə qərar verdik. Çünki Yusif rahatlaşmışdı. Ona keçən mövsüm 21 yaş limitinə görə imkan verdik, oynadı. Məğlubiyyətin günahkarı sadəcə Rüstəm Samiqullin deyil.

- VAR-a baxılanda sanki köməkçinizlə birgə futbolçulara dediz ki, penalti yoxdu...

- Çox qəribə bir hal idi. Penalti epizodunda hakim 2 metrdən görmürdü ki, VAR-a gedirdi? Necı olur ki, 20 metrdən qayda pozuntusunu isə görür. İnqilab Məmmədov həmişə bizim oyunda hakim olanda özündən nələrsə çıxarır. Ya Con İrasabalı qovur, ya başqa bir şey edir...İstəməzdik ki, bu hakim bizim matçlara təyinat alsın.