Mövsümlərarası fasilədə yenilənən "Səbail"lə "Sumqayıt"ın ilk turdakı görüşündə gözlənilməz nəticə qeydə alınmışdı. Hər halda, "dənizçilər"in evdə böyük hesabla - 1:4 uduzacağı çətin ki kimsə gözləyərdi. Komandalar bu dəfə təkcə ikinci dövrəyə yox, ilə yekun vuran matçda qarşılaşır və baş məşqçi Şahin Diniyevin revanş almaq imkanı vardı.

 

Amma bunu reallaşdırmaq heç də asan deyildi. Təkcə ona görə yox ki, rəqib öz meydanında güclü azarkeş dəstəyi altında yaxşı oynayır, inamlı təsir bağışlayırdı. Əsas məsələ "dənizçilər"in heyətində ciddi itkilərin olmasında idi. Belə ki, Diniyev zədəyə görə 6-7 futbolçusunun xidmətindən məhrum idi. Zədəlilər sırasına israilli mərkəz müdafiəçisi Nil Bardea da qoşulmuşdu. Onu həmin mövqedə əvəzləyən Adil Nağıyev kapitan sarğısında komandanı oyuna çıxarmışdı. 

 

Sumqayıtda baxımlı futbol oynayan Samir Abasovun komandası ilin son matçında da bunu nümayiş etdirdi. Ümumiyyətlə, 90 dəqiqə meydanda gərgin mübarizə getdi. Futbolçular xal uğrunda döyüşürdülər. Oyunda temp də aşağı deyildi, sürətli hücumlar bir-birini əvəzləyirdi. "Səbail" qonaq komanda olsa da, ilk dəqiqələrdən təşəbbüsü əldə aldı, topa daha çox sahib idi. Lakin "dənzçilər" qapısız oynayırdılar. Buna cavab olaraq "Sumqayıt" ilk hissənin ortasında ardıcıl 2 real imkanıyla rəqibini cəzalandıra bilərdi. Xüsusilə estoniyalı hücumçu Erik Sorqanın sol ayaqla yaxın məsafədən zərbəsi yaddaqalan oldu ki, "Səbail"in təcrübəli qapıçısı Səlahət Ağayev topu tuta bildi. Ardından Səlahət də komandasına kömək edə bilməyəcəkdi. Sadəcə, rəqibin cərimə meydanına gələn mərkəz müdafiəçisi Elvin Bədəlovun başla zərbəsi zamanı top "çərçivəyə düşmədi.

 

"Səbail" dominnatlıq etdiyi ilk 45 dəqiqədə fasiləyə az qalmış hesabı aça bilərdi. Həmin tək təhlükəli vəziyyət zamanı komandanın bombardiri Aleksandr Ramalinqomun güclü zərbəsi təhlükəli alınsa da, azca dəqiqlik çatmadı.

 

İkinci hissədə meydan sahibləri canlandı. Xüsusilə "Sumqayıt"ın sağ cinahı fəal idi ki, müdafiəçi Rövlan Muradov hücuma aktiv qoşulurdu. Standart vəziyyətləri də yerinə yetirən Rövlan ikinci hissənin əvvəlində künc zərbəsi zamanı qapı qarşısına qaldırdığı topun "Səbail"in legioneri Valdemar Almeydanın əlinə dəyməsi şübhəsi olduğuna görə baş hakim Rövşən Əhmədov oyunu dayandırdı. VAR-da mümkün əllə oynamaqla bağlı incələnmə getdi. Sonda bu epizodun penalti olmamağı ilə bağlı qərar verildi ki, Almeyda həqiqətən əllə oynamamışdı. 

 

Sumqayıtlılar Ramalinqoma qarşı diqqətli oynamaqla ona qarşı sərt mübarizələrdən belə çəkinmirdilər. 70-ci dəqiqədə hesab açılanda belə mübarizədən sonra Ramalinqom yerdə qaldı və baş hakim davam işarəsi verdi. Topu ələ keçirən mərkəz müdafiəçisi Murad Xaçayev hücumu başladı və topu Roi Kehata ötürdü. O da Səbuhi Abdullazadəni yaxşı mövqeyə çıxardı ki, sonuncu qapıya paralel ötürmə etdi. "Səbail"in bosniyalı stopperi Adi Mehremiçin topa tərs toxunuşu qolla nəticələndi. VAR-ın da bu avtoqolla yekunlaşan hücum zamanı qayda pozuntusunun olmadığı təsdiqləməsiylə qonaqlar oyuna mərkəzdən başlamağa məcbur oldu.

 

Diniyev matçı xilas etmək karyerasının ən yaxşı illərini Abasovlu "Sumqayıt"a keçirən Amil Yunanovu da oyuna buraxdı və iki hücumçuya keçdi. Yunanovun demək olar topa ilk toxunuşda qapıya zərbəsi oldu ki, həmləsi "çərçivə"dən xeyli aralı keçdi.  "Səbail" son dəqiqələri daha çox hücumda keçirsə, təzyiqi artırsa da, bu, bəhrəsiz qaldı. "Dənizçilər" xala layiq olduqları, heç-heçənin ədalətli olduğu qarşılaşmadan məğlub ayrıldı. Bununla da Diniyev millidə rəhbərliyi altında çıxış etdiyi futbolçusu Abasova bu mövsüm 2-ci dueldə də uduzdu. "Səbail"in cari mövsümün ilk yarısında xal ala bilmədiyi yeganə rəqib məhz "Sumqayıt" oldu. 

 

"Dənizçilər"i turnir cədvəlində "gənclik şəhəri" təmsilçisi hazırda olduğu qış fasiləsinə 3-cü pillədə yollana bilər. Bunun üçün "Neftçi"nin bu gün evdə "Kəpəz"i udmaması lazımdı.

 

 

MEHMAN SÜLEYMANOV