Rəşad Qasımov
"Lion"la görüş ərəfəsində Qurban Qurbanov komandası barədə inamlı danışaraq, oyuna yaxşı hazırlaşdıqlarını bildirmişdi. Əslində baş məşqçi də, futbolçular da başa düşürdülər ki, bu oyunun pley-offa yüksəlmək mənasında əhəmiyyəti böyükdü. Məhz bu üzdən "süvarilər"in meydana yalnız qələbə üçün çıxacağı başadüşülən idi. Baş məşqçinin ilk dəqiqələrdən meydana buraxdığı heyətdən də bunu görmək mümkün idi.
Yağışlı payız günündə keçirilən görüşə "Qarabağ" heç də pis başlamadı. Adlı-sanlı rəqibindən çəkinməyən ağdamlılar qorxmadan irəli gedir, ilk dəqiqələrdən fransızlara "dişini" göstrəməyə çalışırdı. Qonaqlar da Bakıya qələbə üçün gəldiyini nümayiş etdirirdi ki, bu da azarkeşlərin 90 dəqiqə boyunca şən, açıq futbol izləyəcəyindən xəbər verirdi.
Vaxt ötdükcə təmsilçimizin müdafiəsində boşluqların olduğu üzə çıxmağa başladı. Kevin Medinanın inamlı oyunu olmasaydı, bəlkə də qonaqlar hesabı daha tez açmağa müvəffəq olacaqdı. Nə qədər absurd səslənsə də, qapısında 4 qol görən komandanın ən yaxşısı məhz Medina idi. "Kolumbiya tankı" "Lion"un hər hücumunda demək olar yaxşı mənada diqqət mərkəzində idi. Təəssüf ki, eyni sözləri digər müdafiəçilər barədə söyləmək qeyri-mümkündü. Ümumiyyətlə, cari avrokubok mövsümündə "Qarabağ"ın müdafiəsi bərbad təsir bağışlayır desək, yanılmarıq. Ağdamlılar Avropa Liqasında keçirdiyi 5 oyunda qapısında 13 qol görüb. Mikautadzenin ilk qolunda "Qarabağ"ın müdafiəçilərinin rəqibin yeganə hücumçusunu niyə boş buraxdığı hələ də qaranlıq qalır. Belə səhvlərin 90 dəqiqə boyunca sıralandığını da təəssüflə vurğulamaq lazımdı. Korentena Tolissonun qolla nəticələnən uzaqdan zərbəsi ustalığın adına yazıla bilər, bəs 3-cü və 4-cü qollara nə deyəsən?
Müdafiənin xaotik oyunu fonunda hücum xətti bir qədər yaxşı təsir bağışlasa da, irəlidə yer alan futbolçuların da yüksək səviyyədə oyun nümayiş etdirdiyini demək olmaz. İstər Juninyo, istər Kaşuk, istər Zubir, istərsə də Benzia "Lion"un qapısı önündə əlverişli imkanlar, real qol şansları yaxalasalar da, bundan istifadə edə bilmədilər. Bəlkə də deyəcəksiz ki, bəxt amili də meydan sahiblərinin məğlubiyyətində rol oynadı, zərbələr tirdən və dirəkdən döndü. Bu yerdə rəhmətlik Valeri Lobanovskinin sözlərini xatırlmaq lazımdı: "Tirə və dirəyə mükafat düşmür". Və bu sözlərə "tarixdə parlaq oyun yox, nəticə qalır" deyimini də əlavə etsək, nə demək istədiyimi anlayarsız.
"Qarabağ"ın dünənki oyununda daha bir neqativ məqam kimi komandanın məğlubiyyətlə tez barışdığını göstərmək olar. İkinci qoldan sonra ağdamlılar sanki geridönüş edə biləcəklərinə özləri belə inanmadılar. Halbuki Qurban Qurbanovun "süvarilər"i əvvəlki avrokubok mövsümlərində xarakteri olan komanda kimi ad çıxarmışdı.
"Lion"la oyun dünəndə qaldı. "Qarabağ" artıq sabah barədə düşünməlidi. Təmsilçimizi qarşıda hələ 3 oyun gözləyir. Ağdamlılar toparlanıb 3 qarşılamanı qələbə ilə başa vuracağı halda, keçid oyunlarına vəsiqə qazana bilər. Buna sadəcə, inanmaq və əvvəlki görüşlərdə buraxılan səhvlərdən dərs çıxarmaq lazımdı. Bir sözlə, hələ ümid var...