Misli Premyer Liqasında 2022/23 mövsümü arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasında yekun yazıyla mövsümü başa vurur. 

 

"Simvolik yığma"

 

Qapıçı: İvan Brkiç ("Neftçi") - 6

Müdafiəçilər: Boyan Letiç ("Sabah") - 8, Vojislav Stankoviç ("Neftçi") - 6, Bəhlul Mustafazadə ("Qarabağ") - 5, Amin Seydiyev ("Sabah") – 5

Yarımmüdafiəçilər: Coy-Lens Mikels ("Sabah") – 10, Aleksey İsayev ("Sabah") – 12, Emin Mahmudov ("Neftçi") – 10, Aleksey Kaşuk ("Sabah") – 14

Hücumçular: Musa Qurbanlı ("Qarabağ") – 13, Ramil Şeydayev ("Qarabağ") – 10.

 

Baş məşqçi: Murad Musayev ("Sabah") - 7

 

Göründüyü kimi, 4-4-2 taktiki düzülüşdən ibarət olan "11-liy"imiz medalçı komandalardan təşkil olunub. Sadəcə, fərq ondadı ki, "simvolik yığma"da oyunçu sayında lider çempion "Qarabağ" yox, gümüş medalçı "Sabah"ın futbolçularıdı. Belə ki, Masazır təmsilçisi 5 futbolçuyla təmsil olunubsa, "Qarabağ"da bu say 3-dü. Elə bürünc medalçı "Neftçi"də də say bu qədərdi.

"Sabah"ın hegemonluğu rəmzi yığmanın baş məşqçisinin da onun çalışdırıcısının olmasında öz əksini tapır. Belə ki, rusiyalı Murad Musayev turun baş məşqçi olmaq sayında 9 həmkarını qabaqlayıb.

Mövsümün futbolçusu da "Sabah"lıdı. Çünki ukraynalı sağ cinah yarımmüdafiəçisi Aleksey Kaşuk təkcə öz mövqeyində yox, ümumiyyətlə, "11-lik"də hegemondu. Hər halda, Kaşuk 14 dəfə rəmzi yığmaya düşməklə rekordçu olub. 

Onu da bildirək ki, yalnız bir mövqedə gərgin rəqabət olub. Bu, qapı xəttiylə bağlıdı. Belə ki, "Sabah"ın əsas qapıçısı olmasıyla Premyer Liqamızda 1 ildəcə tanınan, millimizə cəlb olunan Yusif İmanov "Neftçi"dəki xorvatiyalı həmkarı İvan Brkiç kimi 6 dəfə rəmzi yığmaya düşüb. Belə olan halda, turun qəhrəmanı nominasiyası əlavə üstünlük verir. Burda isə Yusif tam geri qalıb. Çünki 21 yaşlı qapıçı heç vaxt qəhrəman olmayıb. Brkiç isə 2 dəfə bunu bacarıb və yekunda üstün durumda olub.