Azərbaycan Premyer Liqasının XVI turunun müzakirəsiylə bağlı "Mütəxəssis rəyi" rubrikamızın qonağı Ağasəlim Mircavadov oldu. Təcrübəli mütəxəssis çempion etdiyi "Qarabağ"la "Neftçi"nin budəfəki qızıl medal mübarizəsinə və digər məqamlara toxundu.

- Turun ümumi mənzərəsini necə dəyərləndirərdiniz? Əsas hansı məqamlar diqqətinizi çəkdi?

- "Səbail"i bəyəndim, "Qəbələ" çox xoşuma gəldi. Bu, ilk növbədə oyun planındadı. Adını çəkdiyim bu komandaların oyun üslubu rəqiblərindən - həm "Sabah"dan, həm də "Neftçi"dən üstün idi. Bir də ki medallar uğrunda mübarizə aparan klublar "boşalmamalıdı" - bu amil də var. Yəni, hər bir çətinliyə hazır olmalıdırlar. "Keşlə" də xoşuma gəldi, o mənada ki istəkli idi. 

- Ancaq bir şeyi də nəzərə alaq ki, "Keşlə" oyunda say üstünlüyünə malik olsa da, qol buraxaraq qələbəni əldən verdi. Buna necə izah verərdiniz?

- Məncə, "Zirə" 10 nəfərlə qalandan sonra futbolçular ayıldılar ki, bu oyunu çıxarmalıyıq. Yaxşı da qol vuraraq buna nail oldular. Düzdür, orda "Keşlə"nin mərkəz müdafiəçisinin mövqe səhvi idi. Amma bir şey də var ki, rəqib səni məcbur elədi bu səhvə. Deyərdim ki, "Zirə" bu planda xarakter göstərdi və oyunu xilas etdi. 

- "Zirə"ni azlıqda qoyan legioneri meydana daxil olandan cəmi 6 dəqiqə sonra birbaşa qırmızı vərəqə alır. Bunu necə şərh edərdiniz?

 - Qırmızı vərəqə alanda baxır nəyə, hansı epizoda görə alırsan - söhbət budu. "Qırmızı" olur ki, rəqib səni aldadır, qapıçıyla təkbətək çıxır və bu halda məcbur onu vurub yıxırsan - bu, başqadı. Bir də var ki, mərkəzdə topsuz mübarizədə hərəkətinə diqqət yetirmirsən. Əslində, bü, bütün komandalara şamildi ki, topu rəqibdən təmiz almağı çox nadir hallarda edirik.

- "Keşlə"də istək, aqressiya artsa da, hələ də qələbə yoxdu. Bu, nə dərəcədə özünəinam gətirə bilər?

- Özünəinamın yaranması ilə nəticə də gələ bilər. Bilirsiniz, "Keşlə"nin prezidenti Zaur Axundov çox istiqanlıdı, hər matçda meydanın kənarında komandaya dəstək verir. Özü də 90 dəqiqə ayaq üstə. O, uduzmağı sevmir. Hətta güclü rəqiblə qarşılaşsalar da. Bu, yaxşı haldı. Axundovun xarakteri də futbolçulara keçə bilər, keçir də. Ustalıq səviyyəsi isə əlbəttə, aşağıdı, onu deyə bilərəm. 

- "Zirə" qış fasiləsindən sonra çempionatda elə də inamlı təsir bağışlamır. Kubokda "Neftçi"ni keçərək yarımfinala çıxmaq bu komandada dediyiniz "boşalma" yaradıb?

- "Zirə" ilk hissədə xoşuma gəlmədi. O mənada ki, həmin "boşalma" oldu. Qonaqlar istədilər ki, top saxlamaqla oyunu udsunlar. Çünki "Zirə" hələ heyət baxımından "Qarabağ" kimi deyil. Ancaq "oturuşmuş" oyunu var, bilir nə etmək lazımdı. Bu, çox yaxşı cəhətdi.

- Fikirlərinizin əvvəlində medallar uğrunda oynayan komandaların "boşalmağından" söz açanda, əsas "Neftçi"ni nəzərdə tutduğunu deyə bilərik. Nə qədər itkiləri olsa da, "Qəbələ"dən zəif təsir bağışladı...

- Deyərdim ki, çox zəif. "Qəbələ" oyun cəhətdən onu üstələdi. Bu komanda elə hücumlar edirdi ki, son nöqtəni qoya bilsəydi, hesab da xeyrinə çox böyük ola bilərdi. Qola gəlincə, düzdür, Emin Mahmudov yaxşı zərbə vurdu. Ancaq orda qapıçının da səhvi var, həmin mövqedə olan futbolçunun da. O mənada ki, Eminə yaxın olaydı, qoymayaydı zərbə vursun. Hal-hazırda elə matçlar olur ki, onu çıxarmaq lazımdı. "Neftçi" də bunu etdi. 

- "Neftçi"nin çempionluq mübarizəsində əsas rəqibi olan "Qarabağ" "Sumqayıt"ı evdə 6:1 hesabıyla darmadağın edir, ancaq hər dəfə onun meydanında heç-heçə edərək vacib xallar itirir. Bunu nəylə əlaqələndirərdiniz? Belə baxanda, nə azarkeş amili var, nə də qazon...

- Gəlin, məsələyə belə baxaq ki, "Qarabağ"ın orta xətt üzvləri qol vurmur. Ən çox Mahir Emreli qol vurur, çempionatımızın da bombardiridi. Belə ola bilər ki, Mahirin də qarşısını ala bilərlər. Bu zaman yarımmüdafiə öz sözünü deməlidi. Şəxsi fikrim belədi ki, işlədiyim komandalarda çalışırdım orta sahəm qol vuran futbolçulardan ibarət olsun. Ola bilər ki, kimsə bununla razılaşmasın. Yarımmüdafiəçilər rəqibin cərimə meydana daxil olaraq qapıya yol tapa bilər, yaxud uzaqdan zərbəyl fərqlənə. "Qarabağ"ın orta xətti qol vura bilmir, gözləyir ki, Mahir bunu etsin, yaxud başqa hücumçu. Ancaq belə də olmur. İndiki halda bilirsiniz ki, qol vurmaq üçün hətta müdafiəçilər də hücumameylli olmalı, rəqibin cərimə meydanında düzgün mövqe seçməli, hücumçu kimi oynamalıdırlar. Bu cəhətdən "Qarabağ" axtarışdadı. Elə başa düşürəm ki, tək Mahirlə komandaya ağır ola bilər. Bəli, baxırsan ki, hər şeyi düzgün edirlər, ancaq son fazada effektiv olmurlar. Bir də bu, bütün klublarımıza aiddi ki, cinahlardan kəsərli hücum etmirlər. Məsələn, Zubirdən cinahda topla olanda effektiv bir gözləyirəm. O da çox vaxt bunu edir, hücumu öz üzərinə götürür və rəqib qapısına elə ötürmələr verir ki, yalnız ayağını qoy, qol olsun. Yəni, komandalarda belə hücumameylli oyunçuların olması mütləq lazımdı. Ancaq başqa klublarda belə futbolçuları görmürəm.

- Bu çempionatın sonuna hələ 12 tur qalsa da, "Neftçi"nin "Qarabağ"dan artıq 3 xal üstün olmasını psixoloji planda böyük üstünlük sayırsınız?

- Bilirsiniz, 1 xal da böyük üstünlükdü. "Sadəcə, Neftçi" "Qəbələ"yə qarşı kimi oynasa, o hardasa yüz faiz büdrəyəcək. Uzağa getməyək, fevralın 25-də çətin Zirə səfərinə yollanır. Bu matç çox suallara cavab verə bilər. 

- Siz də belə düşünürsünüz ki, "Qarabağ" yenidən liderliyi ələ keçirsə, onu əldən verməyəcək? Yəni, onun "Neftçi"ylə müqayisədə büdrəmək ehtimalı azdı?

- Mənə elə gəlir ki, belədi. "Qarabağ" toparlanmalıdı. Çünki ardıcıl 2 turdur qələbə qazanmır, çox xal itirib. "Qarabağ"ın bu mövsümədək belə ardıcıl xal itkiləri yadıma gəlmir. 

- Və son olaraq son pilləyə qayıdan "Sabah" haqda. Bu komandanın uğursuz çıxışına sizcə, nə vaxt son qoyulacaq?

- "Sabah"ın Bayıldakı matçına AFFA Məşqçilər Komitəsinin bütün üzvləri birgə baxırdıq. Niyə belə uğursuz çıxış etməsiylə bağlı bir-birimizə sual verdik, ancaq buna cavab tapa bilmirdik. Komandada yaxşı heyət.var. Özü də millimizin, U-21 yığmamızın bir neçə üzvü orda çıxış edir. Bəs, onlar niyə belə oynasınlar? Bu zaman baş məşqçi amili üzə çıxır. Ola bilər ki, klub rəhbərliyi onun üçün hər cür şərait yaradıb. Maliyyə var, oyunçular var, yaxşı, bu halda qalan bütün böyük işləri baş məşqçi etməlidi. Bu isə yoxdu. Əsas odur ki, komandada oyun yoxdu. Beləridsə, nəylə uda bilərsən? Taktiki gedişlər, futbolçuların fərdi ustalıqları görünmür. Yaddan çıxarmaq lazım deyil ki, millimiz bir ay sonra Avropa çempionatının yeni seçmə mərhələsində çıxışına başlayacaq. Həmin futbolçular oynayacaq axı. Onlar da belə vəziyyətdədirsə, buna kim cavab verməlidi? Buna görə həmişə deyirəm ki, klublara çox fikir vermək lazımdı. Çünki oyunçular klublardan yığmaya gəlir, ordan-burdan yox. Klublarda yaxşı hazırlaşıb, yaxşı oynamalıdırlar ki, millidə də yaxşı çıxış etsinlər. Bax, budu söhbət. 

 

 

MEHMAN SÜLEYMANOV