Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi Azərbaycana qalib gəldikləri yoldaşlıq oyunundan sonra fikirlərini bölüşdü. Sport24.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırdı. 

 

- Azərbaycan millisi sizə hansısa komponentdə sürpriz etdi?

- Rəqibə hörmətlə yanaşırdıq. Futbol oynamağa, oyuna diqtə etməyə çalışdıq. İstədiklərimizi edə bildik. Son 10 dəqiqə üstünlük rəqibə keçdi. İki komanda da mübarizə apardı. Azərbaycan millisindən gileylənməyə dəyməz. Favorit biz idik. Statistika, şanslar bizdən yana oldu. Oyunun sonlarında Azərbaycanın bəxti gətirsəydi, matç bərabərliklə bitərdi. 

 

- Azərbaycan millisinin qolunda sanki top oyunçunun əlinə dəymişdi... 

- Açığı, texniki zonadan görə bilmədim. Oyundan sonra baxdım və əl var idi. Ancaq VAR olmadığı üçün qərar dəyişmədi. 

 

- Fərqli sistemdə oynadınız. Razı qaldınız? 

- Yaxşı oynadıq, şanslar yaratdıq, ritmi qoruduq. Komandamdan razı qaldım. Yalnız son 10 dəqiqə çaşqınlıq oldu.

 

- Qapıçılarla bağlı nə fikirləşirsiniz? 

- İkisi də yaxşı və səhvsiz oynadı. Əvvəlcədən planlaşdırılmış dəyişiklik idi.

 

- Azərbaycan millisində bəyəndiyiniz oyunçular oldu?

- Mahir Emrelini demək istəyərəm. Onun II Bundesliqada oynaması təsadüf deyil. Yaxşı oyun keçirdi. Azərbaycan yığmasının digər oyunçuları da yaxşı çıxış etdi. Onların oyunundan razı qalmamaq düzgün olmaz.

 

- Azərbaycan millisində hansı dəyişikliklər nəzərə çarpdı?

- İlk oyunumuzda 3:1 hesablı qələbə qazansaq da, çətin olmuşdu. Bakıdakı oyunlar asan keçmir. Ola bilər ki, Azərbaycan millisi texniki cəhətdən geri qalsın, amma yaxşı təşkilatlanmış komandadır.

 

Nuh Tarverdiyev