"Turan Tovuz" bu gün yeni çempionatda ilk ev matçına çıxacaq. Bu görüş öncəsi ad gününü qeyd edən, 42 yaşı tamam olan komandanın baş məşqçisi Ayxan Abbasov Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

- 3 aylıq fasilədən sonra Tovuza qayıtdınız. Necə bir ab-hava var? Yəqin ki, Tovuz da doğma təmsilçisi üçün darıxıb...

- Əlbəttə, azarkeşlərimizin Bakıya da gələndə, ordakı oyunlarımızda da o sevgilərini, darıxdıqlarını görürdük. Bu gün stadionumuzda yeniliklər var. Həqiqətən azarkeşlər də bizi çox yaxşı qarşıladı. Demək olar ki, bütün məşqlərdə iştirak elədilər. Futbolçulara motivasiyalarını, sevgilərini daha çox göstərdilər. Əlbəttə, bunu hər zaman hiss edirik. Daha çox darıxdıqlarını gördük (gülür). 

- İndi qalır ilk ev matçında bunun qarşılığını nəticəylə verməyiniz...

- Əlbəttə, belədi. İnşallah, qismət. Məqsədimiz qələbəylə azarkeşlərimizi sevindirməkdi. 

- Rəqib "Səbail"di. Həmin "Səbail" ki, son dəfə Tovuzda qonaq bu komanda olub. Sadəcə, "Səbail"in heyəti demək olar büsbütün dəyişib...

- Əlbəttə ki, yaxşı komandadı "Səbail". Nəticələrinə baxmayaraq, "Neftçi"yə çox yaxşı oyun keçirdilər. "Zirə"yə  sonda buraxdıqları qolla uduzdular. Heyətində yaxşı, keyfiyyətli futbolçular var. Bu mövsüm iddialı komandalardandı. 

- Yeni legionerləriniz ilk dəfə Tovuzda oldular. Maraqlıdı, Türkiyəni, Bakını görəndən sonra rayonda özlərini necə hiss edirlər?

- Yox-yox, normal hiss edirlər. Həqiqətən burda bu isti münasibəti gördülər. Uşaqlar onlara Tovuz haqda danışırdılar, virtual məlumatlı idilər. Məncə, bu sarıdan heç bir böyük problemimiz yoxdu. Çünki məşqlər maraqlı keçdi. 

- Bu, nəylə bağlı idi?

- Çünki azarkelərlə dolu stadionda məşqlər oldu. Onlar qarşısında həm oynamaq, həm də məşq eləmək daha başqa hissdi. Normal.

- Ayxan Abasov keçən mövsüm də ad günü Tovuzda qeyd eləmişdi, yoxsa...?

- Açığı, keçən mövsümü xatırlamıram. Amma öyrəşmişik ad günlərini səfərdə, oyunda keçirməyi (gülür).

- Maraqlıdı, tovuzlular sizin üçün xüsusi gün olduğunu hiss elətdirdilər?

- Sağ olsun azarkeşlər, ad günümü stadionda təbrik elədilər. Onlara təşəkkürümü bildirirəm. Çox adam həm mesaj yazdı, həm də zəng elədi. Hamıya minnətdaram.

- Masarqlı, sürpriz bir hədiyyə, zəng oldumu?

- Hədiyyə elə maraqlı rəylər, təbriklər oldu. Bu. həqiqətən mənim üçün əsl hədiyyədi. Can sağlığı, futbolçularımın, komandamın uğurlarını görmək - bunlar hamısı hədiyyədi. 

- İndi qalır komandanız sizə ad günü hədiyyə eləsin. Bu da sözsüz ki, qələbədi. Hər halda, sizə ən yaxşı doğum günü hədiyyəsi Tovuzdakı ilk matçda qalibiyyət olar...

- İnşallah, qismət. Bilirəm ki, futbolçular əllindən gələni həmişə edirlər. Futboldu, hər şey ola bilər. Əsas odur ki, bu tempə, çempionatda sonadək bu marafona dözməliyik.

 

 

MEHMAN SÜLEYMANOV