Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanovun Sport24.az-a müsahibəsi.
- "Qarabağ"ın "Nyukas"la oyundan gözləntilərinizi bilmək istərdik...
- Azarkeş kimi istəyərik növbəti mərhələyə "Qarabağ" çıxsın. Futbol mütəxəssisi kimi baxsaq, bu, çox çətin görünür. Rəqib İngiltərə komandasıdır. Nəhəng klub olmasa da, kifayət qədər güclüdür. Ulduz oyunçuları yoxdur. Mübarizə apara, təzyiq yaradan komandadır.
- Rəqibin heyətindəki itkiləri komandamıza kömək ola bilərmi?
- Heyətdə itki olacaq, yerinə başqa biri oynayacaq. Onların yeri görünməyəcək. İngilis klublarında ehtiyat heyət də yaxşı olur. Düşünmürəm ki, bu rəqibə problem yaradacaq.
- "Nyukasl" qeyri-sabit çıxış edir. "Qarabağ" bu mərhələdə daha bir sensasiyaya imza ata bilər?
- Futbolda hər şey ola bilər. Nəzərə almaq lazımdır ki, rəqib İngiltərə Premyer Liqasında çıxış edən komandadır. Boş yerə dünyanın ən yaxşı çempionatı demirlər.
- Sizcə, qarşıdakı illərdə hansısa komandamızı bu mərhələlərdə görə bilərik?
- Nikbin fikirlər səsləndirməkdə çətinlik çəkirəm. Bunu uzun illər sonra "Qarabağ" bacardı. Qarşıdakı illərdə hansısa komandamızın ÇL-in pley-offuna çıxması real görünmür. Yəqin ki, çox vaxt aparacaq.
- Sizcə, "Qarabağ"ın Çempionlar Liqasına köklənməsi çempionatdakı oyunlarına çox təsir edir?
- Bəlkə edir, bəli. Qurban Qurbanov çempionat oyunlarında əsas heyəti oynada bilmir. Necə deyərlər, "ağır artileriya" çox vaxt 60-cı dəqiqədən sonra meydana çıxır. "Qarabağ" çempionatı da unutmur. Ağdamlıların əsas hədəflərindən biri liqada çempion olmaqdır.