Mövsüm sona yaxınlaşır və ən çox transfer məsələsi müzakirə olunan futbolçu heç şübhəsiz ki, Mahir Emrelidi. Axı, millimizin üzvü olan 24 yaşlı hücumçunun ilk növbədə "Qarabağ"la müqaviləsi bitir və Avropadan real təklifləri var. Bütün bunlarla bağlı qaranlıq məqamlara aydınlıq gətirmək üçün Mahirin agenti Tural Əsgərovla əlaqə saxladıq. O, Sport24.az-a müsahibəsinə müştərisiylə bağlı hazırkı mənzərəni təsvir etməklə başladı.
- Mahirlə maraqlanan klub çoxdu, bəzi təklifləri var. Amma hələ heç bir qərar verilməyib. Əslində, özlüyümüzdə hələ müəyyənləşdirməmişik ki, ikinci dərəcəli çempionatın aparıcı klubuna getmək yaxşıdı, yoxsa daha yaxşı çempionatda ortabab kluba. Bu kimi suallar ətrafında hələ seçimimiz yoxdu deyə yekun qərar verə bilmirik.
- Bu məsələdə tərəddüdünüz nəylə bağlıdı?
- Ən çətin sualdı, qalmışıq seçim qarşısında. Hərə bir fikir söyləyir. Bir tərəfdən deyirsən bu yaxşıdı, digər tərəfdən o biri. Bir tərəfdən deyirsən ki, "Qarabağ"ı dəyişirəmsə, heç olmasa adlı-sanlı kluba dəyişim. Ancaq bunlar da "Portu", "Benfika" olmayacaq. Onda ikinci dərəcəli çempionata getməkdənsə, yaxşı ölkəyə gedəsən, deyəsən, Azərbaycandan ciddi bir yerə yollandım. Bu kimi suallar açıq qalıb ki, buna bizim də cavabımız yoxdu. Necə yoxdu - bizi bir az çətinə salır. Fikirləşəndə ki, necə edək - burda çempionat yaxşıdı, orda klub. Təbii ki, bunlar şəxsən özümün yox, Mahirin fikirləridi.
- Bəs, Emrelinin müqaviləsi bitən "Qarabağ"da qalmaq məsələsi?
- Bunun olması çox cüzidi. Yəni bu dəqiqə üçün heç aktual deyil və buna görə "Qarabağ"la danışıqlar getmir.
- Yəni, Mahirin müqaviləsi bitir, sərbəst futbolçu olur və xaricdən real təklifləri olduğu halda, niyə qalasan...
- Bəli-bəli. Fikir birmənalı olaraq Avropadı. "Qarabağ"la fevralda danışığımız oldu, müqaviləni artırmaq istəyirdilər. Kluba dedik ki, Mahir Avropaya gedir. İşdi, birdən alınmasa, o zaman mövsümün sonunda qayıdarıq bu söhbətə. Amma alınmamaq ehtimalı da inşallah, çox azdı. Bilmirəm, nə, necə baş verə bilər ki, Avropaya alınmasın getməyi, "Qarabağ"da qalsın.
- Mətbuatda hətta belə rəqəm yazılıb ki, klubundan Mahiri saxlamaq üçün yeni müqaviləylə 500 min təklif olunur...
- Düzü, onu oxumamışam. Amma oxusam belə, məbləğ söhbətlərini edə bilməyəcəm. Bir dəfə olub, fevralda danışmaq istədik, ancaq onda məsələni saxladıq. Bundan sonra heç rəsmi təklif olmayıb. Dedik ki, klubuyla yeni müqaviləni müzakirə etmirik. Bu dəqiqə "Qarabağ"ın böyük məbləğ təklif göndərməyinə də imkanı yoxdu. Mahir doğrudan Avropaya getmək istəyir.
- Eləsə Avropanı incələyək. Ciddi maraqlananlar, rəsmi təklif göndərənlər hansı klublardı? Ən son "Legiya" variantı yazılır Polşa mətbuatında, ən çox da bu ölkənin adı çəkilir futbolçumuza maraq göstərən kimi...
- Belçikadan da təklifi var, Polşadan da, Portuqaliyadan da, başqa yerlərdən də. Ancaq konkret ad çəkə bilməyəcəm. Hansına "yox" demişik, hansıyla bu dəqiqə danışırıq, hansına daha yaxşı şərtlərlə təklif göndəririk, onları da söyləyə bilməyəcəm. Bir sözlə, klub adı göstərə bilməyəcəm Ancaq ortada ən azı 4-5 klub var ki, hazırda danışıqlar aparırıq.
- Məsələyə nə vaxt son nöqtəni qoymağı düşünürsünüz?
- Fikirləşirdik, imkan daxilində tez istəyirdik bitirək. Ancaq istər-istəməz uzanır məsələ. Buna daha çox biz səbəb olmuruq. Klublar özləri də indilərdə başlayır yeni mövsümün transfer çalışmalarına. Ciddi futbol ölkələrində ümidimiz ortabablardı. Görürəm ki, Top klublardan ciddi maraq yoxdu. Ortabablardan isə bəzilərində avrokuboklara, bəzilərinin isə aşağıya düşüb-düşməmək söhbəti olduğuna görə bunlar belə uzanır. İkinci dərəcəli ölkələrdə klub çempion ola, Avropaya düşə bilər, yaxud əksinə aşağıya yollana - bu kimi suallar var. Onların da planı uzanır deyə istədiyimiz kimi alınmadı. Uzandı söhbət, ancaq yenə də fikirləşirik ki, mövsümün sonunadək yekunlaşdıraq məsələni. Kiminləsə danışırsan, istiləşirsən, artıq razılıq vermək məsələsi gələndə, birdən başqa yerdən bir şey çıxdı, fikir yayınıqlığı olur. İstənilən halda, ən qısa zamanda bitirmək istəyirik. Ancaq elə məsələlər çıxır ortaya ki, nəticədə uzanır məsələ istər-istəməz.
- Mayın sonuna kimi böyük ölçüdə ayıdnlıq gələ biləmi ki, Mahir hansı xarici kluba keçir?
- Bizdən olsa, hətta bu ayın ilk 10-15 günündə bitirmək istəyirik.
- Avropa klubları Emreliyə uzunmüdətli müqavilə təklif edərlər, yoxsa belə deyil?
- Sərbəst futbolçu olduğuna görə Mahirə görə transfer pulu ödəməyəcəklər. Buna görə o klublara imkan veririk ki, az müddət də təklif eləsinlər. Amma yəqin, 2-3 illik olacaq. Biz də daha uzun müddət - 4-5 il istəmirik. Klubdan kluba fərq var. Təklif göndərənlərdən 3 il də istəyən var, 4 il də. Rəsmi müqavilələrin hamısı iyunun 30-da bitməlidi. Amma bu müddətdə nəinki ilkin razılıq əldə edə, rəsmi müqavilə də imzalaya bilərik. Sadəcə, bunun qüvvəyə minməsi tarixi iyulun 1-dən olacaq.
MEHMAN SÜLEYMANOV