Azərbaycan millisininn futbolçusu Mahir Emrelinin Almaniyanın "Kayzerslautern" klubunda işləri elə də yaxşı getmir. Sport24.az-a hücumçu ilə bağlı yeni məlumatlar daxil olub.
Belə ki, DÇ-2026-nın ilk seçmə mərhələsinin matçları üçün yığmanın düşərgəsinə yollanan forvardın həmin vaxt yüngül də olsa, zədəsi olub. Buna baxmayaraq Emreli İslandiyaya uduzduqları (0:5) və Ukrayna ilə heç-heçə etdikləri (1:1) qarşılaşmada meydana çıxıb.
Böyük ehtimalla, bu, II Bundesliqa təmsilçisinin baş məşqçisi Torsten Liberknextin xoşuna gəlməyib. Məhz bu səbəbdən azərbaycanlı oyunçu mütəxəssisin qəzəbinə "tuş" gəlib və növbəti matçlar üçün ona heç bir şans verilməyib.
Emrelinin adı yığmadan qayıdandan sonra son dörd qarşılaşmanın iştirak ərizəsinə belə salınmayıb.
Qeyd edək ki, Mahir Emreli yayda "Nürnberq"dən "Kayzerslautern"a keçib.