"İmarət" fan-klubunun bəzi üzvləri ilə münasibətim var. Onlardan biri də Məhəmmədəli idi". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasının XIV turunun "Sabah"la oyununda (2:1) vurduğu qolu "İmarət" fan-klubunun Vətən müharibəsində şəhid olmuş üzvü Məhəmmədəli İbrahimliyə həsr etməsi barədə danışarkən deyib.

24 yaşlı hücumçu bildirib ki, Ağdam təmsilçisinin bütün azarkeşləri bu komandanın bir parçası olduğu üçün bu addımı atıb: "Məhəmmədəli şəhid olandan sonra belə bir planımız var idi. Çünki azarkeşlər də bu klubun bir parçasıdır. Klub rəhbərliyi də şəhidin ailəsi ilə maraqlandı, səhv etmirəmsə, yas mərasimində iştirak etdi. Biz də futbolçular olaraq, bu cür jest etmək istədik. Əslində həmin futbolkanı hazırlatdırıb, ehtiyat oyunçular skamyasına qoymuşdum ki, qol vursam, göstərim. Yəqin Rahil Məmmədovun xəbəri olmayıb. Bilsəydi, bəlkə də vurulan ilk qoldan sonra həmin jesti özü edərdi".

Qeyd edək ki, "Sabah"la matçın 72-ci dəqiqəsində "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində şəhid Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirib (report.az).