Misli Premyer Liqasının XIX turunun "Sumqayıt" – "Zirə" oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Baxımlı oyunun şahidi olduq. İkinci hissədə daha üstün oynadıq. Fasiləyə bir top üstünlüyü ilə getdik. İkinci hissədə də yaxşı oynadıq. Rəqibin sonlara yaxın təhlükəli epizodları da oldu. Vacib qələbə qazandıq. Futbolçuları göstərdikləri oyuna görə təşəkkür edirəm.
– Fasilədə futbolçularla nə danışdınız?
– Fasilədə onu danışdıq ki, ikinci hissəyə fəal başlayaq. Kubok oyununda iki fərqli hissə olmuşdu. Bilirdik ki, "Sumqayıt"ın hücum gücü yaxşıdır. İkinci hissənin ilk dəqiqəli bizim üçün çətin keçdi. Buraxdığımız qol xeyrimizə oldu. Bundan sonra daha fəal oynadıq. Kombinasiyalarımız olurdu, amma qol vura bilmirdik. İstədiyimiz qol 89-da gəldi.
– Uzun müddət idi qələbə qazana bilmirdiniz. Bu gün seriyanı bitirdiz. Qələbə üçün xarakter lazımdır, ya ustalıq?
– Qələbə üçün bütün komponentlərdə yaxşı olmalısan, ən yaxşısını etməlisən. İstər bu gün, istərsə də kubok oyununda, yaxşı oynamışdıq, futbolçulardan razı qalmışdım. Bu gün də çətin olacağını bilirdik. Nə qədər belə oyunlar olsa, çempionatımız daha maraqlı olar.
– Bu oyundan sonra kubokda şansları necə dəyərləndirirsiniz?
– Kubokda hər şey 0-dan olacaq. "Sumqayıt"ın gücünü bilirik və nədəsə üstün olduğumuzu demək olmur. Çalışacağıq ki, oyuna qədər zədəlilərimiz tam sağalsın. Hər itki komandaya təsir edir. Məsələn, bu gün "Sumqayıt"ın da itkiləri var idi. Onlar da olsaydı, bizə daha çətin olardı.
– "Neftçi" ilə matçdan sonra bildirmişdiz ki, mövsümün ikinci hissəsi çətin olacaq. Bu çətinliyə qarşı hansısa ehtiyat variant hazırlamısız?
– Komandamızın müəyyən strategiyası var. Fərqli oyunçularla da komandanı gücləndirmək istərdik. Amma əlimizdə olan futbolçulardan razıyam. Bəzən zamana ehtiyac olur ki, potensiallarını açsınlar. Çalışırıq ki, imkanlarımızın ən yaxşısını edək.
– Transfer dönəmini bağlamısınız? Bu heyət kifayət edəcək avrokuboklara vəsiqə üçün?
– Ən yaxşı variantımız futbolçularımızın ideal formada olmasıdır. Zədələrin, itkilərin azlığıdır. Bəlkə, alınsa, bir futbolçu ilə güclənərik. Xəbər olmadı. Maksimum bir transfer ola bilər. İndiki məqamda ən yaxşı silahımız futbolçuların yaxşı formada olmasıdır.
– Mövqesi nədir?
– Hücumda oynayır. Həm vinger, həm hücumçu kimi.