2022-ci ilin iyulunda “Neftçi” Futbol Akademiyasına yeni təyinat oldu. Belə ki, türkiyəli Cemal Bülbül akademiyanın texniki direktoru vəzifəsinə gətirildi. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlandı.

“Karşıyaka” (2009-2010) və “Vestel Manisa” (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Bülbül “Altınordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib. 2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malik olan Bülbüllə söhbətləşərək həm arxada qalan dövrə nəzər saldıq. həm də gələcək perspektivi dəyərləndirdik.

- "Neftçi"yə gəlişinizdən sonra hansı dəyişiklər həyata keçirilib? Nəzərə çarpan ilk addım akademiya komandalarının xarici turnirlərdə iştirak etməsidir...

- Onu qeyd edim ki, iyul ayında "Neftçi"yə gəldim. İlk olaraq məşqçilərlə görüşüb, onlarla tanış oldum. Hansı sistemlə işlədiklərini öyrəndim. Burada arxivin, məlumat bazasının yenidən qurulması ilə bağlı iş gördük. Məşqçilərlə bərabər futbolçuların təməl, fiziki və taktiki göstəricilərdən ibarət məlumat bazasının yaradılması ilə bağlı işlər gördük. Bundan başqa məşqçilərlə keçirdiyimiz iclaslarda bu arxiv sənədlərinə əsasən, hansı futbolçunun "Neftçi"yə uyğun olub-olmamağını müəyyənləşdiririk. Yəni artıq bu işlər gözlə gördüyümüzə əsasən deyil, rəsmi sənədlərə əsasən görülür. Oyunlarla bağlı hər həftə məşqçilərlə birgə oyunların analizini həyata keçiririk. Nəticədə həm rəsmi baza sənədləri, həm də analizlərə əsasən, işimizi daha peşəkar görürük. Və bununla da səhvləri minimuma endirməyə çalışırıq. Əlbəttə, səhvlər olur. Ancaq biri var bunu yalnız gözlə görəsən, biri də var rəsmi sənədlərə arxalanasan.

- İstənilən halda məqsəd oyunçu yetişdirməkdir...

- Burada məqsədimiz A komandasına oyunçu yetişdirməkdir. Bu istiqamətdə ən böyük istəklərimizdən biri tək ölkə daxilində deyil, həm də Avropa və Türkiyədə özümüzü yoxlamaqdır. Məqsəd burada gördüyümüz işi xarici turnirlərdə dəyərləndirməkdir. İtaliya, Almaniya və Türkiyədə turnirlərdə iştirak etdik. Qarşıda bizi yenidən Türkiyənin İzmir şəhərində "Altınordu" tərəfindən təşkil ediləcək beynəlxalq turnir gözləyir. Artıq həmin turnirdə iştirakımız təsdiqlənib. Bundan başqa fevral ayında Madridə səyahətim ola bilər. "Atletiko" ilə əlaqədəyik və orada turnirdə iştirakımızla bağlı danışıqlar olacaq. Bu məqsədlə müzakirələr davam edir. Sözügedən turnir iyun ayında olacaq. Almaniyadan iki komandamızı turnirə dəvət edirlər. Məqsədimiz özümüzü beynəlxalq arenada dəyərləndirməkdir. Gördüyümüz işlərin nə dərəcədə doğru olduğunu bu cür turnirlərdə görmək olar. Avropa klublarına çatmaq üçün nə etməliyik, hansı işləri görməliyiksə, məşqçi və futbolçu heyəti olaraq üzərimizdə işləyirik. Mümkün qədər ölkə xaricində turnirlərdə iştirak etməyə çalışırıq. Həmçinin xarici klubları dəvət etmək istəyirik.

- Təbii ki, etiraf etmək lazımdır ki, akademiyada hər bir iş yüksək səviyyədə deyil. Yəni çatışmazlıqlar da var...

- Ən böyük problemlərdən biri valideynlərlə bağlıdır. Valideynlər çox səbrsizdilər və övladlarının qısa zaman ərzində böyük futbolçu olmasını istəyirlər. Akademiya işi uzun müddətli bir fəaliyyət dövrüdür. Hər hansı bir uşaqdan uğur gözləyiriksə, bu müddət ərzində səbrli davranmaq və gözləmək lazımdır. Təbii ki, sehrli çubuğumuz olsa və həmin çubuğu uşağa toxundurub böyük futbolçu etsək və A komandaya versək... Amma bu mümkün deyil. Bu səbəbdən də bir daha qeyd etmək istəyirəm ki, valideynlər səbrli davranmalıdırlar. Hansısa bir oyunda uşaq oynamadığı zaman valideynlər inciyir, uşağı akademiyadan çıxarmaq istəyirlər. Ancaq nəzərə almaq lazımdır ki, bizim üçün yalnız həmin oyun deyil, il ərzində o uşağın məşqləri daha önəmlidir. Bizim proqramımız var və buna əsasən məşqlər keçirilir. Yəni uşağın oyunda 3-5 qol vurmağı önəmli deyil. Əsas olan o uşağın bir daha bildirim ki, il ərzində məşqlərdə iştirakı, inkişafı və artırmasıdır. Bizim məqsədimiz futbolçunun üst yaş qrupuna keçdiyi zaman hansı amillərdə üstün və ya geri olmasını aşkarlamaq, onu düzəltmək və peşəkar futbolçu yetişdirməkdir. Çalışırıq ki, bütün çatışmayan cəhətləri minimuma endirək. Bizim üçün komandaların çempionatdakı nəticələri önəmli deyil.

- Yalnız akademiyanın 19 yaşlılardan ibarət komandası...

- Bəli. Yalnız bu yaş qrupunda nəticəyə önəm veririk. Çünki bu çempionatda qalib olan komanda UEFA Gənclər Liqasına yollanır və biz də Avropada çıxış etmək istəyirik. Sırf bu səbəbdən U-19 komandamızda nəticəni hədəfləyirik.

- Sizcə, "Neftçi" Futbol Akademiyası Azərbaycanda neçənci sıradadır?

- Fikrimcə ilk sıradadır. Niyə? Çünki akademiya üçün ən önəmli olan təsislərdir və Neftçi Futbol Akademiyasının da böyük bazası var. Bundan əlavə akademiya binasının da tikintisi davam edir. Bu binanın da inşası başa çatdıqdan sonra hər şey mükəmməl olacağını düşünürük. İkinci məsələ isə məşqçidir. Biz bu akademiyada uşaq yetişdiririk. Koordinatorumuz Elşad Əhmədovun da iştirakı ilə hər həftə məşqçilərlə iclas keçiririk. Meydança daxilində və meydançadan kənarda necə mükəmməl ola bilərik? Bu mövzuda müzakirələrimiz gedir və işləri də bu istiqamətdə aparırıq. Özümüzü inkişaf etdirmək üçün çalışırıq. Bu məşqçilərə də aiddir. Niyə bir nömrəyik? "Neftçi"yə uyğun məşqçilərlə işləyirik, bazamız ən yüksək səviyyədədir. Üstəgəl "Neftçi" ən köklü klubdur. Kimlə danışıramsa, hamısı "Neftçi"də oynamaq istəyir. Bir daha qeyd edim ki, bizim əsas məqsədimiz uşaq yetişdirməkdir.

 

 

KAMAL RZA