"Transferə çıxarılan futbolçularla qarşılıqlı razılıqla yolları ayırmağımızda hələ son nöqtə qoyulmayıb. Çalışacağıq ki, bunu yaxın vaxtda həll edək. Müqavilələri var, istənilən halda tələb edə bilərlər ki, sonadək qalıb pulumuzu alaq. Mən də çalışacam ki, məsələni razılıqlı şəkildə yoluna qoyum". Bu fikirləri Sport24.az-a açıqlamasında "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri deyib. 

Məlumdu ki, gəncəlilərin baş məşqçisi Tərlan Əhmədov qış fasiləsində 7 futbolçunun ona lazım olmamasıyla bağlı rəhbərliyi məlumatlandırdı. Bunlardan artıq 4-ü ilə yollar ayrılıb. Onlar ölkəmizi yenidən tərk edən iranlı müdafiəçi Peyman Keşavarz, "Şamaxı"ya keçən sabiq kapitan Əli Səmədov və son olaraq təcrübəli futbolçular Əfran İsmayılovla Rauf Əliyevdi. Kamran İbrahimov, Elvin Yunuszadə və gürcü legioner Mixeli Eqrelidze hələ də "Kəpəz"li olaraq qalırlar. Nadiri onların klubdakı maddi vəziyyəti başa düşərək dəstək olacaqlarına inanır: "İstənilən halda, klubu maddi yükdən azad etməliyik. Yeni qoşulan futbolçular var, çempionat davam edir, heyətdəki boşluğu doldurlmalı idik. Komandaya yeni oyunçular cəlb etməklə rəqabəti formalaşdırmaq lazımdı".

Bəs, göndərilən futbolçular dirənib müqaviləni pozmağa razı verməsələr, qış fasiləsində 5 transfer edən "Kəpəz" bu maddi yükün altından çıxa biləcəkmi? Klub rəhbərini dinləyək: "Təbii ki, məsuliyyətin hamısı birbaşa klubun və bizim ixtiyarımızdadı. Biz də bunu bilirik, başa düşürük və çalışacağıq ki, yoluna qoyaq. Maddi yük, maddi problemlər, maddi çatışmazlıqlar birbaşa üzərimizə düşür. Dövlət tərəfindən ayrılan bir maddi vəsait var ki, onun hüdudlarıdan kənara çıxa bilmərik. Hamıya da məlumdu ki, klubun sponsoru yoxdu, hər hansı iş adamımı, yerli biznesmenmi, bir şirkətmi deyim, "Kəpəz"ə kömək etmir. Belə olan halda, büdcədən əlavə artıq çıxan 1 manatın belə məsuliyyəti klub rəhbərliyi olaraq üzərimizdədi. Bunu hamıdan daha çox mən başa düşürəm. Hamıdan daha çox mən maraqlıyam ki, bu problemləri həll edim. Sadəcə, mətbuatda bəzi şeyləri deyib bu prosesə əngəl olmaq istəmirəm. İdman direktorumuz Mehman Allahverdiyev dekabrdan bu yana futbolçularla danışıqlar aparır. Deyək ki, məsələ müsbət yöndə tam həll olunub, yox. Səmimi desəm, onların yerinə kim olsa, müqaviləni pozmaz. Çalışacam ki, şəxsi münasibətlərimdən, əlaqələrimdən istifadə edərək problemi yoluna qoyum".

Nadiri təcrübəli oyunçuların əvəzedicilərdə çıxış etməsində bir futbolçu kimi maraqlı olmadıqlarını da gizlətməyib: "Bu gün fikrimiz "dubl"da əsasən gəncləri, yerli uşaqları oynatmaqdı. Məqsəd budu ki, əsas heyətdə yer ala, şans tapa bilməyən gənc futbolçular özlərini orda hazırlasınlar. Əvəzedicilərdə təcrübəli futbolçulardan istifadə etmək əvəzinə gənclərdən istifadə etsək, daha məqsədəuyğun olar".

Klub rəhbərinin sözlərinə görə, hazırda öz ölkəsində olan Mixeli ilə razılığın növbəti həftə əldə olunacağı gözlənilir: "O da razılaşmırdı, getmək istəmirdi, müqaviləsinə görə pulunu sonadək istəyirdi. Onunla da danışıqlar ağır getdi, bir neçə dostların köməyindən istifadə olundu. Klub tərəfindən futbolçunu da başa düşmək olar. Hardasa incik qalmışdı, oynamaq şansı tam ala, meydanda istənilən vaxt qazana bilməmişdi. Uzun danışıqlardan sonra müəyyən razılığa gəlməyə yaxınıq. Elə başa düşürəm ki, gürcünün məsələsi növbəti həftə artıq yekunlaşacaq. Qalır yerli futbolçular ki, yəqin, onlarla da ortaq dil taparıq. Hər şey maddiyyatla bağlıdı. Futbolçuların hamısının maddi tələbləri var. Biz də bunu qarşılaya bilmirik və ona görə məsələ bu qədər uzanıb".

Həmsöhbətimiz gənc qapıçı olan Kamranın yeni kluba keçəcəyini gözləyir: "Ola bilər ki, özünə klub tapsın. İbrahimovun meneceriylə danışıq olub bu səpkidə. "Transfer pəncərəsi" hələ açıqdı. Sadəcə, bir az vaxt lazımdı ki, nəyin necə getdiyini görək".

Xatırladaq ki, qış "transfer pəncərəsi" fevralın 9-da bağlanacaq. 

 

 

MEHMAN SÜLEYMANOV