"Kəpəz". Elitada olmayanda ən çox heyfslənən bölgənin təmsilçisi olmaqla yanaşı, Premyer Liqaya çıxar-çıxmaz qalmaqallar məngənəsinə çevrilməyi bacaran ölkəmizin yeganə klubu. Gəncə təmsilçisinin ətrafında yenidən söz-söhbətlər səngimək bilmir. Hələlik mövzu baş məşqçidi. Növbəti mövsüm "Nizami yurdu"nun komandasının "Niyazi"si kim olacaq?
Bu suala cavab axtarmazdan əvvəl müqaviləsi 2 gündən sonra başa çatacaq Tərlan Əhmədovun işinə qiymət vermək gərəkdi.
Komandanı qəbul etməsi belə, ağır görünən mütəxəssis hansı yükün altına girməsinin fərqində idi. Təcrübəli mütəxəssis ən qısa zamanda dəyişikliklərə nail olacağına dair verdiyi vədə əməl etməklə ilk virtual xalını qazandı. Çox keçmədi, komandanın tək oyunu yaxşılaşmadı, xallar da gəlməyə başladı. Və bundan sonra o, şəraitsizlikdən danışmağa start verdi.
Bu materialda zaman-zaman yaranan sualları səsləndirəcəyik.
1) Məgər Əhmədov vəziyyətin bu cür olmasından xəbərsiz idi?
Bir müddət sonra klubun rəhbər şəxsi İlqar Nadiri ilə də mətbuat vasitəsi ilə (!) qarşılıqlı narazılıqlar səslənməyə başladı. İnsafən, Nadiri uzun müddət "fil təmkini" nümayiş etdirmişdi. Unudulmayacaq şikayətlərdən biri klubda tərcüməçinin olmaması idi. Doğrudan da qüsurdu, bizə görə kifayət qədər böyük qüsur.
2) Maraqlıdı, klub rəhbərliyi müqavilə imzalanana qədər Əhmədovu aldadırdı ki, tərcüməçimiz var?
Qarşılıqlı narazılıqlar o həddə çatdı ki, Tərlan bəy "bu komandanı Premyer Liqada saxlayıb, gedəcəm" kimi ağır cümlə işlətdi. Bunu kiminsə qulağına pıçıldamadı ha, mətbuat konfransında dedi. Yəni deməsi ilə dediklərinin ictimaiyyətə yayılması arasında heç 10 dəqiqə fərq olmadı.
...Çempionatın 34-cü turunda "Qarabağ" "Səbail"i 3:0 məğlub etməklə "Kəpəz"in Premyer Liqada qalmasını rəsmiləşdirdi. Çünki Gəncə təmsilçisi ya "Şamaxı", ya da "Səbail" üçün əlçatmaz oldu. Adıçəkilən bu iki komanda arasında baş tutacaq görüş nəql etdiyimiz situasiyanı şərtləndirirdi. Bəli, ağdamlılar "Səbail"i "Kəpəz"in həmin turda "Zirə" ilə xalları yarı bölməsindən 1 gün sonra məğlub etmişdi. Düşünmək olardı ki, klubun rəsmi Facebook səhifəsi və ya saytında tezliklə baş məşqçinin istefa verməsi barədə məlumat yayılacaq. Lakin baş məşqçi sözünə xilaf çıxdı. Açığı, onun istefa ilə bağlı rəhbərliyə müraciət etdiyini, ancaq qəbul edilməməsi də real görünmür. Çünki çalışdırıcı bunu etmiş olsaydı, artıq növbəti turdakı görüşdən sonra baş tutan mətbuat konfransında israrla istefa vermək istəyini, lakin rəhbərliyin yalvar-yapışla onu saxlaması müjdəsini verərdi.
3) İstefa verməyəcəkdinsə, belə alovlu çıxış nəyə/kimə lazım idi, nəyə/kimə hesablanmışdı?
Mövsümün finiş xətti əl uzadılan məsafədə olan bir vaxtda Əhmədovdan daha bir mesaj gəldi. Qısa məzmunu belə idi ki, büdcə artırılmasa, Gəncədə qalmayacam. İddialı açıqlama idi, hətta deyərdik ki, cəsarətli və təqdirəlayiq. Həmin vaxt "Kəpəz" rəsmilərindən heç tükünü tərpənən də olmadı. Və yalnız bundan sonra növbəti, daha loyal açıqlama gəldi Əhmədovdan. Ki, indiki şərtlərlə də işləməyə hazıram.
Görünən budu ki, olduqca istedadlı mütəxəssis kimi tanınan Tərlan müəllimə nitq üzrə güclü bir köməkçi lazımdı. Ki, deyəcəyi cümlələrin hər birini gömrükdən, sərhəddən keçirsin və yalnız bundan sonra işlədilməsinə izn versin.
4) Bir halda ki, indiki şərtlər altında işləməyə razı idin, nəyə lazım idi media vasitəsi ilə tələblər toplusunu səsləndirmək?
İyunun əvvəlində "Kəpəz"in Müşahidə Şurası Əhmədovla "davam" yoxsa "tamam" sualına aydınlıq gətirməlidir. Əgər növbəti mövsüm üçün də bu işbirliyi davam edəcəksə, İlqar Nadiri özü dərhal tutduğu postla vudalaşmalıdı. Niyə? Çünki "başına gələn başmaqçı olar". Arxada qoyduğumuz mövsüm futbol təsərrüfatında təcrübəsi olmayan Nadiri üçün yaxşı dərs olmalıdı. Əgər gördüklərinin 2-ci seriyasını yaşamaq istəmirsə, Müşahidə Şurasının üzvlərinə adekvat qərar verməyi tövsiyə etməlidi. Sözü eşidilməsə, özü istefa verməlidi. Ancaq klub idarəçiləri peşəkardılarsa, ikinci dəfə eyni "dedi-qodu bataqlığı"na girəcəkləri inandırıcı görünmür.
Nəhayət, çatdıq yazının əvvəlində qaldırdığımız məsələyə: "Nizami yurdu"nun yeni Niyazisi" kim olmalıdı?
Artıq 2 namizədin varlığı barədə informasiya əldə etmişik. Bunlardan biri Afrandil Hacıyevdi. Bir ildi Premyer Liqadan kənar qalan mütəxəssis "Kəpəz"ə hansı dərəcədə fayda verə bilər? Bu suala cavab axtarmağa tələsməyək. Təyin olacağı təqdirdə, baş sındırmağa dəyər. Ən maraqlısı ikinci namizəddi. Söhbət son mövsümün "tapıntı"sı Vüqar Əsgərlidən gedir. Təsəvvür edirik, gəncəli fanatlar bu adı oxuyanda hansı hissləri keçirir. Lakin bax, belə bir gülməli namizəd də "Kəpəz" rəhbərliyinə təklif olunub. Premyer Liqanı tərk edən komandanın, dolayısı ilə cari mövsüm ölkənin ən zəif komandasının baş məşqçisi indi "Kəpəz"ə təklif olunur. Bərəkallah, menecerinə...
Ancaq heş kimə sirr deyil ki, Gəncədə işləmək çox çətindi. Hamıyla dil tapmaq, eyni zamanda nəticənin də bərbad olmaması şərtdir. Bu vəziyyətdə ilk ağlagələn namizəd Mahmud Qurbanovdu. Gəncə futbolunun yetirməsidir, gəncəlidi, Premyer Liqa təcrübəsinə sahibdi. Orasını deyə bilmərik ki, namizədlər sırasında "professor"un adı var yoxsa yox. Ancaq bütün hallarda, "Kəpəz"ə "Kəpəz" "şinel"indən çıxmış mütəxəssis lazımdı. Bu obrazda Şahin Diniyevin də adını çəkmək olar. Lakin təcrübəli mütəxəssis "Kəpəz"dəki vəziyyətdə işləməkdən imtina etmişdi. Üstəlik, o, hazırda "Səbail"in "sükanı arxası"ndadı.
Beləcə, çatdıq yazının sonuna. "Kəpəz" azarkeşinin, camiəsinin, rəhbərliyinin doğma sayacağı şəxs tapılmalıdır. Bax, onda Gəncə təmsilçisi vahid və işlək mexanizmə çevrilə bilər.
Sport24.az-ın Monitorinq mərkəzi