Kəpəz" problemlər səngimir. Sport24.az-ın əldə etdiyi məlumata görə, son turlardakı uğursuz nəticələrdən sonra baş məşqçi Azər Bağırovla klub rəhbərliyi arasındakı münasibətlər daha da korlanıb və bu gərginlik artıq klub daxilində açıq şəkildə hiss olunur.

Məlumata əsasən, rəhbərliyə yaxın olan şəxslərdən biri yaranmış vəziyyətdən istifadə etməyə çalışır.

Həmin şəxs yeni mövsüm üçün Gəncə təmsilçisinin "sükanı arxasına" əcnəbi baş məşqçi gətirilməsi ideyasını irəli sürüb və bu istiqamətdə müəyyən təşəbbüslərin olduğu bildirilir.

Qeyd olunur ki, hazırda klub daxilində bu məsələ ilə bağlı fikir ayrılığı mövcuddur. Bir tərəf Azər Bağırovla davam etməyin tərəfdarıdır, digər tərəf isə nəticələri əsas gətirərək komandada yeni mərhələnin başlamasının vacib olduğunu düşünür.

Baş məşqçi ilə rəhbərlik arasında yaranan soyuqluğun futbolçulara da təsirsiz ötüşmədiyi, ümumi atmosferin əvvəlki kimi olmadığı vurğulanır. Mövsüm başa çatmamış klub ətrafında bu cür müzakirələrin getməsi isə "Kəpəz"də vəziyyətin heç də stabil olmadığını göstərir.

Qeyd edək ki, "Kəpəz" hazırda Misli Premyer Liqasında 21 xalla 10-cu pillədə qərarlaşıb.