"Karvan"dan ayrılan Bəhruz Teymurovun Sport24.az-a müsahibəsi

- Yevlax təmsilçisi ilə yollarını ayırmağına əsas səbəb nə oldu?
- İstədiyim pulu vermədilər. Mən də razılaşmadım.

- İstədiyin məbləğlə təklif edilən arasında fərq çox idi?
- Elə də çox deyildi. Klub mənə 2500 manat maaş təklif etdi. Mənim də I Liqada yaxşı variantlarım var idi. Yaxşı da pul təklif edirdilər. 2500 manatla razılaşmadım. Amma yanvardan sonra Premyer Liqaya vəsiqə olacağı təqdirdə maaşın artacağını söz vermişdilər. Həmin ay "Qəbələ" və "İmişli"dən mənə təklif gəlmişdi. Maliyyə də yaxşı idi. Sadəcə məni aldatdılar. Komanda Premyer Liqaya çıxanda isə 2500 təklif oldu. Mən də razılaşmadım. Baş məşqçinin (Red: Kənan Kərimov) də mənə güvənmədiyini hiss etdim. Başqa komandalardan təklif olanda ona da zəng etmişdilər. Mənə dedi ki, get I Liqada pulunu qazan. Mən də bu sözündən incidim. Ondan sonra münasibətlərimiz korlandı və razılığa gəlmədim.

- İndi necə təklifin varmı?
- Əlbəttə. Amma həmin klublar boş-boş vədlər verirlər. Gedirsən, köməklik edirsən, sonra səni göndərirlər. Hər şey Premyer Liqaya yüksələnə kimidir. Ondan sonra oyunçuları yola verirlər. Saxlamırlar. Təkliflərim çoxdur. Amma getmək istəmirəm.

- Bəs karyeranı harada davam etdirəcəksən?
- II Liqaya vəsiqə qazanan "Xankəndi" klubunda. Allah şahiddir ki, bu kluba pul qazanmaq üçün getməmişəm. Yalan söhbətdir. 10 ildən çoxdur ki, dostluq, qardaşlıq etdiyim şəxsin yanına gedirəm. Orada nə qədər qazanacağımı belə bilmirəm. Aramız pul söhbəti də olmayıb.

- "Karvan"ın Premyer Liqaya yüksəlməyində sənin də əməyin olub. Klub səninlə razılaşa bilməzdimi?
- Bütün Yevlax, futbol ictimaiyyəti bilir ki, Premyer Liqaya çıxmaq səbəbləri mən olmuşam. Komandaya əksər oyunçuları mən gətirmişəm. Bu vəziyyətə gəlib çıxmalarında əməyim böyükdür. Bunu Kənan müəllim, Zaur müəlllim çox yaxşı bilirlər. Bütün rəhbərlik və azarleşlər də bilir. Mən gəlməsəydim, komanda elitaya yüksələ bilməzdi. Amma haqqımı yedilər. Onlara haqqımı halal etmirəm. Mövsümün ikinci yarısında "Qəbələ"dən yaxşı təklifim var idi. Gedə bilərdim. Komandanı pis vəziyyətdə qoymadım. Premyer Liqaya çıxanda maaşın yüksələcəyini, hər şeyin yaxşı olacağını dedilər. I Liqada aldığım puldan cəmi 500 manat çox təklif etdilər. Mən də istəmədim.

- Baş məşqçi Kənan Kərimovla da münasibətlərin korlandığını dedin...
- Məni I Liqaya məsləhət gördü. Dedi ki, orada yaxşı pulunu qazan. "Şəfa" 4500 manat təklif edirdi. Deyirdi ki, onlara köməklik et. Yəqin ki, məni Premyer Liqada görmək istəmədiyi üçün belə deyirdi. Güvənmir. Yaxşı bir misal var: "Hər şey arxı keçənə kimidir". Ondan sonra hamı dəyişilir. Kənan da elə oldu. 100 faiz yox, 190 faiz dəyişdi. Ondan gözləmirdim. Bir yerli kimi arxamızda durmadı. Amma mən komandanın arxasında durmuşdum. Futboldur. Bu sahədə hər şey görmüşəm.

- "Xankəndi"də səncə, hədəflər nə olacaq?
- İnanıram ki, ilk hədəf I Liqa, sonra isə Premyer Liqaya iddia edə bilərik. O komandanın hədəfləri böyükdür. Bəzi saytlar yazırlar ki, pula görə getmişəm. Amma elə deyil. Allah şahiddir. Nə qədər maaş alacağımı heç bilmirəm. Sadəcə, hədəflərə çatmaq üçün onlara kömək edəcəyəm.