"Sabah"ın yeni transferi Kamran Məmmədov klubunun mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, 2 ildən sonra "Neftçi"dən Bakı təmsilçisinə qayıdan basketbolçu hədəflərini açıqlayıb.

 

- "Sabah"a qayıdacağınızı eşidəndə hansı hissləri keçirdiz?

- Çox sevinirdim. Çünki iki ildən sonra doğma yerə qayıdıram. Kluba mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Ümid edirəm ki, bunu doğruldacam.

 

- Komanda bu iki ildə necə dəyişib?

- "Sabah" bu iki ildə çox inkişaf edib. Düşünürəm ki, komanda basketbolda böyük iş görüb. İki ildə iki-üç pillə yüksəlib.

 

- Kluba keçdikdən sonra əsas motivasiyanız nədir?

- Əsas motivasiyam bu güclü komandada oynamağa layiq olduğumu sübut etməkdir.

 

- Son 2 ildə həm oyunçu, həm insan kimi nədə inkişaf etdiz?

- Məncə, həm oyunçu, həm də insan kimi əsas uğurum böyüməkdir. Daha çox təcrübə qazandım. Ümid edirəm ki, bu təcrübəni oynayacağımız səviyyədə tətbiq edə bilərəm.

 

- "Sabah"da reallaşdırmaq istədiyiniz məqsədləriniz varmı?

- Avropa və Azərbaycanda sübut etmək istəyirik ki, klubumuz Çempionlar Liqasında yaxşı oynaya bilər.

 

- Azarkeşlərə nə demək istərdiz?

- Etimadınıza görə təşəkkür edirəm. Sizi oyunlarda gözləyirik. Hamınızı görməyə şad olaram. Gəlin "Sabah"a azarkeşlik edin.