Vaxtilə Azərbaycan çempionatının ən rəngarəng komandalarından biri sayılan “Karvan” heç cür əvvəlki əzəmətini qaytara bilmir. Yevlax təmsilçisi ötən mövsüm AFFA Region Liqasında çıxış etmiş, pley-off mərhələsinə qədər irəliləyə bilmişdi.

Ancaq apreldə “Ağsu Siti” ilə pley-off oyunlarından sonra baş məşqçi Kənan Kərimov komandanın dağıldığını elan etmişdi. Buna səbəb isə maliyyə durumu idi.

Sport24.az saytının məlumatına görə, Region Liqasında yeni mövsüm start götürməmiş “Karvan” fəaliyyətini yenidən bərpa edib. Yevlax klubu 2022/23 mövsümündə də Region Liqasında iştirak edəcək və baş məşqçisi yenə Kənan Kərimov olacaq.

Komandanın iddiası maliyyə dayağından asılı olacaq. Yevlaxlıların çempionluğa oynaması və növbəti mövsümdə I Divizionda mübarizə aparması üçün bir neçə iş adamı ilə danışıqlar aparılır.