İslandiya yığması artıq Bakıya gəlib. Komanda noyabrda 13-də gələn il keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində millimizlə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, baş məşqçinin köməkçisi David Snorri Younsson "Fotbolti.net"ə açıqlamada bildirib ki, bu oyun rəhbərlik və futbolçular tərəfindən pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə əsas qarşılaşma kimi dəyərləndirilir.
Younsson vurğulayıb ki, Bakıya çatdıqdan sonrakı ilk gün bərpa prosesinə həsr olunub, çünki futbolçular müxtəlif marşrutlarla və fərqli yüklənmə ilə gəliblər. Komandanın tam şəkildə məşqlərə başlaması adaptasiya dövründən sonra nəzərdə tutulub və bütün hazırlıq prosesi məhz Bakıda keçiriləcək oyuna istiqamətlənib.
İslandiyalı mütəxəssis Azərbaycanın paytaxtı və yaradılan şəraitlə bağlı təəssüratlarını da bölüşüb:
"Bakı, həqiqətən, çox gözəl şəhərdir, burada xüsusi atmosfer hiss olunur. Bizim üçün yaxşı şərait yaradılıb, mühüm oyuna sakit şəkildə hazırlaşmaq üçün hər cür imkan mövcuddur. Komanda səfərdə özünü rahat hiss edir və bu da diqqəti futbola yönəltməyə kömək edir".
O əlavə edib ki, futbolçuların əksəriyyəti klub oyunlarından sonra yaxşı formada toplanıblar. Yalnız bir futbolçuda yüngül zədə problemi var. Ümumilikdə komanda həlledici oyuna tam hazırdır.
İdman tərəfinə toxunan baş məşqçi köməkçisi xatırladıb ki, İslandiya bu oyuna Azərbaycanla əvvəlki matçda (5:0) əldə olunan nəticələrdən çıxarılan nəticələr əsasında hazırlaşır:
"Hər qarşılaşmada nəyisə təkmilləşdirməyə çalışırıq. Azərbaycanla oyunda artıq bəzi cavabları almışdıq, indi isə yeni detalları əlavə edir və öz taktiki həllərimizi hazırlayırıq", – deyə Younsson bildirib.
Mütəxəssis həmçinin komanda daxilində yüksək rəqabət və futbolçular arasında güclü etimadın qorunduğunu vurğulayıb:
"Bizim heyət dərin və balanslıdır, komandada güclü nüvə formalaşıb. Ən böyük ölkə olmasaq da, yaxşı futbolçularımız var və geniş düşünürük. Qarşımızda aydın məqsəd durur və Bakıdakı oyun bu yolun vacib hissəsidir", – deyə islandiyalı məşqçi yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan və İslandiya yığmaları arasında qarşılaşma cümə axşamı keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.