"Neftçi" mənim üçün doğma klubdur, uzun illər bu komandanın kapitanı olmuşam. Çox istərdim ki, mənə əziz olan komanda turnir cədvəlinin yuxarı pilləsində qərarlaşsın". Bu sözləri Sport24.az-a açıqlamasında Regional Futbol Federasiyalıarı İctimai Biriliyinin prezidenti İsgəndər Cavadov deyib.
Veteran futbolçu "Neftçi"nin hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb:
"Neftçi"nin iddialı olması həm ölkə futbolunun inkişafına xeyirdir. Ölkənin ən köklü klubu ortabablar arasında yer almamalı, hər il avrokuboklarda mübarizə aparmalıdır. Çox istərdim ki, bu komanda çempionluq uğrunda mübarizədə "Qarabağ"a rəqib olsun. Növbəti turda bizi maraqlı derbi gözləyir. Son turlarda yaxşı təsir bağışlayan "Neftçi" "Qarabağ"la üz-üzə gələcək. Qurban Qurbanovun komandası artıq neçə illərdir Azərbaycan futbolunda dominantlıq edir, çempion olur. Çox istərdim ki, "Neftçi" də "qızıl" uğrunda mübarizədə ağdamlılara rəqib olsun. Cari mövsümdə komanda Samir Abasovun rəhbərliyi altında pis çıxış etmir, ancaq bir qədər də "artırmalıdır". Bu gün heyətdə keyfiyyətli futbolçular yer alıb ki, onlarla çempionluğa oynamaq mümkündür. "Neftçi"nin iddialı olması, "Qarabağ"ın da xeyirinə olacaq. Rəqabət fonunda istənilən kollektiv irəli getməyə, bir qədər də inkişaf etməyə can atır. Uzun illər "Neftçi" ölkə futbolunun "lokomotiv"i olub. Bu xoş ənənəni yenidən dirçəltmək lazımdır".
Qeyd edək ki, Misli Premyer Liqasının XI turu çərçivəsində "Neftçi" "Qarabağ"ın qonağı olacaq. "Azərbaycan derbisi" statusu daşıyan matç noyabrın 9-da "Azersun Arena"da baş tutacaq və saat 18:44-də başlayacaq.