"Qarşımıza yüksək yerlər uğrunda mübarizə aparmaq tapşırılığı qoyulub. Biz qarşıya qoyulan məqsədə çatmaqla yanaşı, diğər məqamlara da diqqət yetirməliyik.Dayanıqlı, sabit komanda olmaq istəyiriksə, baza, meydançalar, infrastruktur, uşaq futbolu, akademiya və digər məsələlərin inkişafına fikir verməliyik. Bunlar olmayacaqsa, elitaya vəsiqə qazanmağımızın heç bir əhəmiyyəti yoxdu". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin yeni baş məşqçisi Fərid Namazov deyib.


Gənc mütəxəssis ötən mövsüm özünü yaxşı tərəfdən göstərən futbolçuları düşərgədə saxlayacaqlarını, legioner transferində səhvə yol vermək istəmədiklərini də bildirib: "Komandada bizə lazım olan oyunçuları saxlamaq istəyirik. Təbii ki, hər futbolçunu saxlamaq da asan deyil. Onların arasında başqa klublardan daha yaxşı təkliflər alanlar da var. Amma bacardıqca ötən mövsüm özünü yaxşı tərəfdən göstərən oyunçuları saxlamaq niyyətindəyik. Yerli oyunçuların demək olar ki, potensialına bələdik. Ancaq legioner məsələsində çox həssasıq. Əcnəbi seçimində diqqətli olmalıyıq. Onlara 4-5 yoxlama görüşündən sonra qiymət verəcəyik. Legionerlərin yaxşı futbolçu olması kifayət deyil. Xarakteri, davranışı, xroniki zədələrinin olub-olmamasını da geniş araşdırırıq. Yerli oyunçulardan ötən mövsüm "Qaradağ Lökbatan"da özlərini yaxşı tərəfdən göstərən Seyxan Fərəcov, Xəyal Tomarov, Xəlil Bəşirov transfer etmişik. Onların bizə faydalı olacaqlarını düşünürəm. Danışıqlar apardığımız digər oyunçular da var. Sadəcə, hələlik danışıqlar tam yekunlaşmayıb deyə, bu barədə çox danışmaq istəmirəm. Komanda iyulun 22-də İmişlidə bir araya gələcək. O vaxta kimi heyəti tam komplektləşdirməyi düşünürk".

 

Qeyd edək ki, Namazov baş məşqçi postunda Əsgər Abdullayevi əvəzləyib.

ABDULLA İSMAYILOĞLU