Azərbaycan Premyer Liqasının XI turunun "Araz-Naxçıvan" – "Zirə" oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

– Yaxşı, mübariz, dinamikalı oyun oldu. Komandamın yaxşı oynadığını düşünürəm. Bir xal qazandıq, yolumuza davam edirik.

 

– Son dəqiqələrdə təzyiq yaratmışdınız. Penalti olmasaydı belə qol vuracağınızı düşünürdünüz?

– Məni sevindirən odur ki, komanda oyundan qopmur, şansını axtarır. Bu gün məğlub ola bilərdik, amma oyunun təşkilində yaxşı idik.

 

– Bu mövsüm sadəcə "Qarabağ"a məğlub olmusunuz. Məğlubiyyətsizlik seriyasının artması komanda üzərində əlavə təzyiq yaratmır?

– "Qarabağ"a uduzandan sonra da komanda olaraq çox panikaya düşmədik. Normal həftəlik işlərimizi davam etdiririk. Futbolçularımız da təcrübəlidir. Təzyiq altında oynaya bilirlər. Düşünürəm ki, komandamız daha rəngarəng ola bilər.

 

– Qışdan sonra Naxçıvana qayıtmaq ehtimalınız var. Doğma azarkeşlər önündə oynamağın komanda üçün hansısa mənfiləri ola bilər?

– Futbolçular azarkeş qarşısında oynamaq istəyirlər. Futbolda qol da vurursan, buraxırsan. 5, ya 6-cı konfransdır ki, təkrarlayıram, mən çox istərdim ki, öz diyarımızda – Naxçıvanda oynayaq. Bu sevinci Naxçıvan camaatı ilə bölüşmək istəyirik. Xahiş edirəm, rəhbərlik bizi Naxçıvana aparsın.

 

– Naxçıvana gedəsi olsanız, komanda harda qalacaq?

– Sağlam kollektivimiz var. Futbolçularımız da uğur qazanmaq istəyir. Uğur olan yerdə futbolçu hər şeyə uyğunlaşır.

 

– "Qəbələ"nin stadionu AFFA-nın dəstəyi ilə FIFA standartlarına uyğunlaşdırılır. Bəs nə üçün Naxçıvan stadionu heç oynanılacaq vəziyyətə gətirilmir?

– Hamı istəyir ki, Naxçıvana qayıdaq. Burdan müraciətim sırf bizim rəhbərliyə deyil, Naxçıvan rəhbərliyi də bizə dəstək olmalıdır. Onlar bizə güvəni verməlidir. Arenanın kimin balansında olduğunu bilmirəm. Bu komanda nə Elmar Baxşıyevin, nə rəhbərliyindir. Bu komanda həmin bölgənindir və oranın rəhbərliyi də hansısa jestlər etməlidir.