"İmişli" yeni loqosunu təqdim etdi.
Klub rəhbərliyi bu dəfə də emblemdə pələngə yer verib. İlk baxışdan gözəl görünür. Güclü, məğrur, qorxmaz…
Amma bir məqam var.
Pələng öz ərazisini tərk etməyi sevmir. "İmişli" isə artıq neçə vaxtdır öz evini tapa bilmir.
Komanda İmişlini təmsil edir, ancaq ötən mövsüm ev oyunlarını Qubada keçirdi. İndi isə növbəti mövsüm üçün Yevlax stadionunu seçib. Sabah başqa şəhər olsa, yəqin buna da təəccüblənən tapılmaz.
Elə buna görə də bu klubun indiki vəziyyətini pələngdən çox yaşılbaş ördək ifadə edir. Axı o da köçəri quşdur. Mövsümə görə məkan dəyişir. "İmişli" də sanki eyni marşrutla hərəkət edir.
Əlbəttə, loqo klubun simasıdır. Amma simanı dəyişməzdən əvvəl bəlkə də ünvanı dəyişməmək daha vacibdir.
Çünki azarkeş üçün əsas sual pələngin nə qədər əzəmətli görünməsi deyil. Əsas sual budur: "İmişli" nə vaxt doğrudan da İmişlidə oynayacaq?
Hələlik pələng loqoda qalsın. Reallıqda isə "İmişli"nin rəmzi yaşılbaş ördəkdir. Çünki bu komanda da köçəri quş kimi hər mövsüm başqa şəhərə qonur.