“Kəpəz”in veteran futbolçusu Firuz Qulami “feysbuk” sosial şəbəkəsində etdiyi paylaşımda “sarı-göylər”in İdarə Heyətinin sədri İlqar Nadirini mənimsəmədə ittiham edib. Sport24.az xəbər verir ki, Qulami paylaşımında İdarə Heyətinin sədrindən akademiyada məşq edən uşaqlara çatacaq 200 ədəd idman ayaqqabısı, gödəkçə və idman çantasının hesabatını soruşub.
İttihamın yetrincə ciddi olduğunu nəzərə alıb İlqar bəylə əlaqə saxladıq. Nadiri saytımıza açıqlamasında ittiham edən tərəfə məsləhət verməyi lazım bildi: ”Klubla bağlı səslənən fikirlərə hörmətlə yanaşıram, hərə öz düşündüyünü yaza bilər. O ki qaldı sosial şəbəkələrdə yazılan məsələyə, kiminsə əlində əsaslı faktlar varsa, hüquq-mühafizə orqanlarına təqdim edə bilər. Ondan sonra bilinəcək ki, ittihamlar doğrudu və yaxud yalandı. Qulaminin əlində əsası varsa, söylədiklərini sübut etməlidi. İddia irəli sürə, ittiham edə bilər, ancaq onun söylədiklərinin heç bir əsası yoxdu. Bu məsələ ilə bağlı da açıqlama vermək istəmirəm. Tək Qulami yox, başqa şəxslərin də nəyəsə şübhəsi və iddiası varsa, müraciət edə və rəsmi şəkildə cavabını ala bilər”.
Qeyd edək ki, Firuz Qulami ötən mövsüm “Kəpəz”in futbol akademiyasında çalışıb.
RƏŞAD QASIMOV