Misli Premyer Liqasının XXXIII turunun "Sumqayıt" – "Qarabağ" oyunundan (3:4) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– Maraqlı oyun alındı. Hər iki komanda gənclərə şans verdik. Kifayət qədər qol epizodları oldu. Rəqib yenə də səhvlərimizdən qollar vurdu.

 

– Mətbuatda yayılan xəbərlərə görə, "Sumqayıt"dan ayrılacaqsınız. Gedəcəksinizsə, hansı təəssüratlara olacaq?


– Gözəl təəssüratlarım var. Buranın insanları çox gözəldir. "Sumqayıt" top klub deyil, amma kifayət qədər çalışdıq ki, yaxşı yerlərdə olaq. Mənimçün maraqlı təcrübə oldu.

 

– Nə üçün gedirsiniz?


– Müqaviləm başa çatır. Ancaq yenə də rəhbərliklə danışacağıq, klubun istəkləri avrokuboklara vəsiqə olacaqsa, müəyyən xərclər lazımdır. Dəyişikliyə ehtiyac var. Demirəm ki, hazırki futbolçular pisdir, sadəcə reallıq var. Səviyyəli komanda minimum səhvlər etməlidir. Mövsümboyu sadə səhvlər buraxmışıq. Buna görə dəyişiklik olmalıdır.

 

– Məşqçi kimi bir komandada çox qalmamısınız. İnsan olaraq səyahət etməyi sevirsiniz, ya istədiyiniz klubu tapmamısınız?


– Hər şey məndən asılı deyil. Amma müəyyən ölkələrdə də kifayət qədər işləmişəm, mənim üçün maraqlı təcrübələr olub. "Sumqayıt" da böyük təcrübədir. Bu klubun çox yaxşı stadionu, bazası var. Lakin müəyyən irəliləyiş üçün dəyişiklik lazımdır.

 

– Mövsümün əvvəlində demişdiniz ki, hədəfimiz avrokuboklara getməkdir. İndi geriyə qayıtsaq, yenidən bu fikirdə olarsınız?


– Məsələ bu deyil. Futbolda çoxlu situasiyalar olur. "Lester" bir vaxt çempion idi, bu mövsüm Çempionşipdən də düşdülər. Bu mövsüm kifayət qədər xallar itirdik, bəzi matçlarda yaxşı oynayan tərəf idik. Səhvlər olmazsa, nəticə də gələr.

 

– Bu mövsüm "Qarabağ"a qarşı yaxşı oyunlarınız olub. Nə üçün mövsümdə belə stabil ola bilmədiniz?


– Qapıya 20 zərbə endiririk, amma neçəsi qol olur? Əsas odur, səhvlər az olsun. Bugünkü məğlubiyyətin digərlərindən fərqi yoxdur. Məğlubiyyət məğlubiyyətdir. Çoxlu səhvlər edirik və qollar buraxırıq. Bu mövsüm problemimiz bu oldu.

 

– Azərbaycandan avrokuboklara vəsiqə qazanmaqçün hansısa spesifika lazımdır?


– "Qarabağ" Avropada uğur qazanır. Bu mövsüm də Çempionlar Liqasında pley-offa yüksəldilər. "Araz-Naxçıvan", "Zirə" kimi komandalar da mərhələ keçməyi bacarıb. "Sabah"a da inanıram ki, yaxşı nəticələr göstərəcək.


– Büdcənin artırılması ilə bağlı zəmanət alsanız, klubda qalacaqsınız?


– Dünyanın ən yaxşı məşqçisi olmaya bilərəm, amma plan üzrə çalışanda, işlər də qaydasında gedər. "Sumqayıt"ın kifayət qədər potensialı var. Bəzi məsələlər də həll olunsa, komanda avrokuboklara vəsiqə qazanar. Planlı işin tərəfdarıyam.