Misli Premyer Liqasının XXXIII turunun "Turan Tovuz" – "Sabah" oyunundan (1:2) sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Mövsümün sonuncu qələbəsi münasibətilə futbolçuları, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Düzdür, o qədər də yaxşı oynamadıq. Bərabər səviyyədə oyun keçdi. Bir az bəxtimiz gətirdi və qollar vurduq. Rəqibin 3-4 yaxşı qol fürsəti oldu. Qapıçımız çox yaxşı çıxış etdi. Son oyunda hamı dəqiqələri sayır. Futbolçuları motivasiya etmək çətindir. Tezliklə Çempionlar Liqasının təsnifat mərhələsi oyununda görüşəcəyik.
– "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışının "Sabah"ın Premyer Liqadakı uğurlu performansına təsiri oldu?
– Bizim stadionumuzda, çempionun, kubokun qalibinin, 33 oyun məğlub olmayan bir komandanın evində bu cür sual verirsiniz. Xahiş edirəm, bizə hörmət edin. Qurban Qurbanov da bizim ən yaxşı olduğumuzu qeyd edir. Amma siz həmişə bəhanələr axtarırsınız. Bunlar klubumuza, məşqçilərimizə, futbolçularımıza qarşı hörmətsizlikdir. Mövsümü bu notlarla bitirmək istəməzdim. Amma bizə olan hörmətsizlik də qəbuledilməzdir. Titullar qazandığımıza görə üzr istəməyimi istəyirsinizsə, bunu etməyəcəm.
– "Sabah"dan Çempionlar Liqasında gözləntilər böyükdür. Bunun üçün də heyətin güclənməsinə ehtiyac var. Transferlə bağlı planlarınız necədir?
– Hər zamankı yanaşmamızı davam etdirəcəyik. İyunun ortalarında toplaşacağıq və öz hədəflərimizə doğru gedəcəyik. Rəqibimiz bəlli olduqdan sonra sırf onlara qarşı hazırlaşacağıq. Əlbəttə ki, püşkün nəticəsi önəmlidir. Mövsümboyu bizə uğur gətirən yanaşmamız var idi, oyundan-oyuna hazırlaşırdıq.
– Növbəti mövsümdə qrafikiniz ağır olacaq. İstirahətlə bağlı hansı planlarınız var?
– Hər mövsüm çətin olur. Mənim də özümə görə istirahət planım var. Sabah Litvaya gedəcəyəm. Bir həftə sonra ailəmlə ölkə xaricinə istirahətə yollanacağıq. Daha sonra Avstriyada təlim-məşq toplanışına başlayacağıq.
– Mətbuatda yazılanlara görə Coy Lens Mikels yeni müqavilə imzalamaq istəmir. Onun gedişi komandanın gücünə nə dərəcədə təsir edəcək?
– Azərbaycan demokratik ölkədir. Hər kəsin müqavilə imzalamaq və ya imzalamamaq hüququ var. Bizim məşq bazamızın girişində belə bir yazı görə bilərsiniz: "Heç bir oyunçu komandadan böyük deyil". Mikels həqiqətən də möhtəşəm mövsüm keçirdi. Ona və digər oyunçulara ən yaxşısını arzulayıram. Biz "Sabah"ıq, bir oyunçudan ibarət komanda deyilik. Mövsüm ərzində Mikelsin oynamadığı matçlarda onu layiqincə əvəz edən futbolçular var idi.