Sport24.az fəaliyyətə başladığı 5-ci il, kiçik yubileyinin 2-ci ayını yaşayır. Bu münasibətlə apreldən başlayaraq “Görmədiyimiz, bilmədiyimiz, esitmədiyimiz” rubrikasına start verdik. İkinci qonağımız "Keşlə"nin paraqvaylı yarımmüdafiəçisi, karyerasının çox hissəsini Azərbaycanda keçirən Sezar Meza Kollidi. 

 

"Belə alındı ki, gələn gündən Kamillı nəinki menecer, dost, qardaş münasibətimiz oldu"

- Müsahibəyə gələrkən bir qədər ehtiyatlanırdıq. Çünki paraqvaylılar üçün görüşə yarım, bir saat gecikmək adi hal sayılır. Ən azı, internetdəki mənbələr belə deyir...

- (gülür) Həqiqətən belə şey var. Bizimkilərin hamısında da olmasa, bir çoxu​ belə xüsusiyyətlidi. Amma çoxdan oralardan çıxmışam, uzun müddətdi Avropada yaşayıram. Buna görə çalışıram ki, burdakı kimi dəqiq olum sözümə. Onu da deyim ki, paraqvaylı desə, gəlirəm, bil ki 15-20 dəqiqə gecikəcək.​

- Niyə beləsiniz? Məsələnin kökündə nə durur?

- Belə bir səbəb deyə bilmərəm. Sakit, istirahət rejimində yaşayırıq da.​

-​ Paraqvaylılar barədə informasiya mənbələrinə baş vurarkən, belə bir faktla üzləşdik: sizlər kənar şəxslərə heç də çox güvənmirsiniz. Bunun sirri nədədir?

- Belə bir şey yoxdu. Əksinə, xaricilərə münasibətimiz daha yaxşıdı, nəinki özümüzünkülərə. Bu planda vəziyyət normaldı. Kənar adamlara güvənməməyimizlə bağlı eşitməmişəm.

- Bu, ən azı ona görə səhvdi ki,​ artıq neçə ildir agentin olan Kamil Məmmədova güvənirsən. Bu etibar nəyə söykənir?

- Əlbəttə, Azərbaycana gələndə Kamilə də o qədər etibarım yox idi. Ancaq şükür Allaha ki, bu günədək bir səbəb yoxdu ona inanmayım. Belə alındı ki, gələn gündən nəinki menecer, dost, qardaş münasibətimiz oldu, hər zaman bir yerdə məsləhətləşirik. Zaman bu xoş münasibəti​ möhkəmləndirdi. Bu müddətdə hər cür hallar, situasiyalar​ oldu.

- Yeri gəlmişkən, tanışlığınız necə oldu?

- Bizi argentinalı menecer tanış elədi. Nəticədə iki qardaş Məmmədovla işbirliyinə başladıq.​

 

"Bizim hər yeməyimizə əsas odur ki, çoxlu ət olsun"

- Bu anda süfrəmizə çay gəldi. Bəs, nə vaxt bir soyo (tərəvəz və xırdalanmış bol ətlə hazırlanan Paraqvay şorbası) içə bilərik?

- Açığı, çox çətindi onu hazırlamaq. Bu, yalnız Paraqvayda mümkündü. Onu hazırlamaq elə də asan olmadığından, bişirə bilmirəm. Çətin məsələdi.​

- Ümumiyyətlə, məşhur olan bu milli yeməyinizi xoşlayırsanmı? Nə vaxt son dəfə onu dadmısan?

- Bəli, milli yeməkdi, anaq deməzdim ki, onsuz yaşaya bilmirik. Heç yadıma da düşmür​ soyo. Ancaq daha vacib milli yeməklərimiz var.​

- Bəlkə Paraqvay mətbəxi yadından çıxıb​ neçə vaxt ordan kənarda yaşadığından?​ Azərbaycan mətbəxtindən ən çox xoşladığın yemək var ki, həmin soyonu kölgədə qoyub?

- Yarpaq dolmasını çox xoşlayıram, onu çox yeyirəm. Kabab da elədi ki, hər yerdə yeyirəm. Bişirdiyimiz Paraqvay yeməkləri var, ancaq bunlar arasında soyo yoxdu.​

- Ümumiyyətlə, sizin yeməklər necə olur? Duzlu, acılı...

- Bol​ ətli. Hər yeməyimizə əsas odur ki, çoxlu ət olsun.​

- Paraqvaylılar həftənin son üç günündən birində mütləq asado (duz və ədvalardan istifadə etməmək şərti ilə kömür üzərində barbeküdə hazırlanmış can əti) hazırlayır. Yaşadığın evdə bu ənənəyə heç olmasa bir dəfə sadiq qalmısanmı?

- Bəli, onu edirik. Barbekü asan bir şeydi. Sadəcə, hava yaxşı olanda, daha təamlı olur. Əməlli-başlı yemək bişirəm - istənilən dəqiqə, 24 saat mətbəxdə ola bilərəm, yemək bişirmək mənlikdi (gülür).​

​ - Eləsə bizi nə vaxt qonaq edirsən evində?

- Kuboku udsaq, dərhal. Yoxsa başqa gün də mümkündü.​

- Olubmu ki, komanda yoldaşlarından kimisə Paraqvay mətbəxi ilə tanış etmək üçün Bakıda yaşadığın evə dəvət edəsən?

- Keçən il Vüsal İsgəndərli gəlirdi. Onunla "Zirə"də də komanda yoldaşı olduğumdan yaxınıq. Ancaq sonradan koronavirus pandemiyası oldu. Bu üzdən adam qorxur.​

 

"İşıqforda durursan, necə burda gül verirlər, orda da bu meyvəni"

- “Mate”siz (Yerba mate ağacının çiçəklərindən hazırlanmış yüksək kofein tərkibli içki. Paraqvayda bunu səhərlər qaynar-qaynar çay və ya kofe əvəzinə içirlər. Günün digər vaxtlarında isə soyuq şəkildə sərinləşdirici içki kimi istifadə edirlər) qalmaq çətin deyil?

- Hər gün içirəm onu.​

- Bir çox cənubi amerikalı futbolçuyla söhbətimdə görmüşəm ki, mate dillərindən düşmür. Sonuncusu "Qəbələ"dəki argentinalı Fakundo Perreyra idi. Nədir özəlliyi?

- Pereyranı xatırlayıram, qardaşım Derlislə birgə "Qəbələ"də çıxış edib. Deməzdim ki, Matenin nəsə güclü effekti var. Bu, artıq vərdişdi - onu içə-içə danışırıq. Bir da energetik içkidi. Təkcə Argentinada deyil, Paraqvayda, Cənubi Amerikada hər yerdə mate məşhurdu.​

- Qonşu Gürcüstanda ən populyar spirtli içkilərdən biri çaça sayılır. Maraqlıdır ki, Paraqvayda da məhz bu adda spirtli içki var. Bilmirsən, paraqvaylılarla gürcülər arasında qohumluq yoxdu?

- Yox, Paraqvayda ən populyar spirtli içki pivədi. Çünki orda çox istidi. Buna görə çox​ pivə içirlər. Ancaq gürcülərlə heç bir qohumluğumuz​ yoxdu, çaçanı da bilmirəm.​

- Bir maraqlı faktı sənin dilindən eşitmək istərdik. Paraqvayda​ portağal almaq üçün niyə ancaq supermarketə getmək lazımdı? Bazarda bu sitrus meyvəsini əldə etmək istəyəni hansı sürpriz gözləyir? ​

- Portağal hər yerdə var bizdə. İşıqforda durursan, necə burda gül verirlər, orda da bu meyvəni (gülür).​

- Paraqvayda iki rəsmi dil var: ispan və quarani. Bu dillərdən hansı sənə daha doğmadır və niyə?

- Mənim üçün bir az ispan. Çünki gəncliyimdə Avropaya yollandım. Amma Paraqvayda demək hamı​ quaranini də bilir. İspanca isə hamı danışa bilir. Məsələn, "Sabah"dakı həmyerlim Xuan Sezar Rodriges. Mənimlə ispanca danışır,​ başqa həmyerlimizlə quaranicə. Portuqalca da bilirəm. Ancaq braziliyalıları başa düşürəm. Portuqaliyalıları isə çox çətin. Bunlar arasında fərq var.​

- Paraqvay həm də anakondaları ilə məşhurdur. Heç olubmu ki, həyatda rastına çıxalar?

- Bəli, bizdə anakondalar var. Xüsusilə şimalda Çako​ adlanan yerdə çoxdu. Ancaq belə ki rastlaşmırıq. Çakoda isə olmamışam. Avtomobillə ora 15 saatlıq yol var. Ümumiyyətlə, həyatda rastıma​ ilan çıxmayıb.

 

"Futbola "River Pleyt"də başladım, ordan "Barselona"ya getdim"

- Keçək müsahibənin ikinci hissəsinə. Vikipediyana baxanda, futbol baxımından Paraqvaya heç bir bağlılığının olmadığı görünür. Buna aydınlıq gətirərdin...

- Bəli, doğru deyirsiniz, Paraqvayın heç bir futbol sistemində olmamışam. 12-13 yaşımda Argentinanın məşhur "River Pleyt" klubunda futbola başladım. Burda 2-3 il oldum, Ordan da İspaniyaya - "Barselona"ya getdim. Ölkəmdə futbol görməmişəm.​

- "River Playet"ə düşmək hər adama nəsib olmur. Bu, necə baş verdi?

- Doğulduğum paytaxt Asunsyonun kiçik futbol məktəbində oynayırdım. "River​ Pleyt"in skautları məni orda gördülər və dəvət etdilər. Ancaq orda da çox qalmadım.

- Məqsədin yox idi ki, çox qalıb, əsas komandaya düşəsən?

- Yox. İspaniyadan təklif gəldi, imkan düşdü bu ölkədə futbol həyatımı davam etdirim. Ancaq əslində, fikrimcə, "River Pleyt"də qalıb​ davam etdirə bilərdim.​

 

"Məndən fərqli qardaşım Derlis qapıçı kimi başlayıb, hətta onda Çilavertin forması olub"

- Ailənizdə yalnız qardaşın Derlisi tanıyıq. Neçə nəfərisiniz? Uşaqlığın necə keçib? Ailənizdə​ hansı çətinliklər olub?

- Kiçik​ qardaşımız var. Ən böyüyümüz isə tək bacımızdı. Atam neçə il​ bir şirkətdə çalışırdı,​ indi təqaüdçüdü. Anam isə psixoloq olub. İndi fərdi praktikaya malikdi.​

- Qardaşın da futbolçudu?

- Bəli, çalışır, oynayır. Adı Marselodu.​

- Kumirin kim oldu ki, futbola gəldin?

- Atam peşəkar futbolçu olub - 26​ yaşınadək. Sadəcə,​ həmin vaxt çətinliklər çox olub. Şans yaranıb ki, şirkətə getsin. Əmim var ki, futbolçu kimi Cənubi Amerika, Paraqvay çempionu olub, milli komandamızda çıxş edib. - Kristin Sives.​ ​ ​

- Paraqvayın ən məşhur futbolçusu Luis Çilavertdi. Ona oxşamaq, qapıçı olmaq istəmisiniz?

- Bizdə iki nəfərdi - Çilavert və hücumçu Rokki Santa Kruz. Ancaq heç biriylə şəxsi tanışlığım yoxdu. Çünki Paraqvayda böyüməmişəm. Qapıçı olmaq fikrim olmayıb, heç vaxt bunu istəməmişəm. Amma Derlisdə fərqli olub. O, qapıçı kimi başlayıb. Hətta onda Çilavertin forması olub. Görəndə ki, texnikası var, başından vuraraq yarımmüdafiəyə göndəriblər (gülür). Deyiblər ki, nə qapıçı, futbolunu oyna.​

 

"Messini uzaqdan görmüşəm, Krkiçlə oynamışam, Pedroyla da yolum kəsişib"

- Vikipediyanda göstərilir ki, Yunanıstanda futbola başlamısan. Özü də qardaşınla birgə...

- Bu, səhv məlumatdı. Derlis orda başlayıb. Avropada İspaniyada başlamışam, "Barselona" akademiyasına getdim. Ordan İtaliyaya yollandım - ilk klubum "Çezena" oldu, Sonra​ İspaniyaya qayıtdım - "Alaves"ə icarəyə. Daha sonra isə karyeram əsaəsn Azərbaycanla bağlı olub.

- "Barselona" sistemində niyə qalmadın?

- Çünki "Çezena"dan peşəkar müqavilə təklifi gəldi. Bununla akademiya arasında fərq böyükdü.

- Hər halda, "Barselona"da olmaq böyük bir şansdı futbolçu üçün...

- Gördüm ki, orda perspektiv yaranması müşkül məsələdi. O qədər futbolçu var, rəqabət çox böyükdü. Çox adam 25 yaşadək orda qalır, ancaq heç nə alınmır onlarda. Buna görə qalmadım. Başa düşdüm ki, mənə çətin olacaq. Təklif gələn kimi getdim ordan.

​ - "Barselona"nın əfsanəsi Lionel Messiylə heç olmasa görüşmək imkanın olubmu? Meydanda, yaxud ondan kənarda.

- Yox, Sadəcə, uzaqdan​ görmüşəm. Ancaq Boyan Krkiçlə bir yerdə oynamışıq, həmyaşımdı. Pedro Rodrigeslə də yolum kəsişib.​

 

"A seriyasında debüt matçımda Klozeyə rəqib idim, İtaliyada Lavessi, Kavani kimi hücumçulara qarşı da oynamışam" 

- "Çezena"da debütün 2011-ci ilin sentyabrın 21-də "Latsio"ya qarşı olub. A Seriyasının həmin görüşü yadında necə qalıb?

- Hesab eləyin ki, arzum çin oldu. İtaliya A seriyasında debüt etdim. Yaxşı oynadığım da yadımda qalıb. Həmin anda elə hiss edirdim ki, istədiyimə nail oldum. Məncə, ən xoşbəxt anlarımdan biri oldu. Yadımdadı ki, "Latsio"nun hücum xəttində məşhur Miroslav Kloze çıxış edirdi. "Napoli"də Esekyel Lavessi, Edison Kavani kimi hücumçulara qarşı oynamışdım.​

- Ancaq qardaşından fərqli orda çox az - cəmi 2 oyun keçirmisən. Niyə?

- Komandamızda baş məşqçi dəyişikliyi oldu. Məni bəyənən baş məşqçi postundan getdi. Gördüm ki, bir az çətindi mənə. "Alaves" variantı olan kimi ora keçdim. Onu deyim ki, internetdə yanlış göstərilib - 6 matç keçrimişəm. "Roma"ya qarşı da oynamışam, "Milan"la görüşü isə ehtiyatdan izləmişəm.​ Bir müddət oldu ki, Derlislə "Çezena"da bir yerdə çıxış etdik. Ancaq sonra getdim, qardaşım isə qaldı.​

 

"Keşlə"də qalsam, onunla bağlı şərt qoyacam - zarafat-zarafat"

-​ Uzun illər qardaşınla bir klubda oynamısan. Həmin vaxt necə olurdu ki, mütləq ikinizi də transfer edirdilər?​ ​

- İndiyədək maraqlı təsadüf olub, bir şərt olmayıb. Ancaq bundan sonra "Keşlə"də qalsam, şərt qoyacam (gülür). Zarafat-zarafat (bunu azərbayanca deyir-müəllif). Azərbayacana gəldiyimizdə də belə bir şərt olmayıb ki, ikimizi də götürməlisiniz. Hərəmizə ayrı baxıblar, deyiblər ki, qardaşlardı, lap yaxşı. Ancaq tam fərqli mövqelərin futbolçularıyıq. Mənimlə danışanda belə bir şey olmayıb ki, ikimizi də götürün. Sadəcə, ikimizin​ də oyunçu keyfiyyətlərimizə baxılaraq qərar verilib.

- Qardaşından söz düşmüşkən, onu Derlis kimi tanısaq da, adı David yazılır. Buna da aydınlıq gətirməyini istərdik...

- Bu, ikinci adlarımızdı. Mənimki Sezar Danieldi. Pasportda göstərilir ikinci adlarımız. Düzdür, bəziləri qardaşıma David deyirdi. Ən vacibi ilk addı.​

- Addan söz düşmüşkən, Sezar adı sənə məşhur Sezarın şərəfinə qoyulub?

- Bilimirəm ki, kiminsə şərəfinə qoyulmasıyla bağlı tarixçə var. Amma məşhur addı. Ola bilər ki, anam xoşlayıb Sezar adını, yaxud nənəm.​

- Sezar sevdiyin qəhrəmanındı? Onunla bağlı filmlərə baxmısanmı, haqqında kitablar oxumasınmı?

- Əlbəttə. Bu tarixi qəhrəmana biganə deyiləm.

 

"Neftçi"ni 3:1 udduğumuzda qardaşımı keçdim, məni tuta bilmədi və ağır söydü, beyni çönmüşdü"

- Soyadınızdan sizi italyan​ da​ saymaq olar. İtaliyaya bağlılığınız varmı? Varsa, necədi?

 - Bəli, haqlısınız. İtaliya pasportumuz da var. Ana nənəm italyandı. Paraqvayda azdı, ancaq Argentinada İtaliyaya bağlı olanlar çoxdu. Biz Palermoya, Sicilayaya bağlıyıq. Ancaq heç bir əlaqəm yoxdu orayla. 

- Qardaşınla Azərbaycanda və Rumıniyada rəqib olanda, kim daha çox qələbə sevinci yaşayıb?

- Bəli, ikimiz də Rumıniyada çıxış etsək də, meydanda rəqib olmamışıq. Çünki ora getdiyimdə Derlis 1 il buraxdı. Bu da "Neftçi"dən sonra zədəli olmasına görə idi. "Keşlə"yə icarəyə verildiyimdə isə qardaşım "Petrolul"da II Divizionda çıxş edirdi. Bura gəldiyimdə komandasıyla yüksək liqaya çıxdı. Burda olub 1 dəfə - mən "İnter"də çıxış edirdim, o "Neftçi"də. Yadımdadı, "Neftçi"ni 3:1 udurduq yağışda, meydanın mərkəzində ondan qaçdım, tuta bilmədi və məni ağır söydü (gülür). Həqiqətən belə idi, beyni çönmüşdü. Yaxamdan tutdi ki, bəsdi, məni keçdin. "Neftçi"də zədədən sonra bir müddət keyfiyyətli çıxış elədi. Mən də onu bir hərəkətlə keçdim, başladı məni pis söyməyə. Bir dəfə belə xoşagəlməz rəqabətimiz olub. 

- Ümumiyyətlə, komanda yoldaşı olanda bir-birinizi necə motivasiya edirdiniz və rəqib olanda necə qıcıqlandırırdınız?

- Deməzdim ki, hər iki halda nəsə xüsusi bir şey olub. Amma Derlislə bir yerdə oynamağa üstünlük verərdim, nəinki rəqib olmağı. 

- Elə isə Azərbaycan karyeranızda bir yerdə ən yaxşı oyununuzu xatırlayırsan? Necə deyərlər, meydanda şou göstərmisiniz...

- Bir matç vardı "Neftçi"yə qarşı. Hər ikimiz "İnter"də çıxş edirdik. Onda oyunumuz çox yaxşı alınmışdı.

- Sezar, yoxsa Derlis - hansı daha güclü futbolçudu?

- Yaxşı oğlan, yoxsa futbolçu?

- Birinci futbolçu, sonra insan. Həm də belə deyim var ki, yaxşı insan peşə deyil...

- Enerjiliyimiz çox oxşayır bir-birimizə belə baxanda. Var da bu xarakter hər ikimizdə. Amma deməzdim ki, kim daha yaxşıdı. Eyni xarakterə malikik. 

- Aranızda 3 yaş fərq olsa da, bir-birinizə əkiz kimi oxşayırsınız. Maraqlıdı, sizi səhv salmayıblar?​

- Yox. Ümumiyyətlə, deməzdim ki, çox oxşayırıq. Bəli, bir az oxşarıq. Hər halda, qardaşıq. Yaxın olanda bilinir ki, kim kimdi. Ancaq əlbəttə, uzaqdan xarici görünüşümüzdə ümumi oxşarlıq var.   

 

"Lazım olsa, oynayıram, ancaq xoşlamıram bu mövqedə çıxış etməyi"

- Yadımdadı ki, Azərbaycandakı karyerana mərkəz hücumçusu kimi başlamışdın, sonradan oyun qurucusu oldun. Bu yerdəyişmə karyerana necə təsir göstərdi, dəyişən nə oldu?

- Arada belə olub, ancaq baş məşqçi məni əsasən ikinci hücumçu qoyurdu. 

- Hansı mövqedə özünü "suda balıq kimi hiss edirsən"? Məsələn, Zirədə Kubok matçında ilk hissədə mərkəz hücumçusu oynadın. Necə idi?

- İkinci hissədə öz mövqeyimə qayıtdım. Baş məşqçi desə, təbii ki, oynayaram. Ancaq açığı, bütün dünya bilir ki, gərək arxadan topu alım, hücum qurum. Buna görə əlbəttə, mərkəz hücumçusu oynamaq mənlik deyil. Lazım olsa, oynayıram. Ancaq xoşlamıram bu mövqedə çıxış etməyi. 

- Məlumdu ki, solaxaysan. Maraqlıdı, karyeranda sağ ayaqla qol vurmusan?

- Bir dəfə olub - "Alaves"də. Bir dəfə də sadəcə, qayıdan topda - gözlərimi bağladım, vurdum zərbəni. 

- Dünyada ən güclü solaxay Lioenl Messidi?

- Bəli-bəli - Messi!

 

"Həmin baş məşqçim futbolu yaxşı anlaya bilər, ancaq şəxsi məqamları bir qram da başa düşmürdü"

- "İnter"də ilk dönəmdə ağır zədə üzündən uzun müddət yaşıl meydandan kənarda qaldın. Həmin dönəm necə keçdi? Futbolu bitirmək təhlükəsi, fikirləri var idi?

- Çox pis an idi. Ancaq fikrimcə, həmin vaxt böyük təqsir klubda işləyən adamlarda da vardı. Ümumiyyətlə, həmin vaxt "İnter"də durumum pis idi, zədədən sonra isə daha da pisləşdi. Fikrimcə, ondakı baş məşqçimiz (Kaxaber Tsxadadze nəzərdə tutulur-müəllif.) futbolu yaxşı başa düşən idi, ancaq insan kimi..Misal üçün mənə yüz dəfə deyib ki, yaxşı futbolçusan. Ancaq buna rəğmən mənə bir dəfə də olsun şans verməyib. Yəni, hər şey qarışdı həmin anda. Lazımsız zamanda meydana çıxanda içimdə belə gərginlik var idi ki, özümü göstərə bilmirəm. Gah məni salırdı oyuna, gah yox. Hər şey üst-üstə yığıldı və yekunda xaçvari bağlarım da qırıldı - ümumiyyətlə, çox pis oldum. Həmin gürcü mütəxəssis futbolu yaxşı anlaya bilər, ancaq şəxsi məqamları bir qram da başa düşmürdü. Sonda belə alındı ki, ən yaxşı futbolum ondan sonrakı baş məşqçilərlə oldu - necə mənə inanırdılar, onu onlara qaytarırdım.

- Məsələn...

 İndiki komandamda Sənan Qurbanov, Tərlan Əhmədov, Yuri Maksimov, bir vaxtlar çıxış etdiyim "Zirə"də Adil Şükürov, Ayxan Abbasov. Düzdür, zədə neqativin pis nöqtəsi oldu. Ancaq bundan qabaq da xoşbəxt deyildim, sonra da. Çünki bir tərəfdən deyirdilər ki, keyfiyyətin var, digər tərəfdən ehtiyatda saxlamaqla "öldürürdülər" məni futbolçu kimi. Bir sözlə, futbol münasibəti yox idi mənə qarşı onun.

- Həmin gərgin anlarda bezib futbolu atmaq ağlından keçirdi?

- Yox-yox. Elə fikir heç vaxt olmayıb. Hələ gənc idim, hər şey qabaqda idi. Bilrdim ki, 6-7 aydan sonra qayıdacam. 

- Səni zədələyəni xatırlayırsan?

- Elvin Yunuszadəylə Denis Silva məni "korobkaya saldılar". Öz meydançamızda olmuşdu. Ancaq deməzdim ki, kimsə məni qəsdən vurdu. Sadəcə, bir an oldu ki, onların ikisylə toqquşdum və bağlarım cırıldı. 

- Denislə sonra komanda yoldaşı oldun, indi də Elvinlə bir komandadasan. İnclikliyin qalmayıb onlara?

- Əsla. Adi futbol epizodu idi. Elə bir şey olmadı ki, deyim bilərəkdən bunu etdilər. 

- Azərbaycanda müxtəlif məşqçilərlə işləmisən, adlarını da bayaq sadaladın. Onlardan sənin üçün ən uğurlusu, üzərində böyük zəhməti olan,​ ən rahat işlədiyin hansı olub?

- Hamısı. Hərəsindən nəsə pozitiv almışam, nəsə öyrənmişəm. 

 

"Razılaşmışıq ki, bütün komanda yoldaşlarım o topu imzalayaraq mənə versin"

- Karyeranda ilk illərdə İtaliya, İspaniya kimi aparıcı futbol ölkələrində olsan da, futbol həyatının böyük hissəsi Azərbaycana bağlıdı. Cəmi 22 yaşın olanda ölkəmizə gəlmisən. Bura səni bağlayan nədi? Qərarına görə peşmanlıq olmayıb sonralar səndə? Daha güclü çempionatlara düşmək imkanın olmayıb?​ 

- Yox, heç bir peşmanlığım olmayıb. Əksinə, Allaha şükür edirəm ki, belə alındı hər şey. Ailəm də razıdı, həm də futbol oynamaq alındı burda. Bəli, həmişə imkanlar olub, həmişə xariclə əlaqədə olmuşam. Belə də olub ki, məni buraxmayıblar, klubuma lazım olmuşam. 

- Ailəndən söz düşmükən...

- Bir uşağım - 6 yaşlı oğlum var. Burda yaşamır, məninmlə qalmır.

- Futbolçu olmağını istərdin?

- Hələ balacadı, hələ ki belə şeylər fikirləşmirəm.

- Avropadan görmüşük ki,​ futbolçu het-trik etdiyi topu özüylə götürür. Məsələn, Obameyanq o vaxt "Borussiya"da "Qəbələ"yə 3 qol vuranda bunu etmişdi. Maraqlıdı, Zirədən topu "oğurlamadın"?

- O top Eldənizdədi ("Keşlə"nin baş meneceri Eldəniz Yusifov-müəllif). Xahiş eləmişəm ki, mənə versin. Razılaşmışıq ki, bütün komanda yoldaşlarım o topu imzalayaraq mənə versin. 

 

"Zaur Axundovdan futboldan kənarda da ondan nəsə xahiş eləsəm, mənə daim kömək edər"

- Gələcək futbol həyatını necə görürsən? Karyeranı bitirəndən sonra da burda qalıb məşqçi işləmək istərdinmi? Yoxsa bəlkə başqa planların var - misal üçün biznes qurmaq....

- Hələ ki ancaq ən yaxın gələcəyi fikirləşirəm - finalı. Bundan sonra qərar verəcəm gələcəyimlə bağlı. Bəzi şeylərlə artıq başlamışam, bunlarla məşğul olacam futbolu qurtaranda. Oynamayandan sonra futbolda qalmaq fikrim yoxdu.

- Qardaşın "İnter"dən sonra "Qəbələ"də və "Neftçi"də oynayıb. Bəs, "Keşlə"dən başqa Azərbaycan klubuna keçməyi düşünürsən, yoxsa karyeranı çıxışın çox yaxşı alınan bu klubda bitirməyi düşünürsən?

- Şükür Allaha ki, burdakı karyeram belə yaxşı alındı. Mən də çalışıram ki, həmişə "Keşlə"yə xeyir verim. Başqa kluba keçəsi olsam, çalışacam orda da özümü göstərim. Təbii ki, Azərbaycan futbol ictimaiyyəti bilir necə oynamağımı. Başqa yerə getsəm, çalışaram orda da bacardığım yaxşı şeyləri eləyim.

- Klub rəhbəriniz Zaur Axundovun ən çox sevdiyi futbolçulardan olduğunu deyə bilərik. Neçə ildi birgə çalışdığın bu şəxs sənin üçün nə deməkdi?

- Açığı, mənin üçün çox vacib insandı Onun bir insan kimi önəmi çox böyükdü mənim üçün. Bu, prezidentlikdən xeyli artıqdı - dost, böyük kimi. Fikrimcə, futboldan kənarda da ondan nəsə xahiş eləsəm, mənə daim kömək edər. 

- Bəs Azərbaycan sənin üçün nə deməkdi?

- Paraqvaydan sonra ikinci ev - yüz fazi belədi. Bura doğma evim kimidi. Özümü evdəki kimi rahat hiss edirəm. Elə bil ki, elə burda anadan olmuşam. 

 

"O, məni fikrimdən daşındıra bilən insandı, hətta belə olub ki..."

- Müsahibədən belə gördüm ki, azərbacanca başa düşürsən, tərcüməni gözləmədən bilirsən ki, sual nədən ibarətdi...

- Bəli, anlayıram bir çox sözləri. Hər dəfə yavaş-yavaş öyrənirəm dilinizi, başa düşürəm.

- Maraqlıdı, Derlis bura üçün darıxırmı?

- Bəli, yanvarda "Keşlə" təklif etmişdi, özü də gəlmək istəyirdi bura. Planı vardı mənimlə yenidən birgə oynamaq. Ancaq klubu buraxmadı. Gələcəkdə baş tutmasına gəlincə, bu, məndən asılı deyil. Həm istəyərdim bunun olmasını, həm də belə şey baş tuta bilər yəqin. 

- Neçə il Azərbaycanda çıxış edirsən, ancaq səninlə belə geniş müsahibə olmamışdı. Necə bir atmosferdə oldun?

- Əlsində çox yaxşı üslubda oldu. Mənim də çox xoşuma gəldi. Fikrimcə, çox fərqli oldu. Adi müsahibə nə qədər olar futbol haqda ki, necə qol vurdun, oyun necə keçdi. Belə müsahibədə isə çox rahat, çox sərbəst ab-havada idim və ona görə suallarınızı böyük məmnuniyyətlə cavablandırdım. 

- Ən çox hansı sualımızı bəyəndin və hansı sualı eşitmək istəyərdin?

- Açığı, konkret bir sual deyə bilmərəm. Müsahibə çox rahat formada keçdi, sərbəst idim, sıxılmadım, konsentrasiyam pozulmadı. Suallar da elə idi ki, maraqlı ardıcılıllıqla oldu və vaxt necə gəlib keçdi, bilmədim. Məncə, bütün vacib məsələlərə toxundunuz. Sonda yalnız bir şeyi əlavə edərəm. Eldəniz Yusifova bağlı. O, mənim üçün xüsusi insandı, onun fikirlərinə böyük önəm verirəm. Rumıniyadan bura qayıtmağımda da Eldənizin rolu az olmadı. Məni fikrindən daşındıra bilən insandı. Hətta belə olub ki, agentimdən daha çox onun sözlərinə qulaq asmışam.   

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV