Sport24.az fəaliyyətə başladığı 5-ci il, kiçik yubileyinin ilk ayını yaşayır. Bu münasibətlə apreldən başlayaraq “Görmədiyimiz, bilmədiyimiz, esitmədiyimiz” rubrikasına start veririk. İlk qonağımız “Neftçi”nin seneqallı müdafiəçisi Mamadu Mbodjdu.

 

"Atam Seneqalda əfsanəvi futbolçulardan biridi, anam isə onun oynadığı klubda aşpaz işləyirdi"

- Azərbaycanda 2 ildən çoxdu çıxış edirsən və müşahidələrimiz belə deməyə əsas verir ki, azərbaycanca başa düşdüyün​ söz və ifadələr var. Maraqlıdı, futbol terminlərindən savayı nələri bilirsən?

- Azərbaycan dilində kommunikasiya yaratmaqda​ günü-gündən daha da yaxşılaşıram. Meydançada da futbol terminlərində yaxşıyıq, bir-birimizi başa düşürük.

- Müsahibəyə yubanman diqqətimizi çəkdi. Vikipediyana baxanda, gördük​ yazılıb ki, 11 yaşında futbolda peşəkar​ karyerana başlamısan. Həyata da yubanmayla gəlmisən doğum haqqında şəhadətnamə almaqda ki, indi də yubandın, yoxsa həmişə yubanaraq gəlirsən?

- Doğru məlumat deyil yazılan. Bu, mümkün​ olan bir şey deyil (gülür).​ Maraqlıdı, harda yazılıb?

- Göstərə bilərəm, ancaq istənilən halda, 10 dəqiqə yubanmısan​ müsahibəyə. Söhbət isə "Dakar Sakr" klubundan gedir...

- Bu, peşəkar müqavilə olmayıb. 2004-cü ildə​ bu kluba gəlmişəm, ancaq hardasa 2009-cu ildə peşəkar müqavilə imzalamışam. Həmin klubun akademiyasında futbolçu kimi yetişmişəm.​

- Seneqal qaynar​ ölkələrdən​ sayılır. Orda uşaqlıq illərin necə keçib? Ailədə neçə uşaq olmusunuz? Dolanışığınızda hansı çətinliklər olub?

- Yox, normal olub. Atam Seneqalda çox tanınmış, əfsanəvi futbolçulardan biridi. Anam isə atam oynadığı klubda aşpaz işləyirdi. O, işə gedəndə uşaqlarını da aparırdı, beləcə normalda gündəlik həyatda futbolçuların içərisində böyüyürdük.​ Yekun olaraq deyərdim ki, futbolun içində dünyaya gəlmişəm.

- Atan Seneqal millisində çıxış edib?

- Yadımda deyil. Ancaq onu söyləyə bilərəm ki, Seneqalda ən böyük klublardan birinin kapitanı olub.​

 

"Neftçi"nin bu qələbəsi haqda tarixi faktı bilmək çox yaxşı hissdi"

- Özünün​ xəbərin olmasa da, sənə​ maraqlı bir fakt deyək. Hazırda formasını getyindiyin komanda vaxtilə Seneqal millisini 6:2 hesabıyla məğlub edib. Bu, 1967-ci ilin noyabrında "Neftçi"nin Afrika​ turnesi​ zamanı olub...

- Bilmirdim, ilk dəfədi bunu eşidirəm. Ancaq çox yaxşı hissdi bu​ faktı bilmək.

- Futbola gəlişin necə oldu? Futbolçu atanın​ təkidiylə, yoxsa öz istəyinlə?

- Atam heç vaxt məni futbol oynamağa təhrik etməyib. Sözün açığı, uşaqlıqdan küçədə,​ həyətdə top qovurduq. Belə həvəsimiz, istəyimiz olub. Ancaq atamın təzyiqi heç zaman olmayıb. Bir dəfə bayaq adıçəkilən klubun skautları, nümayəndələri oyunlarımıza​ baxmağa gəlmişdi. Həmin qrupdan mən və qardaşım seçildi. Beləcə bizi həmin kluba apardılar və başladıq futbolla peşəkar məşğul olmağa. Bütün yaş qruplarında çıxış etdim və əsas komandaya gələndə artıq rəsmi müqaviləyə imza atdım.​

- Qardaşın da hardasa çıxış edir?

- Bəli, Seneqalda. Olimpiya, U-23 yığmasında forma geyinib. Eyni zamanda Seneqalın böyük klublarında oynayıb. O, məndən yaşca böyükdü.

- Belə bir maraqlı məqam - Seneqalda basketbol inkişaf etməyib? Buna görə soruşuram ki, nə əcəb səni bu idman növünə cəlb etməyiblər?

- Çox yaxşı milli komandamız var. Əlbəttə, hər il dünya çempionatlarında, digər turnirlərdə​ iştirak edirik. Orda məndən də hündürləri var (gülür). Xatırlayıram ki, uşaqlıqda bəzən həvəsim olub.

- Boyundan söz düşmüşkən, xeyli qol vurmusan. Dəqiq müdafiəçi oynamısan həmişə, yoxsa hücumçu iyi gəlir səndən?

- Yox, bütün karyeramboyu müdafiəçi mövqeyində çıxış etmişəm. Hətta milli komandalarda da. Bilmirəm, bəxtdi, uğur amili, nədi, amma hara gedirəm, eyni mövzuda suallar verilir ki, nəyə görə hücumda oynamırsan, müdafiəçi kimi çıxış edirsən.​

- Bəlkə yerin səhv düşüb?

- Həmişə oynadığım komandalarda hücumçulara deyirəm ki, qol vurursunuzsa, vurun, yoxsa gəlib özüm vuracam (gülür).​

 

"Mənə Məhəmməd deyə müraciət edə bilərsiniz, çünki..."​

- Ölkənizin ilk baş nazirinin adı Mamadu olub, soyadı Diametradı. Ən məşhur müğənniniz də adaşındı, soyadı Dayopa. Sizdə Mamadu belə məşhurdu?

- Bizdə​ Mamadu Məhəmməd adı​ kimi gedir.​

- Onda sənə Məhəmməd deyə müraciət edə bilərik?

- Bəli. Bütün ərəb ölkələrində Mamadu artıq Məhəmməd kimi qəbul olunur.​

- Komanda yoldaşların Mamadu Kaneylə səni səhv salmırlar?

- Bəzən sosial​ şəbəkələrdə olur ki, Kanenin​ şəklini qoyurlar, ancaq məni işarə edirlər. Bəzən də əksi olur.​ Amma komanda yoldaşlarımız bizə soyadlarımızla müraciət edirlər.

- Bakıda, özü də "Bakcell Arena"ya yaxın bir ərazidə Dakar meydanı da var. Söhbət Neftçilər metrosunun yanındakı məkandan gedir. Xəbərin varmı bundan?

- Yox. Ancaq mütləq baş çəkəcəm.

 

"Arsenal"a vurduğum qol "Qalatasaray"a vurduğumdan daha ağır gəlir"

- 2002-ci il dünya çempionatına keçək. Milli komandanız​ ən böyük tarixi uğuruna imza atdı,​ 1/4 finaladək irəlilədi. Bu, həmin vaxt 9 yaşı olan Mbodjun futbol həyatında hansı​ rol oynadı?

- Bu, Seneqal yığmasının dünya çempionatında debütü idi. O mundialdan​ sonra çox​ uşağın​ düşüncə tərzi dəyişdi. Hər bir uşaq​ böyük futbolçu olmaq ümidiylə, arzusuyla yaşayırdı​ artıq. Hər biri​ Papa Buba Diop​ kimi futbolçu olmaq istəyirdi.​

- Yeri gəlmişkən, həmin ulduzlardan​ kimlərlə tanışlığın, xatirə şəklin var?

- Yalnız Anri Kamaranı tanıyıram. Atam onun məşqçisi​ olub. Seneqalda​ istirahət vaxtı​ tez-tez trenajor zalına gedirəm və​ bəzən onunla rastlaşıram, münasibətim var. Seneqal elədi ki, orda hamı bir-birini tanıyır.​

- Böyük kənddi? Hamı bir-birini tanıyır, ona görə deyirəm...​

- Seneqal Azərbaycandan da böyükdü. Dakar elədi ki, futbolçusansa, futbol camiəsindəsənsə,​ hamı bir-birini tanıyır.​

- Seneqalın Türkiyədən​ çəkdiyi nədi? 2002-ci ildə sizi​ Azərbaycana​ ən yaxın dost ölkəsi sayılan Türkiyə dayandırdı, "Neftçi"​ gedib Seneqalı udub 1967-də. Türklər sizə nə verib ki, ala bilmir?

- Mənə elə gəlir ki, "Neftçi" ilə bağlı məlumatı yalnız siz araşdırmısınız,​ bilirsiniz​ (gülür). Hətta Vüqar (komandanın tərcüməçisi​ - müəllif), sən də bunu bilmirdin. Bu nəticəni saymıram. Ancaq Türkiyənin bizi udmağı həqiqətən​ pis təsir eləmişdi. Çünki heç kim bunu gözləmirdi. Orda uduzmağımıza baxmayaraq, bütün ölkə olaraq öz millimizlə, futbolçularımızla fəxr edirdik. 1/4 finala çıxmaq elə bil hansısa Kuboku qazanmış​ kimi oldu. İnanın​ ki, həmin gün özümüzü məğlub olmuş kimi hiss etmirdik. O nəticəni qələbə kimi qəbul edirdik.​

- Səndən başqa cavab gözləyirdik...

- Hansı cavabı?

- Daim türk dünyasına futbolda məğlub olan həmyerlilərin səni bura kəşfiyyatçı kimi göndəriblər ki, burda futbolun necə inkişaf etdiyini öyrənəsən....

- (gülür) Açığı, Azərbaycana gəlməmişdən buranı tanımırdım, bilmirdim. Ancaq həyatda qismət deyilən​ bir şey var. Qismətim məni bu ölkəyə gətirib​ çıxardı.​

- "Neftçi" də Türkiyənin "Qalatasaray" klubuna Avroliqada uduzdu. Həmin anda xatırladınmı ki, yenə Türkiyə seneqallı​ futbolçunun qarşısında maneə olur?

- "Qalatasaray"la​ oyun əbədi olaraq yadımda​ qalacaq. Çünki belə bir komandaya qol vurmaq​ özü böyük bir hissdir. Nə vaxtsa qocalacam, uşaqlarıma, nəvələrimə rahatlıqla​ deyə bilərəm ki, vaxtilə "Qalatasaray" kimi komandaya qol vurmuşam. Bütün Seneqal Türkiyə nəhəngi "Qalatasaray"ı tanıyır​ və demək olar bütün ölkəmiz həmin oyunu izləyirdi. Bu da mənim üçün gözəl bir hissdi.

- Ancaq özümüz üçün belə qənaətə gəlmişik ki, "Neftçi"də ən unudulmaz​ qolunu Tula "Arsenal"ının qapısından kecirmisən. Müqayisə edəndə hansı qol daha ağır gəlir sənin üçün?

- Mənim üçün də "Arsenal"dı.

- Babakara görə?

- Bəli.​

- Bu kişinin şəkli olan geyimi​ "Neftçi"nin formasının altından geyinmişdin. Həmişə​ belə​ edirsən, yoxsa sırf o matç üçün hiss eləmişdin ki, qol vuracam​ və o ağsaqqalı göstərəcəm hamıya?

- Hər oyuna geyinirəm. Ancaq məhz həmin matç​ günü yuxudan oyandıqda​ bilmirəm​ nəsə bir hiss vardı ki, həmin gün qol vuracam. Görüşə​ bir neçə​ saat qalmışdan daxili bir inam yaranmışdı ki, qol vuracam​ və özlüyümdə bunu necə​ qeyd eləcəyimi təsəvvür edirdim. Uzanmışdım​ çarpayıda​ və öz-özümə dedim​ ki, bu gün qol vuracam, sonra sevincimi bu cür qeyd edəcəm.​

- Maraqlıdı, bir həmkarımız (Sənan Şəfizadə-müəllif) "yuxusunda gördükləri"ni sosial şəbəkədə paylaşır və dedikləri çin olur. Bəs, sən yuxunda nə görmüsən - çempion olacaq "Neftçi",​ yoxsa hələ yuxuna girməyib bu?

- (gülür)​ Xeyr, belə şey görməmişəm. Ancaq​ həddən​ çox inamım var ki, bu mövsüm məhz bizim çempion olacağımız​ mövsümdü. Nəinki məndə, klubun bütün üzvlərində böyük inam var. Biri​ var arzu edəsən​ nəyisə, biri də var inamın olsun. Yuxu elədi ki,​ çin ola da bilər,​ olmaya da. Bu gün yatırsan, səhər durursan yaddan çıxıb gedir. Ancaq inam elə bir şeydi ki, gündəlik​ səni müşayiət edir.​

 

"Bəlkə nə vaxtsa yığmaya cəlb olunaram, Manenin formasını Vüqara gətirərəm"

- Bu yaxında adaşın Kane Qvineya millisinin kapitanı Nəbi Keytanın formasını kapitanınız Emin Mahmudova hədiyyə etmişdi. Sizin yığmanın da lideri "Liverpul"ludu - Sadio Mane. Maraqlıdı, onun formasını səndən istəyən olubmu "Neftçi"dən? Ümumiyyətlə, Maneylə şəxsi tanışlığın varmı?

- Yox. Onunla həmyaşıd da deyilik. Sadəcə,​ bir çox futbolçu var ki, tanıyıram, hansılar ki, Sadioyla milli komandada çıxış edirlər. Mane ümumiyyətlə, Dakarda yaşamayıb, Seneqaldan uzaqda olub həmişə. Bəlkə nə vaxtsa qismət olar onunla yığmada birgə çıxış edərəm, onda Vüqara forma gətirərəm (gülür). Çünki həmişə istəyir məndən.​

- Yeri gəlmişkən, millinizin baş məşqçisi səni vaxtilə​ U-23 yığmasına cəlb edən, DÇ-2002-nin Seneqal millisinin heyətində də olmuş Aliu Sissedi. O, 2015-ci ildən hazırkı vəzifəsində olsa da, əsas yığmada hələ də forma geyinməmisən. Səni yaxşı tanıyan baş məşqçi niyə bir dəfə olsun dəvət göndərməyib?

- Sisseylə yaxşı münasibətimiz var. Ona məşqçilik karyerasında ilk Kuboku biz qazandırmışıq. Bu, Franada turnirdə olub. Sisseylə xeyli müddətdi bir-birimizi görmürdük, əlaqə bir az kəsilmişdi. Amma bir gün Afrikaya getdiyim vaxt təyyarədə rastlaşdıq. Afrikanın ən yaxşı futbolçsunun mükafatlandırılma mərasiminə yollanırdı. Həmin ildə də mükafatı məhz Maneyə verirdilər. Bir-birimizə​ mobil nömrələrimizi verdik. Bəlkə nə vaxtsa yenidən ondan dəvət alaram, buna ümidim var. Bəlkə növbəti Afrika Millətlər Kubokuna çağırıldım.​

- DÇ-2002-ylə bağlı son sual. Orda 3-cü qapıçı olmuş Xalidu​ Sissoko uzun illər ölkəmizdə​ legioner həyatı yaşayıb, "Bakı"da çıxış edib, Vüqar Əliyev eyni klubun üzvü olduğundan onu yaxşı tanıyr. Bəs, sən?

-​ Bəli, tanıyıram Sissokonu. Çünki Seneqalda böyük adı var, onu çox tanıyırlar. Azərbaycana gəlməmişdən qabaq da onunla görüşüb danışmışam. Ancaq şəxsi münasibətimiz olmayıb. Sadəcə, tanınmış adam​ kimi tanıyırdım.​

 

"Bakıda Babakar restoranı açsam, bütün azərbaycanlılar orda olacaq"

- Afrikaya səfər edəndə, kimə​ baş çəkməyə yollanırdın? Ümumuyyətlə, ailəlisən, yoxsa subay?

- Valideynlərim, bütün ailə üzvlərim Seneqalda yaşayır. Həyat yoldaşımla​ uşağım hazırda mənimlə Bakıdadı. İmkan düşdükcə çalışıram ölkəmə gedib ölkəmə ailə üzvlərimə, yaxınlarıma baş çəkim. Çünki valideynlərim üçün çox darıxıram.​

- Həyat yoldaşın​ səninlə yaşayırsa, milli yeməklərinizdən​ korluq çəkməzsən. Xüsusilə düyünün üzərində mal, quzu əti olan Çebuke...

- Nə vaxt istəsəniz, sizi evimə onu yeməyə qonaq dəvət edə bilərəm. Həyat yoldaşım burda mənə yalnız milli yeməklərimizi hazırlayır. Bəzən dəyişiklik olsun deyə gedib restoranda dadırıq​ başqa mətbəxdən. Bəzən isə hazır yeməkləri alırıq.​

- Azərbaycanda Babakar restoranı açmağı fikirləşirsən?

- Niyə də yox? Onu bilirəm ki, bunu etsəm, bütün azərbaycanlılar​ orda olacaq (gülür). Burda bütün restoranlar əlimizdən müflisləşib bağlanacaq.​

 

"Oynadığım hər 3 klub yalnız çempion olmaq istəyir və bənzərlikləri fanatlarındadı"

- Serbiyayla Seneqalı yalnız hər ikisi eyni hərflə başlaması birləşdirir. Hansı külək səni Afrikadan Avropanın bu ölkəsinə apardı? Legioner həyatına "Napredak"da start verdin?

-​ Çempionat bitmişdi, ölkəmdə fasilə yaranmışdı. Bir gün atamla bir yerdə oynamış qapıçılarla işləyən məşqçi mənimlə ələqə saxlayıb​ dedi ki, Serbiyaya gedib oynamaq istəyərsən? Səni​ ikihəftəlik yoxlanışa çağırmaq istəyirlər. Sözün düzü, bilmirdim​ Serbiya haradı, necədi. Sonradan razlıq verdim və bu ölkəyə gələndə, namaz qıldığım​ xüsusi geyimi​ geyəndə şəklimi çəkmişdilər, mətbuata yayılmışdı. Bütün ölkə məndən danışırdı. Bundan sonra 2-3 yoxlama matçında iştirak etdim və yekunda məni saxlamaq istədilər. İki klub öz arasında danışıqlar apardı​ və mənimlə 3 illik müqavilə imzalanmaqla transfer olundum.

- Serbiyada ən tanınmış klublardan olan "Srvena Zvezda"da da çıxış etmisən, "Neftçi"dəki müdafiədəki komanda yoldaşın Vojislav Stankoviç isə "Partizan"lıdı. Bu iki Belqrad təmsilçisinin​ əzəli​ rəqib olduğu, yola getmədiyi bəllidi. Maraqlıdı, yola gedirsən Vojislavla? Mübahisəniz​ düşmür?

- Yox. Baxmayaraq fərqli, düşmən olan kublarda​ çıxış etmişik, burda eyni klubun şərəfini qoruyruq. Buna görə "Neftçi"də münasibətimiz yaxşıdı.

- Stankoviçdən söz düşmükən, müdafiədə kim daha çox səhvə yol verir - sən, yoxsa o?

- Daha çox mən.​ ​

- Legioner​ həyatı yaşadığın 3 ölkənin ən tanınmış klublarının formasını geyinmisən. Litvada bu, "Jalgiris"di. Bu 3 komanda  arasında hansı bənzərliklər var? Necə paralel​ aparardın?

- Məncə,​ bənzərlik fanatlarındadı. Demək olar hər 3 klub yalnız çempion olmaq istəyir,​ bunun uğrunda mübarizə aparır. Serbiyada, Litvada çıxış etdiyimdə​ heç-heçə olanda belə, çox müzakirə olunurdu, azarkeşlər böyük problemlər yaradırdılar. Harda oynamışam, bu hissləri çox yaşamışam. Buna görə mənə tanışdı, birinci dəfə deyil bu hissləri Azərbaycanda yaşayıram. Qələbə qazanmadığımızda fanatlarımızın hisslərini çox yaxşı başa düşürəm.​

 

"Bəzən Bakıda sürücülərlə söz atışması​ olur, davaya keçirik"

- Seneqallılar çox çay içəndirlər. Burda ənənəni davam etdirirsən? Biz də çayı sevirik...

- Bəli. Əlbəttə. burda çox çay içirəm.

- Ənənəyə sadiq qalırsan? Çünki internetdən oxumuşuq ki, birinci təmiz nanəli çay içilir, sonra​ çoxlu qəndlə.​

- Burda da elə edirəm - ilk çay çox tünd olmalıdı, növbətisi isə şirin.​

- Avtomobil idarə etməmiş olmazsan. Bakı tıxaclarıyla aran necədi?

- Çox pis. Ona görə bəzən dəli oluram. Görürəm ki, maşını​ "dəli" kimi sürürlər. Mən də başlayıram bəzən onlar kimi sürməyə ki, uyğunlaşa biləm.

- Elə bir hadisə olmayıb ki, çıxıb sürücünü döyəsən?

- Bəzən söz atışması​ olur, davaya keçirik. (gülür)​

- Onda da Vüqar​ yanında olur?

- Yox, təkcə oluram. Özüm​ özümü müdafiə edirəm.

 

"Mənə çox xoş oldu ki, gəldiniz,​ üzbüəüz oturduq, bu cür müsahibə aldınız"

- Azərbaycanda oynayan legionerlər maaş, mükafat alanda ən çox Vətənindəkilər sevinirlər ki, onlara pul göndəriləcək. Bilmək olar, Seneqalda kimi və ya kimləri​ sevindirirsən?

- Əlbəttə,​ ailə​ üzvlərimi xoşbəxt​ edirəm. Hətta​ bəzən pul almadığım​ vaxtlarda da çalışıram nəyləsə onları sevindirim. Başqa legionerləri biimirəm, ancaq mənim üçün ailə,​ onları sevindirmək çox vacibdi. Onlar orda xoşbəxtdirlərsə,​ deməli, mən də burda xoşbəxətm. Əks​ təqdirdə, eynisini burda yaşayıram. Göndərdiyim pulla istədiyi şeyləri edirlər, mən də xoşbəxt oluram. O da məni burda xoşbəxt edir.​

- Seneqal mətbuatı üçün​ nə qədər maraqlı personasan? Müsahibə üçün tez-tezmi səninlə əlaqə saxlayırlar?​

- Sözün düzü, televiziyaya çıxmaq, geniş müsahibə verməklə aram yoxdu. Ailəm hətta məni bəzən məzəmmət edir,​ təzyiq göstərir ki, get, çıx televiziyaya. Mən isə çalışıram uzaq olum bu şeylərdən.​ Ancaq çoxlu jurnalistlə dostluq​ münasibətim var. Bu, hələ orda oynadığım vaxtdan yaranıb. Hətta Seneqala gedəndə tez-tez mənimlə əlaqə saxlayaraq geniş müsahibələr alırlar.​

- Ölkə xaricindəki karyeran​ ərzində indiki tipli​ müsahibələr olmuşdu?

- Azərbaycanda ilk dəfədi. Ancaq oynadığım ölkələrin hər birində bu cür bir geniş müsahibə​ vermişəm. Həmin ölkələrdən​ yenə də əlaqə​ saxlayırlar geniş müsahibə almaq üçün. Ancaq çalışıram qaçım bundan. Bilmirdim​ ki, müsahibə sizinlə olacaq. Dedilər müsahibə olacaq, sizi görəndə simanızdan tanıdım. Mənə çox xoş oldu ki, gəldiniz,​ üzbüəüz oturduq, bu cür müsahibə aldınız. Çünki hər zaman telefonla, "vatsap"la tez-bazar müsahibə almaq istəyirlər.​

- Öyrənmək heç vaxt gec deyil. Serbiyada, Litvada hansı sual diqqətini cəlb edib ki, azərbaycanlı jurnalistlər​ verə bilmədi və istəyərdin​ eşidəsən?

- Demək​ olar sualların çoxu eyni məzmunda olub. Sadəcə, bu günə kimi ailəm haqda heç kim sual verməyib.


CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV