Srağagün Futbolun İnkşiaf Fondunun (FİF) təşkilatçılığı ilə Şəmkirdə yerli iş adamları ilə görüş keçirilib. FİF-in icraçı direktoru Tural Piriyev Sport24.az-a müsahibəsində həm bu görüş barədə məlumat verdi, həm də bizi maraqlandıran başqa sualları cavablandırdı. 

- Şənbə günü Şəmkirdə Futbolun İnkişad Fondunun təşkilatçılığı ilə yerli iş adamları və veteran futbolçularla görüş keçirilib. Toplantı ilə bağlı fikirlərinizi bölüşərdiz.
- Bu görüş bizim bölgələrdə mütamadi keçirdiyimiz toplantılardan biri idi. Adətən bölgədə ilk addımı belə görüşlərlə atırıq. Həm İcra Hakimiyyətinin, həm ictimaiyyətin, həm də yerli iş adamlarının iştirakı ilə geniş formatda toplantı oldu. Paralel olaraq, yeni sahibkarlarla da görüşürük. Onu da qeyd edim ki, regionların xüsusiyyətinə uyğun yeni format tətbiq edirik. Zaqatalada hazırda bu layihə üzərində işləyirik. Bir sponsorun cəlb olunması alınmayan rayonlarda bir neçə sahibkarın birləşərək müvafiq ödənişlər etməsinə çalışırıq. Zaqatalada buna çox yaxınlaşmışıq. Şəmkirdə keçirdiyimiz ilkin görüşlərdə buna müsbət baxırlar. Eyni zamanda klubla da əməkdaşlıq edirik. II Liqada çıxış edən “Şəmkir” struktur baxımından çox zəifdi. Sturukturun təkmilləşdirilməsi, fəaliyyətdən gəlirin əldə olunması kimi məsələlərdə dəstək göstərəcəyik.

- Uzun müddətdi “Kəpəz”ə sponsor axtarışına çıxmısız. Bu yöndə irəliləyiş var?
- Desəm ki, hansısa potensial şirkət var və onunla danışırıq, yalan demiş olaram. Beləsi hələ yoxdu. Digər regionları təmsil edən klublarla bağlı ən azı 2-3 iş adamı ilə müzakirələr aparırıq. Təəssüf ki, “Kəpəz”lə bağlı belə bir şey yoxdu. Amma geniş formatda növbəti görüşü planlaşdırmışıq. Biz hələ də Gəncədən olan iş adamlarına tam çıxa bilməmişik. 

- Sizcə, ölkənin ikinci böyük şəhərinin komandasına niyə sahib çıxan yoxdu? 
- Fikrimcə, sponsorluq məsələsi çox həssas mövzudu - komanda ölkənin ən böyük ikinci şəhərinin təmsilçisidi, futbol ənənəsi olan şəhərin klubudu, tarixi var - deyə olmamalıdı. Bizim futbolumuzun marka dəyəri aşağıdı. Bu səbəbdən sponsor cəlb etmək çətindi. Proses uzun çəkir. İnsanları inandırmaq lazımdı. Düşünürəm ki, futbolumuzun məhsul dəyəri yüksələndən sonra ümumi irəliləyiş olacaq. “Kəpəz”lə bağlı hamını qınamaq istəmirəm. Ola bilər ki, hansısa sahibkarın, imkanlı adamın “Kəpəz”ə ürəyi yanır. Sadəcə, biz ona çıxa bilməmişik. 

- Bu qədər təbliğat işi aparırsız, bölgələrdə görüşlər təşkil edirsiz. Siz dediyiniz xəyali iş adamına çıxa bilməmisinizsə, bəlkə o sizə çıxsın? Hər halda kluba ürəyi yanan birinin Azərbaycandakı proseslərdən xəbəri var...
- Biz həmişə danışıqlara hazırıq, istənilən təklifə açığıq.

- Artıq neçə müddətdi bölgələrdə olan iş adamları ilə görüşlər keçirisiz, danışıqlar aparırsız. Maraqlıdı, hansı regionda iş adamları ilə danışıqlar daha asan keçdi? 
- Bu günə kimi görüş keçirdiyimiz bölgələr arasında ən tez effekt verən Zaqatala olub. Açığı, biz düşünürdük ki, Gəncədə bizim üçün asan olacaq. Hamı deyirdi ki, “Kəpəz” Premyer Liqaya gələndən sonra yaxşı olacaq, yetərincə dəstək veriləcək. Təəssüf ki, bu şəhərdə onu görmədik. Yenə təkrarlayıram, bizim üçün hələ ki, ən yaxşı yer Zaqatala olub.

RƏŞAD QASIMOV