"Belə bir səfər etməyi çoxdan istəyirdik. Komanda ilə birgə gəlmək şansımız olmurdu. Bu gün bizə nəsib oldu". Sportal.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Qarabağa komandası ilə birgə səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, əllərinə düşən fürsətdən istifadə edərək Fizuli, Şuşa, Xankənndi və Ağdamı gəziblər: "Çox xoşdur. Haqqında eşidib görmədiyimiz yerlərdə olduq. Gördük ki, düşmən bura nə qədər ziyan vurub, nə qədər dağıntılar törədib. Təqribən 1,5 il öncə buraya gəlmişdim. Qısa bir müddətdə böyük dəyişikliklər, yeniliklər var. Başda cənab Prezident olmaqla, burada əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Hamı çox ürəkdən çalışır, bərpa işləri gedir. İnanın ki, əvvəl Qarabağı görmədən sevirdim, indi görərək daha çox sevirəm".
Qurbanovun sözlərinə görə, bəzi legionerləri ilk dəfə Qarabağda olurlar: "Bir neçə futbolçularımız daha öncə burada olduqda üzrlü səbəblərə görə mən gələ bilməmişdim. Pandemiya vaxtı idi. Bakıya getdikdə ümumi təəssüratları bölüşəcəyik. Amma legionerlərə gəlməzdən öncə bildirilmişdi ki, çox dəyişiklər olub, gördüyünüzə inanmayacaqsız. Elə də oldu. Hamısı o vaxt və indi necə olduğunu maraqlanırdılar. Gəlib, "İmarət" stadionunu gördülər. O vaxt gəldikdə, stadionun yerində hətta bir az futbol da oynamışdılar. Amma indi tam əksi oldu, yeni qurulacaq arenanı gördük. O da çox xoş oldu. Biz cənab Prezident stadionun təməlini qoyanda televiziya vasitəsilə görmüşdük. İndi tam yaxından gördük. Legionerlər də arada buraya gəlmək borclarının olduğunu bilirlər. Biz də burada yaşayan insanların yanında olmaq istəyirik. Çünki başqa cür dəstək verə bilmirik. Bəlkə də hazırda onlar üçün burada yaşamaq bir o qədər də əyləncəli deyil. Amma biz futbolçularımızla onların yanına gəldik, kuboku gətirdik. Məncə, insanlar üçün daha da maraqlı oldu. Çox istərdik ki, onlara tez-tez dəstək olaq. Lakin işlərimizlə bağlı bizi üzrlü hesab etsinlər. Yaxınlarda avrokuboklarda oyunlarımız başlayacaq və çox ciddi bir iş rejiminə keçəcəyik. Bu insanların dəstəyini uzaqdan hiss edirdik, indi nə qədər azarkeşimizi canlı gördük. Statistikanı da çox yaxşı bilirlər. Oyunlarımızdan da maraqlı suallar verirdilər. Biz də azarkeşlər üçün futbol oynayırıq. Çalışacağıq ki, qarşıdakı dönəmdə daha da yaxşı nəticələr əldə edək. Məsuliyyətimiz də yavaş-yavaş artır".