Premyer Liqamızın XXVI turunun müzakirəsi üçün "Mütəxəssis rəyi" ənənəvi rubrikamızın qonağı millimizin məşqçisi Arif Əsədov oldu. 51 yaşlı mütəxəssis həm çempionluq, həm də bürünc medal uğrunda şansları dəyərləndirdi. 

- Bu turdakı nəticələri nə dərəcədə gözləyirdiniz?

- Turda iki matçı stadiondan izlədim - "Keşlə" - "Sumqayıt"  və "Zirə" - "Qəbələ" görüşlərini. Həm çempionluğa, həm də bürünc medala oynayanların qələbə qazanacağı gözlənilən idi. Çünki onlar sona 3 tur qalmış çalışırdılar ki, maksimum xal əldə eləsinlər, bir-birindən geri qalmasınlar. Sadəcə, "Zirə" xal itirdi, halbuki, "Qəbələ"ylə müqayisədə daha çox onun qələbəsi gözlənilirdi. Çünki həm evdə çıxış edirdi, həm də "bürünc" uğrunda rəqibi "Sumqayıt" də 1 gün qabaq qalib gəlmişdi. Bunları nəzərə alaraq, qələbə vacib idi zirəlilərə. Amma bu alınmadı, çünki "Qəbələ" yaxşı oynadı, sanki evdəki kimi çıxış edirdi.   

- "Neftçi"nin heç də asan rəqiblərdən olmayan "Səbail"ə onun meydanında məhz 4:0 hesabıyla qalib gəlməsi sizin üçün gözlənilməz olmadı?

- Son illərdə götürsək, "Neftçi" o meydançada çox çətin oynayır. Yadımdadı, hələ Roberto Bordinin vaxtında hesabda irəlidə olduğu matçda, sonradan taktikanı dəyişdi, 5-ci müdafiəçini meydana buraxdı və yekunda 1:2 geridə idi. Yalnız son saniyələrdə Mamadu Mbodjun başla qoluyla məğlubiyyətdən xilas ola bilmişdilər. Bununla "Neftçi" demək olar çempionluq yolunda ən həlledici zərbə almışdı. Burda da hardasa xal itkisini gözləmək olardı, ancaq görünür, "Neftçi" matça yaxşı hazırlaşmışdı. Xüsusilə ilk dəqiqələrdə yaxşı başladı, hiss olunurdu ki, qol olacaq. Bu, olandan artıq daha rahat oynamağa başladı komanda. Və qolların ardı da gəldi. "Səbail"də hiss olunurdu ki, psixoloji sıxıntı, ruh düşkünlüyü var. Baş məşqçi Afatndil Hacıyevin də mətbuata açıqlamasından görünür ki, son turlara qalmış komandanı matçlara kökləmək getdikcə daha da çətinləşir. Məlum məsələdi ki, klubda maliyyə sıxıntıları var. "Neftçi" də bundan istifadə edir. Bu komandada əksinə, ruh yüksəkliyi var. Bundan əvvəl də qalib gəlmişdi, çempionluğa imkanları olduğundan maksimum istəyirlər bundan istifadə eləsinlər. Bir sözlə, "Neftçi" layiqli qələbə qazandı.

- Özü də razılaşarsınız ki, çox baxımlı oyunla...

- Elədi. Həm də "oturuşmuş"un heyətinin olduğunu nəzərə alaq, son turlarda çox az dəyişikliklər olur. Yarımmüdafiə və hücum xəttində olanlar artıq bir-birlərini daha yaxşı başa düşməyə başlayırlar. Bu üzdən rahat oynayırlar.

- Keysuke Honda yeni gələndə ehtimal yönlü gikirlərini demişdiniz. İndisə o, artıq xeyli müddətdi oynayıb, son turlarda qollarını da sıralayır. Hazırkı Honda "Neftçi"yə nə dərəcədə faydalıdı?

- Honsa getdikcə fiziki durumu yaxşılaşaraq rahat çıxış edir. Çünki əvvəlki matçlarda üz cizgilərindən hiss olunurdu ki, hansısa sürətli reyd edəndən sonra ona çətindi. Ancaq indi baxırsan ki, Honda həm rahat oynayır, həm də top itkiləri çox azdı. Əsas da bütün qol epizodlarında iştirak edir. 

- Son matçda "Neftçi" hücumçusuz idi, Hondanın hücumda oynaması diqqətdən qaçmadı...

- Bu dəqiqə deyərdim ki, "Neftçi"nin ən güclü yeri orta xəttidi. Bu mövqe daha yaxşı oynayırsa, deməli, qalib gəlməyə daha yaxınsan. "Neftçi"də son turlarda orta xətdə impravizasiya, kreativlik öz sözünü deyir. 

- "Qarabağ" Ramin Quliyevin gəlişindən sonra yüksəlişdə olan "Sabah"ı bir hissədə vurduğu 4 cavabsız qolla məğlub etdi. Bu, səviyyə fərqinin böyük olmasından, yoxsa "Neftçi"nin bir gün əvvəl qalib gələrək liderliyə yüksəlməsindən qaynaqlanırdı?

- Sanki əvvəldən oyun "Qarabağ" üçün uğurlu alındı. Bu komanda da belədi - qolu tez vursa, oyunu daha yaxşı alınır və bu, hesabda əksini tapır. Vurmaqdıqca, bu, uzandıqca, rəqib başlayır daha da qapanmağa, "Qarabağ" isə tələsməyə. Burdasa oyun onun üçün uğurlu başladı, hesabı tez açdı, bundan sonra qollar ardıcıl sıralandı. Yekunda layiqli qələbə qazandı. "Sabah"da görünür ki, ola bilər Sumqayıtdakı qələbədən sonra inam yaranmışdı. Əslində, inam yaxşı şeydi, sadəcə, burda özünəinam bir az artıq oldu. Bəlkə, bu, harada mənfi təsirini göstərdi. Belə götürsək, "Qarabağ" "Sabah"a qarşı rahat oynayır. Təsadüfi deyil ki, bu çempionatda 4 görüşün hamısında onu məğlub etdi. Futbolda olur çətin rəqib, məsələn "Sumqayıt" "Neftçi" üçün. Ancaq burda "Qarabağ" üçün münasib rəqibdən söhbət gedir. Burda bir məqamı da vurğulayım ki, "Qarabağ"da optimal heyət də var idi. Hücum xəttində 90 faiz istədikləri futbolçular vardı - yalnız zədəli Filip Ozobiç çatışmırdı. O da olsaydı, "Qarabağ" bu heyətlə möhtəşəm olur. Zubirlə Romeronun cinahlarda yaxşı oyunu komandanın hücumda gücünə güc qatır. 

- "Neftçi" Sumqayıtdan xalla gəlsə, hər şey son turda "Qızıl oyun"a doğru gedir, yoxsa fərqli düşünürsünüz?

- Düşünürəm ki, hər şey dediyinizə doğru gedir. Məncə, "Neftçi"ni Sumqayıtda son turdakından da ağır oyun gözləyir. 

- Nəyə əsasən belə fikirləşirsiniz?

- Psixoloji baxımdan düşünürəm ki, "Neftçi" o səddi keçə bilsə, hər şey qaydasında olacaq. Bilirsiniz ki, "Sumqayıt"a da 3-cü yeri tutmaq üçün qələbə lazımdı. Üstəlik, "Neftçi" səfərdə çıxış edir, rəqib də çətindi onun üçün. Buna görə psixoloji amillər burda ön planda olacaq. Çempionluq son tura qalsa, "Neftçi" hardasa psixoloji üstünlüyə malik ola, istək baxımından rəqibini üstələyə bilər. Bunadəksə Sumqayıtda qalib gəlmək vacibdi.

- "Qarabağ"la şəxsi görüşünüm qaldığını nəzərə alsaq, əsas məsələ uduzmamaqdı..

- Razıyam. Ancaq düşünmürəm ki "Neftçi" ora 1 xal üçün gedəcək. Mənə elə gəlir ki, əksinə, məqsəd udmaq olacaq. Düzdür, "Sumqayıt" son turda qalib gəldi, ancaq heç də yaxşı oyun göstərmədi. Bu, son 2 turda olub.

- Bu, Əli Qurbanisiz dönəmə təsadüf edib. Sizcə, bombardiri olan bu hücumçusuz "Neftçi"yə qalib gələ bilərmi?

- Bəli, Əil "Sumqayıt"ın hücum xəttində böyük qüvvədi. O, komandanın əsas "silah"ıdı. Təkcə qol vurmaq baxımından yox, həm də topu özündə saxlayıb komandanın arxa xətdən hücuma çıxması üçün də şərait yaradır. Amma indiki halda görürsən ki, "Sumqayıt"da top hücumda tez itirilir. Qurbani isə top irəlidə onda olanda ən pis halda cərimə zərbəsi qazanırdı ki, komanda rəqib meydançasına çıxa bilsin. Bu, əks-hücumda çıxış edən komanda üçün vacib amildi. Ancaq Qurbani nə qədər böyük itki olsa da, oyuna böyük motivasiya var, matçın gedişatının necə alınması da mühümdü. "Sumqayıt" evdə həmişə yaxşı oyun nümayiş etdirir. Yəni, birmənalı şəkildə nəsə demək çox çətindi. 

- "Zirə"də yorğunluğun olmasını baş məşqisi Rəşad Sadıqov da etiraf edir. Sizcə, bu komanda "bürünc savaşı"ında sonadək darta biləcək? Kubokdan kənarda qaldığından, avrokuboka vəsiqəni nağdı etmək üçün yekunda 3-cü olmaq çox vacibdi...

-  Görünür ki, bütün komandalar "korona" xəstəliyi keçirəndə "Zirə" bu halla üzləşməmişdi. Sonradan bütün komandalarda sağalma prosesi gedəndə isə əksinə, "Zirə"də bu, başladı. Bura Kubokda çıxışı da nəzərə alsaq, hər şeyin üst-üstə düşməyi - sıx qrafik, qısa ehtiyat skamya, bəzi futbolçuların zədələnməsi sonda bu yorğunluğa gətirib çıxardı. Bu da komandanın oyununda öz sözünü deyir. Sanki indi "Zirə" rəngarəng oyunu yox, nəticəni düşünür. Çalışır ki, komanda daha çox müdafiədən oynamaqla az güc sərf etsin və sıx, kompakt çıxış etməklə əks-hücumlarda rəqibi yaxalasan. Gücünü hesablayaraq belə edir. Çünki açıq futbola üstünlük versə, bəlkə də çatdıra bilməz. Qol buraxmır, qol vurmur - hardasa bu, balansı qoruyub saxlayır. Bu, hiss olunur "Zirə"də. "Qəbələ"də isə əksinə, itiriləsi bir şey yox idi. Həmişəki kimi açıq futbola üstünlük verirdi. Sadəcə, sonluq çatmırdı qol vurmaqda.  

- Təqvimə əsasən "Zirə"ni "bürünc"ə daha şanslı sayırsınız, yoxsa "Sumqayıt"ı?

- Fikrimcə, növbəti turda hansısa yerdəyişmə ola bilər. Ancaq son turdakı matçlar yenidən hansısa sual doğura bilər. Şans var ki, "Zirə" növbəti turda qalib gəlsin və "Sumqayıt"dan irəlidə olsun. Çünki rəqibi "Neftçi"ylə oynadığından xal itirməsi mümkündü. Amma son turda "Sumqayıt" vəziyyəti yenidən öz xeyrinə qaytara bilər. Bu da özünün qələbəsi, rəqibin xal itirməsi sayəsində reallaşacaq. Həm də nəzərə alaq ki, "Sumqayıt" "Zirə"dən şəxsi oyunda üstündü. Hardasa cüzi olaraq daha şanslıdı, ancaq tam əminliklə yox. Necə ki 1-ci yer, eləcə də 3-cü pillə üçün birmənalı hələ heç nə demək olmaz. Təbii ki, "Neftçi" üçün istək amili sonda öz sözünü deyə bilər. 

- "Keşlə" son pillədə getsə də, ona toxunmaya bilmərik. Çünki finala çıxdığına görə avrokuboka iddiaçı olaraq qalır. Sizcə, həmin "Sumqayıt"a finalda qalib gəlmək gücündədi?

- "Keşlə"də istər futbolçuların, istərsə də rəhbərliyin bütün fikirlərinin Kubokda olmağı təbii ki, hiss olunur. Görürük ki, komanda daha çox bu turnirə köklənib, şansı daha çox burda görürlər. Əslində, "Keşlə" "Sumqayıt"dan zəif oyun nümayiş etdirmədi. Sadəcə, əlinə düşən qol imkanlarından istifadə edə bilmədi. "Sumqayıt" isə nəticəyə oynayaraq istədiyini əldə elədi. Bildiyiniz kimi, belə də olub ki, II dəstə komandası gəlib Kuboku əldə edib.

- Bəli, ancaq bizdə yox, Avropada...

- Mən də məhz xarici nəzərdə tuturam. Bizdə isə elə bu mövsümdə oldu ki, I Divizion təmsilçisi "Kəpəz" gəlib "Sabah"a qalib gəldi. Çünki Kubokda tamam başqa oyun ab-havası olur. Bu baxımdan "Keşlə"nin çempionatda hansı yeri tutmasının heç bir önəmi, finala heç bir mənfi təsiri olmayacaq. Bu üzdən şansı var Kuboku götürməyə.

- Və sonda yığma məşqçisi kimi sualı cavablandırmağınızı istədik. Məlumdu ki, mövsüm bitən millimizin yoldaşlıq görüşləri olacaq. Milli futbolçularında mövsümün sonunda yorğunluq hiss olunurmu?

- Belə deməzdim. Əksinə, oyun praktikaları bir az azlıq təşkil edir. Analiz edəndə, hansı milli futbolçusunu qeyd edəsən ki, çox oyun keçirdi, yorğunluq oldu - bunu görmürəm. Sadəcə, burda əsas məsələ zədələrdən uzaq olmaqdı. Problem bundadı, görürsən ki, bir neçə milli üzvü zədələndi - Əli Qurbani sıradan çıxıb, Mahir Emreli zədələnmişdi, qayıtdı. Mövsümün sonunda rotasiyalar olur ki, bununla vəziyyət tənzimlənir. 

- "Qəbələ"də son 2 turda 2-ci qapıçısı Tərlan Əhmədli əsas heyətdə yer alaraq yaxşı oyunuyla yadda qalır, xüsusilə izlədiyiniz Zirədə. O, uzun müddət ehtiyatda qalmasını hiss etdirmir. Milli məşqçisi olaraq bu qapıçı diqqətinizi çəkdimi?

- Düzdür, Tərlan Zirədəki matçda ən yaxşılardan idi. Həm də yerli qapıçıdı. Bundan əvvəlki oyununa da baxmışdıq, onda da inamlı çıxış etmişdi. Əhmədliyə şans verilir, o da bundan istifadə edir. Hiss etdirmir ki, uzun müddət oyun praktikası olmayıb. Xüsusilə Zirədəki görüşdə qurtarışını xatırlayıram - İlkin Muradovun yaxın məsafədən zərbəsinə necə gözəl reaksiya göstərdi, topu qapı xəttindən çıxardı. Deyirlər ki, qapıçı komandanı real qoldan xilas elədi. Bu, elə epizodlardan biri idi. Bəlkə də onun bu qurtarışı "Qəbələ"ni məğlubiyyətdən qurtardı. 

 

 

 

MEHMAN SÜLEYMANOV