"Çox şükür ki, Gəncəyə futbol qayıtdı, "Kəpəz" layiqli oyun göstərdi. Stadionda əsl bayram-ab-havası vardı. Biz də gəncəli azarkeşlər olaraq çalışdıq bunda pay sahibi olaq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Kəpəz"in sadiq azarkeşi Natiq Əsədov deyib. 

Misli Premyer Liqasının ikinci dövrənin startında "Kəpəz" - "Neftçi" matçının keçirildiyi Gəncə şəhər stadionunda "Şəhidlər tribunası" yaradılmışdı. Belə ki, bir sektor şəhidlərin fotoları üçün ayrılmışdı. Əsədov bu işləri görməyi özləri üçün mənəvi borc sayır: "Üç nəfər - mən, Fuad və Vüqar bu işi gördük. Dörd gün hazırlıq görmüşük. Hamımız fədakarlıq göstərdik. Bizə Müzadil müəllimlə Nəcəf müəllim dəstəklərini göstərdilər. O şəkillərin hamısı bir-bir öz əlimlə asmışam. Halalları olsun! Əsas ideya Fuad Hüseynovdan gəldi. Getdik yerində baxdıq, gördük ki, ən görünən yer, telekameralara da yaxşı düşən həmin sektordu. Şəhidlər üçün ən layiqli yer oradı - 19-cu sektor idi. 44-cü sektor olsaydı, rəmzi olaraq şəkilləri orda yerləşdirərdik. Plakat da düzəltdirdik. Səhər 8-dən oyun başlayana kimi iş başında olduq. 110 şəkil vardı. Əsasən Gəncədən olan şəhidlər idi - həm I, həm də II Qarabağ müharibəsinin. Onlarla yanaşı, general Polad Həşimovla Xudayar Yusifzadənin də fotoları vardı. Bir-bir qapıları gəzmişik, şəhid atalarından, analarından şəkilləri götürmüşük, bayraqlar almışıq. Gecə də şəkilərin hamısını evlərinə qaytarmışıq. Hamımız şəhidlərimizə borcluyuq. Plakat özümüzdə qaldı - "Şəhidlər ölməz, Vətən bölünməz". Bunu hər oyun asacağıq. Ümumiyyətlə, yaxşı təşkilatçılıq vardı həmin gün stadionda. Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket hücumu nəticəsində valideynlərini itirmiş uşaqlar matçda topa ilk zərbəni vurdular, onlara hədiyyələr təqdim olundu".

Gəncə Alüminum Zavodunda mühəndis işləyən 55 yaşlı həmsöhbətimiz "Kəpəz"in Gəncəyə qayıtmasının çıxışına müsbət təsir göstərəcəyini hesab edir: "Ən güclü komandalar da burda çətinlik çəkəcək. "Neftçi"ylə bağlı bunu gördük, "Sabah"la "Qarabağ"ı da Gəncədə asan sınaq gözləmir. Matçdan sonra xatirə şəkli çəkdirdiyim "Neftçi"nin kapitanı Emin Mahmudov mənə dedi ki, "Kəpəz" 10 nəfərlə qalandan sonra elə bil 14 nəfər idi. Çünki azarkeşlər onlara dəstək oldu, bizə çətin anlar yaşatdılar. Dedi ki, elə bil birdən "Kəpəz"ə böyük güc gəldi".

Əsədov Gəncə şəhər stadioinunda əsaslı təmir işlərini görüləcəyi günü səbirsizliklə gözləyir: "Şəhərimizdə asudə vaxtı keçirməyə yer azdı. Gəncə Bakı deyil. Çox istəyərdim ki, stadionumuz yaxşı vəziyyətdə olsun, təmir olunsun, dolu tribunalarla köhnə günlərinə qayıtsın. Gəncə kimi şəhərdə müasir stadion olmalıdı - heç olmasa 30 minlik, üstü da bağlı".

 

 

MEHMAN SÜLEYMANOV