"Karvan-Yevlax"ın futbolçusu Elvin Yunuszadənin Sport24.az-a müsahibəsi.

 

- Milsi Premyer Liqasının XIII turunda "Qarabağ"a uduzdunuz. Məğlubiyyəti necə şərh edərdin?
- "Qarabağ" kimi güclü rəqiblə oynadığımızı bilirdik. Rəqibimiz Avropa səviyyəsində komandadır. Matça yaxşı hazırlaşmışdıq. Oyunumuz da pis alınmırdı. Sonuncu dəqiqələrədək dözə bildik. Təəssüf ki, sonda qollar buraxdıq və məğlub olduq. Səhvlərimizin üzərində işləməliyik. Dekabrın əvvəlində kubok matçımız var. Çatışmazlıqları aradan qaldıra bilərik.

- Matçın sonlarınadək yaxşı müdafiə olunurdunuz. "Qarabağ"da sonradan meydana girənlər oyunun taleyini həll etdilər...
- Meydana sonradan girənlərin təsiri böyük oldu. Yeni nəfəs öz sözünü deyir. Həmin oyunçuların ustalıq səviyyəsi də həlledici rol oynadı.

- Dekabrın 3-də yenidən "Azersun Arena"da "Qarabağ"la kubok oyununda üz-üzə gələcəksiniz. Bu sıx qrafiq sizə necə təsir edəcək?
- Bu cür qrafiklə, həm də "Qarabağ"a qarşı oynamaq çətindir. Amma bu, bizim işimizdir. Bunlara hazırlıqlı olmalıyıq. İnkişaf etməyimiz üçün də yaxşıdır.

- Mövsümün əvvəlində baş məşqçi Azər Həşimovla yola başlamızdınız. Artıq onu Füzuli Məmmədov əvəzləyib. Bu barədə nə deyə bilərsən?
- Komandaya yeni baş məşqçi gələndən sonra ab-hava, atmosfer, həvəs də dəyişib. İstək də artıb. Sistemdə də dəyişiklər var. "Qarabağ"la oyun dəyişikliyin müsbət yöndə olduğunu göstərdi. Bir az da vaxt lazımdır. Baş məşqçi bizə yeni qoşulub. Gələcəkdə daha yaxşı "Karvan-Yevlax" görəcəksiniz.

- Füzuli Məmmədov nələri dəyişib?
- Hər şeydən əvvəl həvəsli və istəklidir. İşinə olan yanaşması bizə də keçir. Ümumi sistem və taktikanın üzərində işləyirik. Bunun kollektivə tam aşılanması üçün zaman lazımdır.

- Mövsümün ilk yarısı sona yaxınlaşır. Səncə, sonuncu pillədən qurtula biləcəksiniz?
- Siz məşqlərimizi görmürsünüz. Belə davam etsək, fərqli komanda görəcəksiniz. Hər şey artıq fərqlidir.