"Sumqayıt"la oyunda qol epizodlarımız çox olsa da, rəqibin qapıçısı komandasının xilaskarı oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın futbolçusu Elnur Cəfərov söyləyib. 

Paytaxt təmsilçisinin kapitanı Misli Premyer Liqasının 10-cu turunda "Sumqayıt"la heç-heçə etdikləri matçla bağlı fikirlərini bölüşüb:

"Sumqayıt"la görüşdə bəxt bizim tərəfimizdə deyildi. Dirəyə dəyən toplar da 3 xal qazanmağımıza mane oldu. Fikrimcə, 2 xal itirdik. "Sumqayıt"ın isə şansı gətirdi ki, 1 xal qazandı. Komandamız digər qarşılaşmalarla müqayisədə daha yaxşı təsir bağışladı. Futbolçularımız adaptasiya dövrünü tamamlamaq üzrədirlər. Bir-birimizi yaxşı başa düşürük, müdafiədə də etibarlı oynadıq. Artıq 10-cu tur olsa da, yalnız indi-indi uyğunlaşma dövrünü başa vururuq".


29 yaşlı futbolçu mübahisəli penalti epizodu ilə bağlı fikirlərini bölüşüb:

"Həmin epizodu meydanda görmədim. Əks halda, baş hakimə yaxınlaşıb etirazımı bildirərdim. Sonra hakim mənə dedi ki, rəqib futbolçu qapıçıya "bravo" söyləyər, əlini belinə vurmaq istəyərkən topa toxunub. Buna görə də penalti verilmədiyini bildirdi. Qapıçı özü də komanda yoldaşının hərəkətindən şoka düşür. İkinci sarı vərəqə verilməsə belə, penalti təyin olunmalı idi.

Psixoloji üstünlük bizim tərəfimizdə idi. İkinci qolu da vursaydıq, rəqibin matçın taleyini dəyişəcəyinə inanmırdım".

Qeyd edək ki, "Sumqayıt" - "Şəfa" matçı 1:1 hesabı ilə başa çatıb.