Misli Premyer Liqasının XXXII turunda keçirilən "Səbail" – "Araz-Naxçıvan" (1:1) matçından sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

 

– Kubokdan sonra 3 gün vaxtımız var idi. Son oyunları 4-5 gündən bir oynadığımıza görə,  komanda dinamika baxımından aşağı səviyyədə oyun göstərdi. Çempionatın sonudur. Ümid edirik ki, qarşıdakı günlərdə istirahət edib növbəti oyunlara hazırlaşacayıq.

 

– Komanda qol vurduqdan sonra müdafiəyə oturur. Bu nə ilə bağlıdır?

– Komandaya müdafiə oturmaqla bağlı tapşırıq vermirik. Heyətimiz geniş deyil. Futbolçuların göstərdiyi oyunu kiçiltmək istəmirəm. Futbolçularıma güvənirəm.

 

– Üçüncü yerin əldən verilməsi ilə bağlı narahatlıq var?

– Komanda mövsüm boyu əziyyət çəkir. Bura kiminsə hesabına gəlməmişik. Komanda şəkilində daha artığını etməliyik.

 

– "Turan Tovuz"un ardıcıl xallar itirməsi sizi arxayınlaşdırmır?

– Komandamızı rəqibdən yox, özümüzdən asılı etmək istəyirik.

 

– Son 12 oyunda cəmi bir qələbəniz var. Qol fürsətlərindən yararlana bilməməyinizin səbəbini nədə görürsünüz?

– Futbolda bu prosesslər qaçılmazdir. 6 zədəli futbolçumuz var. Hamısı da əsas heyətin üzvüdür. Komandamız çalışır. Hər şey özümüzdən asılıdır.

 

– Cari mövsümdə ən az qol vuran komanda "Araz-Naxçıvan"dır. Bunun səbəbi nədir?

– Oyunlar olub ki, 6-7 qol vura bilərdik. Komandanın az qol vurması sadəcə statistikadır. Daha çox hücumda olmaq istəyirik. Mən heç kimə söz atmıram. Reallığı çox adam görmək istəmir. Ötən oyuna qayıtsaq, mənim etirazımı normal qarşılamaq lazımdır. Mən gördüyümü sizinlə bölüşməliyəm. Mənə görə kubok oyununda haqsızlıqlar var. Kimsə göz yuma bilər. Qərar verən biz deyilik. Bizi hansısa yolla saxlamağa çalışmazlar.

 

Nuh Tarverdiyev