"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Zaqatalada avtomobil qəzasına düşən futbolçusu Emil Səfərov haqda danışıb. O, Sport24.az-a açıqlamasında qəzanın ciddi olmadığını deyib: "Bu haqda Emilin yaxınlarından məlumat aldım. Futbolçu ciddi xəsarət almayıb. Digər avtomobilin sürücüsü da artıq xəstəxanadan buraxılıb və ev şəraitində müalicə alır. İnşallah, hadisəylə bağlı Emil problemlə üzləşməz. Ağır bir qəza olmayıb, hər iki tərəfdə salamatçılıqdı".

Onu da bildirək ki, Emillin özüylə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizi cavabsız qoydu.

Xatırladaq ki,  21 yaşlı Səfərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil "Niva" markalı maşınla toqquşub. Qəza ötən gün axşam saatlarında Zaqatala rayonunun Yengiyan kəndi ərazisində baş verib. Emil həmin kəndin sakinidi. Zaqatala rayon Polis Şöbəsində hadisəylə bağlı araşdırma aparılır.

 

 

MEHMAN SÜLEYMANOV