"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının VII turunda evdə "Qarabağ"a 1:2 hesabıyla məğlub olduqları görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 43 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı danışıb.

- Bilirdik ki, ağır oyun olacaq. "Qarabağ" çempionatımızın liderlərindəndi. Ümumi götürəndə, planımız irəlidə oynamaq idi. Təəssüf ki, ilk dəqiqəqlərdə fərdi səhvlərdən qapımızda qollar gördük. Bu gün məğlub olmaya bilərdik. Məzmunlu oyun göstərdik. İstədiyim komanda budur. Bu tempi saxlaya bilsək, daha samballı "Qəbələ" görə biləcəyik.

- Gilad Abramovun sol cinahda oynaması səhv seçiminiz deyildi?

- Yox. Bizim qollar Abramovun orda olmağına görə deyildi. İlk qolda Lukas topu itirdi. Məqşlərdə daha yaxşı olduğu üçün Gilada şans verdik. Zurab Oçiqava uzun müddətdir oynamır. Onu da optimal formaya gətirmək lazımdı. Qarşıdakı oyunlarda daha çox şans verəcəyik.

- Medinanın qırmızı aldığı epizodu necə şərh edərdiniz?

- Meydanda bir-birinə layiq iki komanda var idi. Bu gün rəqibdən səviyyəcə aşağı oynamadıq. İnsident oyunda olan elementdi. Çox şişirtmək lazım deyil. Futbola rəng qatan epizoddu.

- İkici oyundur ki, köməkçiləriniz qırmızı vərəqə görür. Bunun necə şərh edərdiniz?

- Hamı tək mənim köməkçilərimi görür. Onlar da oyunun içindədi. Biu gün Qurban müəllim də qırmızı vərəqə aldısa, o da emosiyalarını cilovlaya bilmədi. Belə şeylər futbolda olur.

- Köməkçilərinizlə intizam məsələləriylə bağlı söhbət edirsiz? Hakimlərin "Qəbələ"yə qərəzi var bəlkə?

- Heç kimin qərəzini hiss etmirik. Məşqçilərlə həmişə əlaqədə oluruq. Biz o məşqçilərdən deyilik ki, oturub oyuna sakit baxaq.

- Oçiqavanı mərkəz, yoxsa sol cinah müdafiəçisi kimi oynatmaq istəyirsiniz?

- Hələ əsl Oçiqava deyil. Getdikcə daha yaxşı səviyyəyə gələcək. Onun tam hazır olmağını istəyirəm, indi bu, mənı lazımdı. Universal oyunçudu, müdafiənin mərləzində də, solunda da oynaya bilir.