“Kür-Araz” çox yaxşı komandadı. Ancaq kubok görüşündə uduzmamalıydıq. İki qolumuz hesaba alınmadı. Onlardan biri ofsayddan vurulduğuna görə, heç nə demirik. Ancaq ikinci qolu hakimin niyə qeydə almadığını hələ də başa düşə bilmirik. Bu qərəzdi, yoxsa başqa məqam var, bilmirik. Bir neçə real qol şansından yararlana bilmədik, dirəkdən dönən top oldu”. Bu sözləri Sport24.az-a açıqlmasında II Liqada çıxış edən “Şheki City”nin təsisçisi və rəhbəri Elgün Hüseynov bildirib.
Azərbaycan Kubokunun I təsnifat mərhələsində “doğma divarlar” arasında “Kür-Araz”ı qəbul edən Şəki təmsilçisi 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
“Şheki City”nin rəhbəri hakim idarəçiliyindən narazılığını bildirməklə yanaşı, ehtiyat oyunçular skamyasının qısa olması səbəbindən həm çempionatda “Cəbrayıl”a, həm də kubokda “Kür-Araz”a yenildiyini söyləyib: “Son iki oyunda – həm “Cəbrayıl”, həm də “Kür-Araz”la matçda hakim bizə qarşı idi. Niyə belə etdiklərinin səbəbini bilmirəm. “Cəbrayıl”la matçda referi baş məşqçimizə ağzını açmağa imkan vermirdi. Rəqibin çalışdırıcısına isə fərqli münasibət göstərirdi. Bəzi futbolçuları komandadan kənarlaşdırdığımdan ehtiyat oyunçular skamyamız da qısadı. Onları niyə düşərgədən uzaqlaşdırmışam? Səbəb intizamsızlıqdı. İntizamsız futbolçularla yola davam etməkdənsə, ehtiyat oyunçular skamyasının kasad olması daha məsləhətdi. 30 il Şəkidə futbolun olmaması təsirini göstərir. Yerli gənclər hələ də böyük futbolun nə olduğunu başa düşməyiblər. 2 turdan sonra qış fasiləsi başlayır. Fasilə dönəmində heyəti gücləndirəcəyik”.
Qeyd edək ki, “Şheki Citi” çempionatda 19 xalla 7-ci pillədə qərarlaşıb.
RƏŞAD QASIMOV