“Arzu edirəm ki, “İrəvan” Premyer Liqaya yüksəlsin. Adı böyük, çəkisi də ağırdı. Ümid edirəm ki, həmin vaxt Zahid orda olmayacaq. Bilirəm ki, klubun təsisçisi odu. Ancaq “İrəvan” onsuz daha böyük uğurlar qazana bilər”. Bu sözləri Sport24.az-a açıqlamasında komandanın sabiq çalışdırıcısı Elbrus Məmmədov bildirib.

“İrəvan” – “Karvan” matçından sonra birincilərin prezidenti Zahid Niyazəliyev Football-plus.az saytına müsahibə verib. Klub prezidenti mütəxəssis barədə “Elbrus Məmmədov potensial olaraq Premyer Liqada çıxış etmiş futbolçuların altında qalırdı. Bu klubun adı “İrəvan”dı. Buranı Azərbaycanda adı-sanı olan şəxs çalışdırmalıydı. Biz də buna uyğun davranaraq Nazim Süleymanovu gətirdik. Elbrus Məmmədovla başqa problemimiz yoxdu. Yaxşı çalışdırıcıdı. Allah yolunu açıq etsin. Amma “İrəvan”a adına layiq, yüksək səviyyəli Nazim Süleymanov kimi məşqçi lazım idi. Yeni çalışdırıcımızdan məmnunuq. Onu əlimizdən buraxan deyilik. Nazim Süleymanovla uzun illər bir yerdə olacağıq” kimi fikirlər sələndirib. Bundan başqa Niyazəliyev “arxamca danışan dovşanlara hər şeyi sübut edəcəm. Onlar bizim uğurları həzm edə bilmirlər. Şəxsiyyətin dalınca danışarlar da. Mən varam ki, arxamca danışırlar. Yenə deyirəm, onları adam yerinə qoymuram. Onları dovşan adlandırıram” söyləməklə yanan odun üstünə bir qədər də benzin töküb.

Elbrus bəyin “İrəvan”ın prezidentinin söylədiklərinə reaksiyası özünü çox gözlətmədi. Saytımıza açıqlaqma verən Məmmədov Niyazəliyev barədə futbol camiəsində, eləcə də cəmiyyətdə rezonans doğuracaq fikirlər səsləndirdi: “Sükutu o pozdu. Bu günə kimi heç yerdə ad çəkməmişdim. Futbolçuların ağırlığından deyirsə, Qurban Qurbanovun, Rəşad Sadıqovun, Aqil Məmmədovun, Elmar Baxşıyevin, Rəşad Abdullayevin və adlarını çəkmədiyim neçə-neçə tanınmış azərbaycanlı oyunçunun məşqçisi olmuşam. Legionerlərə gəlincə, Laki İdahor, Makovski qardaşları, Adrian Pit, Adrian Skarlatake bəs edər? Fikrimcə, adlarını qeyd etdiklərim heç də bu gün “İrəvan”da çıxış edən futbolçulardan zəif olmayıblar. Görün mən kimlərlə işləmişəm... Onu da qeyd edim ki, “İrəvan”ı məhz mən formalaşdırmışam. Bu gün komandanın şərəfini qoruyan futbolçular Zahid tanıyırdılar? İstər Abbasov qardaşları, istər Vüqar Bəybalayev, İstərsə də Ruslan Hacıyev və başqaları mənim təklifimi qəbul edib komandaya gəliblər. Qarşılıqlı münasibət və hörmət olduğundan bu komandada oynamağa razılıq veriblər. Utanırdım onların və köməkçilərimin gözlərinə baxmağa. Orda çalışdığım müddətdə bir dəfə də olsun nə futbolçulara, nə məşqçilərə bir qəpik belə vermədilər. Yerimdə başqa bir məşqçi olsaydı, məncə, o da bu addımı atardı. Nə oldu, Elbrus bu gün getdi, ertəsi uşaqlara müəyyən qədər pul paylandı. Bu nə deməkdi?”

Elbrus bəy onu da bildirib ki, komandanın “sükanı arxasında” ola-ola Nazim Süleymanov və Səttar Əliyev “ASK Arena”ya baş çəkərək klub prezidenti ilə görüşüblər: “Yolu açıq olsun, Nazim Süleymanovun Səttar Əliyevlə birgə Zahidlə görüşmək üçün stadiona gəldiyini gördüm. Sən demə, klubda baş məsləhətçi Əliyev olub. 

Müsahibədə həkim barədə də yalan fikirlər səsləndirib. Həkimin cibindən dərmanlara pul xərclədiyinin özüm şahidiyəm. Mən həkimə xərclədiyi pulların qəbzlərini saxlamasını tapşırmışdım. Zahid özündən o qədər razıdı ki, deyir, arxamca danışırlar. Bilmirəm kimi nəzərədə tutur. Arxaca danışanın ən böyüyü özüdür. Kişi adamdısa, Rövnəq Abdullayev və Zaur Axundov barədə səsləndirdiyi xoşagəlməz fikirləri mətbuata da söyləsin. Arxaca danışan varsa, birinci insan odu. Danışığını bilməyən, hər kəlmədə söyüş işlədən səviyyəsizin biridi. Səviyyəli klub yaratmaq istəyirlərsə, Zahidi klubdan uzaqlaşdırmalıdırlar. Çox danışıb, onu biabır etmək istəmirəm. Orda deyiləsi o qədər iyrənc söhbətlət var ki... Görün nə qədər fırıldaqçı adamdı ki, icmanın adından istifadə edib, kluba yararsız oyunçular gətirirdi. Təsəvvür edin 40 nəfərə məşq keçirdim. Bilirsiz bu nə deməkdi? Ona hər dəfə “baş məşqçi olaraq nəticəyə məsuliyyəti mən daşıyıramsa, mənə bu sayda oyunçu lazımdı” deyirdim. O isə “bu uşaqları icmanın rəhbəri Əziz Ələkbərli şəxsən göndərib və tapşırıb ki, klubda olmalıdılar. Məşqçi 1 və ya uzağı 2 nəfərə göz yumar. 15-20 nəfərə göz yummaq olar? Təbii ki, bu məsələdə Zahidin öz maraqları var idi. Eşitdiyimə görə, mən ordan gedəndən sonra Süleymanovun da başına eyni oyunu açıb. Səhv etmirəmsə, Nazim müəllim ilk məşqində məcburiyyətdən 15-in 15-ə futbol verib. Bu adam heç vaxt düzəlməyəcək. Alı Alıyevdən söhbət edir. Alı müəllim vaxtilə ölkə futbolunda sözünü demiş adamdı. Onun dalınca danışır. Kimdən soruşmuşamsa hamı Zahidə sözün əsl mənasında fırıldaqçı və “atanşik” deyib. Xahiş edirəm bu fikirimi yazın: bu adam “atanşik"di! Onun sözü ilə əməli heç vaxt üst-üstə düşmür".

Məmmədov “İrəvan”ın futbolçularının maaş üzünə həsrət qaldığını, Niyazəliyevin daha böyük posta göz dikdiyini də söyləməyi unutmadı: “Onu da bilirəm ki, komanda bir araya gələndən bir qəpik də maaş almayıb. Mən gedəndən sonra hərəyə bir qədər avans verilib. İstəsəz bunu futbolçulardan öyrənə də bilərsiz. Bu adam hamıya “atır”. Zahid özündən o qədər razıdı ki, AFFA prezidentliyinə namizədliyini irəli sürmək istəyir”.

 

 

RƏŞAD QASIMOV