Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində səfərdə “Qəbələ”ylə 2:2 hesablı bərabərliyə qalan “Neftçi”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 43 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb. 


- Oyun olduqca həyəcanlı idi. Fikrimcə, yaxşı qarşılaşma alındı. Həddən artıq çox qol epizoduna girdik. Təəssüf ki, istifadə edə bilmədik. Bir sıra dəyişikliklər etdik. Bu da psixoloji təzyiqlə əlaqədardır. Ötən oyunla müqayisədə 3 dəyişiklik etmişdik. Qarşıdakı matçlarda əlimizdən gələnin ən yaxşısını edəcəyik. Futbolçularımız həqiqətən istəkli idilər. Əfsuslar olsun ki, 3 xalı əldə edə bilmədik. Bu yöndə davam edəcəyik.


- Yusuf Lavalın əvəzlənməsi nə ilə bağlı idi?
- İkinci hücumçunu oyuna atdıq. Mert və Tallisonun cinah reydləri zamanı ikinci hücumçuya ehtiyac var idi.


- Lavalın məşqçilərlə dava saldığına dair mətbuatda yayılan xəbərə münasibət bildirərdiniz...
- Həqiqəti siz məndən də yaxşı bilirsiniz. Bu, həqiqət deyil! Gülünc bir şeydi. Nələrsə yazmalısan ki, kimlərsə oxusun. Təklif edərdim bu cür şeyləri yazanları rejissor edək. Sağ olsun bunu yazan, bizi də şənləndirdi.


- Aqil Məmmədovun heyətdən kənarda qalması zədəylə bağlı idi, yoxsa rotasiya xarakterli dəyişiklik idi bu?
- Son oyundan sonra Aqildə xırda zədə var idi. Ancaq onu start heyətinə daxil etməməyin səbəbi bu deyildi. Konfransın əvvəlində də qeyd etdim ki, bir sıra oyunçularımız təzyiq hiss etməyə başlayıblar. Bir qədər beyinlərinin dincəlməsinə ehtiyac var. 


- Səlahət Ağayevin buraxdığı ikinci qoldakı səhvini şərh edərdiniz. Qolkiper həmin andan sonra bir neçə dəqiqə özünə gələ bilmirdi...
- Standart vəziyyətlərdə hər bir rəqib oyunçuya kimsə təkim olunur. Deməli, həmin oyunçumuzda günah daha çoxdu. Amma epizoda yenidən baxmalıyam ki, dəqiq cavab verə bilim.


- Buraxılan ikinci qol, Ahmed Ahmedovun boş qapını nişan ala bilməməsi. Sizcə, bu, futbolçularınızın daha çox basqı altına düşəcəyinə səbəb olmayacaq?
- Zənnimcə, Ahmeddən başqa da futbolçularımız oldu ki, qol epizodlarımızı qaçırdı. Biz məşqçilərin işi də ondan ibarətdir ki, futbolçuları bu basqıdan qoruyaq. Əks halda nəinki həmin futbolçunu, hətta komandanı da itirəcəyik.

 

 

MEHMAN SÜLEYMANOV