"Sözü düzü, bu haqda bizdə klubda söhbət oldu. Ehtiram müəllim də ("Turan Tovuz"un İdarə Heyətinin sədri -müəllif.) məsələyə isti yanaşır. Gəncə Qərb zonasıdı, qonşu şəhərdi. Ehtiyac olarsa, "Kəpəz"ə gücümüz daxilində kömək edə bilərik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev deyib.

"Kəpəz" Gəncə şəhər stadionu yaxın vaxtda əsaslı təmirə bağlanacağından, özünə başqa məkan axtarmağa məcburdu və Tovuz daha yaxın olduğuna görə oranı hədəfləyib. Nəbiyevin "gücümüz daxilində" deməsi əbəs yerə deyil: "Gəncə klubu prinsipial rəqib olsa belə, "yox" demərik. Sadəcə, gücümüz daxilində ona görə deyirəm ki, özümüzdə əsas komandayla birgə 12 komanda var və bu gün meydança baxımından özümüz əziyyət çəkirik. Buna görə gücümüz daxilində deyirik, "yox" demirik. Evdə oynayanda bir gün əvvəldən rəqibə meydança verməlisən ki, onlar məşq etsin. Üstəlik, əvəzedici komanda var, onlar meydança istəyəndə, ona da verməlisən. Gücümüz daxilində maksimum nə olar, kömək edə bilərik. Bu gün bizdə baza tam hazır olmadığına, meydança problemi olduğuna görə əksər vaxt komanda Bakıda məskunlaşır. O baxımdan özümüzdə çətinlik var".

Nəbiyevin sözlərinə görə, "Kəpəz"dən onlara heç bir müraciət olmayıb: "Kluba rəsmi qaydada kimsə müraciət etməyib ki, kömək edək. Qeyri-rəsmi müraciət də olmayıb. Sadəcə, ümumi olaraq öz aramızda söhbət olanda, Ehtiram müəllim dedi ki, elə bir müraciət olsa, kömək etmək lazımdı. Biz də buna hazırıq, imkan daxilində kömək edə bilərik. Bu, "Kəpəz"i qane edəcək, yaxud bizi - bunu deyə bilmərəm. Qabaqdan da qış gəlir, günün qısalması, saat məsələsi var. Yayda olanda təbii ki, vəziyyət fərqlidi. Bizdə akademiyada 10 yaş qrupu, bunların məktəbləri, müxtəlif növbələrdə oxumaqları var. Məktəb saatına görə məşqin salınması - o baxımdan çətindi. Gün də qısa olduğuna görə problem daha çox olur. "Kəpəz"dən müraciət olsa, təklif edəcəyik köməyimizi - gücümüz budu, istəsələr bu formada olar".

Maraqlıdı ki, tovuzlular qonşu bölgənin təmsilçisinə, eyni zamanda prinsipial rəqibinə bunu təmənnasız edəcək?: "Yadınızdadırsa, "Kəpəz" I Divizionda oynayanda Gəncə şəhər stadionu hazır deyildi. Onda bizə müraciət olmuşdu və əvəzedici də, əsas komandası da təmənnasız şəkildə stadionumuzda oynamışdı. O vaxt da təmənna olmayıb, indiki halda da elə bir fikir olmayıb".

 

 

MEHMAN SÜLEYMANOV