"Klubda problemlər var idi. Səbrli oldum ki, bəlkə sponsor gələr. Mövsümün əvvəlində rəhbərliyə "qışa qədər bir şərtlə işləyirəm ki, sponsor olsun" söyləmişdim". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqada mübarizə aparan "Mingəçevir"in baş məşqçisi Ədəhim Niftəliyev deyib.

 

Dünən klubla yollarını ayıran mütəxəssis gedişini belə əsaslandırıb: "Mən belə şəraitdə heç vaxt işləməmişəm. Dövrə başa çatan kimi sözümün üstündə durdum. Bayramdan sonra rəhbərliklə görüşəcəm. Çox yoruldum. Komandanın bu vəziyyətinə düşəcəyini təsəvvür etməzdim. Rəhbərliklə problemim yoxdur. Səfərlərə gedə bilmirdik. Futbolçularla problem yaşayırdım. Gətirdiyim oyunçular mənə kömək eləmədi. Heyətdə 5 nəfər mənə görə canını qoydu, 3-4 nəfər isə vaxt keçirməyə gəlmişdi. Ehtiyatda futbolçu olmamasından istifadə edirdilər. Bilirdilər ki, onları əvəz edən yoxdur. Futbolda 1-2 nəfər oynamayanda, komandanın vəziyyəti pis olur. Bütün matçlarda 5 nəfərlə nəticə vemişəm. Gördüm ki, bu futbolçularla mən uzağa gedə bilmərəm, istefa verdim. Komanda da söz-söhbət çoxdur. Məni "Mingəçevir"ə Bakıdan olan şəxs gətirib. Müqaviləmə hələ xitam verilməyib. Onunla bu yaxınlarda görüşəcəm. Bundan sonra isə qəti qərarımı açıqlayacam".

 

Qeyd edək ki, 11 turdan sonra aktivində 6 xal olan "Mingəçevir" turnir cədvəlinin sonunda qərarlaşıb.