Premyer Liqamızda budəfəki qış fasiləsi heç 1 ay çəkmədi. Artıq bu gün klublarımız qaldıqları yerdən mübarizəyə davam edəcəklər. AFFA Məşqçilər Komitəsinin üzvü, milli komandamızı da çalışdırmış təcrübəli mütəxəssis Şahin Diniyev Sport24.az-a müsahibəsində qış hazırlıq dövrünü, edilən transferləri incələdi.

- Başa çatan qış hazırlıq dönəminə əsasən, mövsümün həlledici mərhələsi sayılan ikinci yarısından gözləntiniz nədi?

- Çox da pauza olmayıb ki, deyək ritmdən düşmək, bir neçə turdan sonra formaya düşmək olsun. Bu söhbətlər artıq axırıncı plana düşüb. Ona görə komandanın maksimum formasına çatması üçün bir neçə oyun lazım olmayacaq. Mənə elə gəlir ki, az itirilib vaxt və o sarıdan harda idilər, ordan da başlayacaqlar. Burda bir şey var ki, hazırlıq dövründə klublar legioner yox, ümumiyyətlə, transfer ediblərmi, bunlar nə qədər xeyirli, əvvəlki futbolçularından nə qədər güclü olacaqlar. Təlim-məşq toplanışının keçməsi üçün çox vaxt olmamaqla yanaşı, çoxlu oyun da, güclü rəqiblər də olmadı ki, çatışmayan şeylər üzərində işləyəsən. Deyərdim ki, kimsə hansısa taktiki sxem üzərində işləyibsə, bunu daha da mükəmməlləşdiribsə, onlara qış fasiləsinin faydası olacaq. Ancaq formada olmayacaqlar söhbəti olmayacaq. Burda təcrübənin böyük rolu var. Ən başlıcası, ehtiyat qüvvə nə qədər olacaq ki, baş məşqçilər rotasiya edə biləcəklər. Buna görə ehtiyat oyunçular skamyasının uzun olması da çox vacib bir şeydi. Komandalar 80-90 faiz dəyişilməyiblər, həminki heyətlərdi. Burda bir məsələ var ki, o da "Qarabağ"la bağlıdı. Bu komanda artıq tam köklənəcək çempionata. Əvvəlsə həm Avropa Liqasında, həm də çempionatda çox rotasiya edirdi. Hər zaman Premyer Liqada əsas heyətlə çıxış etmirdi. Artıq bu rotasiya yığışdırılacaq və bütün diqqət daxili yarışlara yönəldirəcək. 

- Burda bir amili də mən əlavə edim - daha "korona" problemi olmayacaq. Çünki klublarımızda futbolçuların 80-90 faizi bu xəstəliyi keçirdilər...

- Bunu da çox yaxşı, yerində qeyd elədiniz. Gördüyünüz kimi, neçə güclük qış təlim-məşq toplanışında heç bir komandada koronavirus problemi üzə çıxmadı. Nəticədə hər biri tam heyətlə məşq edə, yoxlama matçı keçirə bildi. Şükür Allaha ki, bu planda hər şey qaydasında oldu. Futbolçuların 90 faizi "korona"ya yoluxdular, sağaldılar və ümumi kollektiv şəkildə immunitet yarandı. Məncə, bu sarıdan əvvəlkitək problemlər olmayacaq. "Korona"nın fəsadını daha çox "Sumqayıt"da, "Keşlə"də gördük ki, onlarda yoluxmanın olması komandaların stabil oynamasına imkan vermirdi. İndisə bu pandemiya dövründə futbolçular artıq koronavirusa yoluxmayacaqlar və baş məşqçilər əlində olan tam heyətə görə taktika qura biləcəklər.

- 15-20 ildi klublarımız hər qış fasiləsində Antalyaya təlim-məşq toplanışına yollanırdılar və orda əlverişli hava şəraitində hazırlaşa, müxtəlif əcnəbi komandaları rəqib seçərək qüvvələrini sınaya bilirdilər. İndisə ölkə daxilində soyuq hava şəraitində hazırlaşa və yalnız öz aralarında oynamaqla kifayətlənməli oldular. Özü də çoxu cəmi 1 sınaq matçı keçirdi. Bütün bunların fəsadını mövsümün ikinci yarısında görə bilərikmi?

- İşə peşəkar tərəfdən yanaşsaq, orda çoxlu oyun olması bununla bağlı idi ki, vaxt hər şeyi həll edirdi. Çünki hazırlıq dövrü təkcə yoxlama matçlarından ibarət deyil. Onu baş məşqçilər hansısa tsikllərə bölürlər. İlk dövr bərpa dövrü olur. Çünki futbolçular 1 aydı məşq etməyəndən sonra bu, mütləq lazım olur ki, orqanizm yerinə qoyulsun, güc bərpa olunsun. Əsas tsikllərdən biri fiziki hazırlqıla bağlı idi ki, komanda bunu yığa bilsin. Bundan sonra sparrinq-matçlar olurdu ki, komandalar artıq daha çox taktika üzərində işləyirdilər. Bu 3 tsiklin hər biri minimum 7-10 gün olurdu. Bu sarıdan futbolçulara istədyin hazırlığı verə bilirdin. İndi stadionlarla, meydançalarla bağlı problem olmadı, sparrinq-rəqib tapmaqla bağlı da. Sadəcə, əsas nüans bu, idi ki, vaxt baxımından problem vardı. Bu az müddətdiə həm fizikanı, həm taktikanı, həm də yoxlama matçlarını salmaq olduqca çətin idi. Ona görə də heç kimi qınamaq olmaz ki, niyə 1 oyun keçirdin, çox matç olmadı. Bunu edə bilərdilər - vaxt olsaydı. Bunun üçün komandalar da vardı. Vaxt imkan verdiyindən hazırlıq prosesini o tsikllərə bölə bilmədilər. Belə deyək, 3-4 tsikli birləşdirib bir yerdə verdilər ki, vaxtı çatdıra bilsinlər.

- Aydın məsələdi ki, qış transfer dövrü arzuolunan, gurultulu transfer olmur. Hər halda, budəfəki dönəmi göz önünə gətirsəniz, hansı klublar diqqətinizi çəkdi? Misal üçün hazırda ilk 2 pillədə olan, çempionluğa əsas namizəd sayılan "Neftçi"ylə "Qarabağ" bir yeni futbolçu belə cəlb etməyiblər...

- Bu dövrdə ümumiyyətlə, transfer etmək çox təhlükəlidi. 100 faizdən hardasa 15-20 faiz imkan olur. Ona görə ki, birincisi, sərbəst futbolçu olmur, ikincisi də indiki pandemiya döründə üzləşdiyin problemləri nəzərə alsaq, çox çətindi kimisə bura gətirmək. Kimsə kimisə bura gətiribsə, böyük qəhrəmanlıq edib. Məncə, bir az daha fəal olan "Sumqayıt" idi. O da uğur gətirən ölkənin futbolçularına ümid edərək yenə ora - İrana üz tutdu. Bildiyiniz kimi, Mehdi Şərifi oynamışdı, qayıtdı gəldi. "Sumqayıt" inandığı, etibar elədiyi ölkənin futbolçularını gətirdi. Burda iş gedirsə, deməli, menecer var ki, oranı tanıyır, bilir ordakı futbolçular "Sumqayıt"a nələr verə bilər, ona uyğun olanları gətirir. İndi həm pandemiyanı nəzərə almaq lazımdı ki, həm də qış transfer dövrü hər zaman uğurlu olmur. İtki faizi daha çox olur, nəinki faydalılıq. "Qarabağ"la "Neftçi" yuxarı yerlər uğrunda oynayırlarsa, indiki futbolçularından yuxarı səviyyədə olanları gətirməlidi. Bunu da tapmaq çox çətindi. Həm sərbəst futbolçu olmur, həm də bu virus bütün ölkələrə yayılıb. Buna görə getmək-gəlmək, karantinə oturmaq - böyük problemlərdi. Hansına ölkəyə uçmağın özü bir problemdi. İddialı klublar üçün heyətindəkilərdən güclü futbolçular tapmaq qeyri-mümkün olmadığından, transfer dövründə fəal iştirak etməyiblər. 

 

 

 

MEHMAN SÜLEYMANOV