30 illik yubileyini 1 həftə əvvəl - sentyabrın 17-də qeyd etmiş Azərbaycan milli komandası. Növbəti turnirini, növbəti sınağını başa vurdu. Hansı ki UEFA-nın yeni turniri olan Millətlər Liqasıdı ki, artıq 3-cü dəfədi keçirilir və onu 2-ci pillədə başa vurduq. Bəli, bu turnirdə debütdə də həmin nəticəni göstərmişdik. Sadəcə, onda 9, bu dəfə 10 xalla. Ən əsası, indi ardıcıl 3 qələbəylə buna imza atdıq. Bu isə nəinki millidə Qurban Qurbanovun, ümumiyyətlə, heç bir baş məşqçinin dövründə olmayıb.

Əslində, hazırkı gedişat çox da gözlənilmirdi. Çünki Canni de Byazinin komandası Millətlər Liqasına son hazırlıq olan martda Maltada keçirdiyi yoldaşlıq görüşlərində həm uduzmuş (Malta və Latviyaya 0:1), həm də oyun planında sönük təsir bağışlamışdı. Həmin vaxt bədbin proqnozlar verildi və bu, startdakı nəticələrdən sonra daha geniş vüsət aldı. Çünki Qazaxıstan yığmasına səfərdə 0:2 hesabıyla yenildik. Halbuki, ilk hissədə rəqibini tam üstələyən millimiz məğlubiyyəti yox, ən azı 1 xalı haqq edirdi, hətta belə üstünlükdə qələbəni da proqnozlaşdırmaq mümkün idi. Amma qələbəni gətirən qolları 2-ci hissədə qazaxlar vurdu və 2:0 hesabıyla qalib gəldi. Həmin rəqibin isə yalnız pley-offdan, Moldovayla yalnız oyunsonrası penaltilər seriyasından gəldiyini nəzərə alsaq, tənqidlər daha da çoxaldı. Həmin rəqib, yəni Qazaxıstan yığması isə sonda sıradan biri yox, qrupun qalibi oldu və yeganə məğlubiyyətini məhz bizdən aldı. Bu haqda bir az sonra...

İkicni matçda Belarusla görüşdük və məlum səbəbdən kənar ölkədə - Serbiyada onun qonağı olduq. Bəli, bu matçda da qol vura bilmədik, amma ilk xalımızı qazana bildik. Bu da uğurlu nəticə sayılmırdı. Bəli, belaruslular sonda qrup sonuncusu oldular. Amma Azərbaycan da daxil olmaqla hər bir rəqibdən xal ala bildiklərini də unutmayaq.

İyunda olan sonrakı iki matç isə artıq Bakıda idi. Hələ püşkatmadan əvvəl qrupumuzun aşkar favoriti sayılan Slovakiya ilə başabaş oynadıq və rəqib yalnız sona yaxın vurduğu qolla qələbəni qopara bildi. Ekvator xəttinə çatdıq və 3 oyuna 1 xal, 0 qol. Növbəti rəqib Belarus idi ki, qırılma nöqtəsi də bu görüş oldu. Çünki "Dalğa Arena"da bu dəfə qol da vurduq, qalib də gəldik. Özü də yaxşı oyunla inamlı qələbə - 2:0.

Amma buna da kölgə salınırdı ki, onsuz da 3 aydan sonra yenə uğursuzluq olacaq. Çünki həmin vaxt Slovakiyanın qonağı olacağıq, sonda qrupda 1-ci pillədə olan Qazaxıstanı qəbul edəcəyik. Bəli, məhz Trnavada bütün bəd proqnozlar alt-üst oldu. Millimizdən illərboyu gözlənilən, amma yalnız Robert Prosineçkinin vaxtında olmuş ardıcıl rəsmi qələbələr gəldi. Razıyıq ki, Slovakiya həmin Slovakiya deyil. Amma bu, rəqib meydanında əzmkarlıq göstərən millimizin uğurlu nəticəsinə qətiyyən kölgə salmamalıdı. Sən hələ ilk hissədə gözəl, Avropasayağı qolla hesabı açırsan, 90-cı dəqiqəyə əlavə olunmuş dəqiqələrdə qapından penaltidən top görəndən sonra hücuma keçirsən, əlverişli şansı qaçırırsan və bunun davamında təyin olunan künc zərbəsindən başla qələbə topuna imza atırsan. 

Və gəldik, seçmə tsiklin sonuna. Qazaxıstan qrup qalibi olmasını artıq rəsmiləşdirərək Bakıya gəlir. Bəli, rəqibdə motivasiyanın yüksək olmaması, heyətdə dəyişikliklər edilməsi başadüşüləndi. Millimiz üçünsə böyük stimul var - ardıcıl 3-cü rəsmi qələbə qazanmaqla tarixi nəticəyə imza ata bilər və qrupda 2-ci pilləni tutmaq şansı da yetərincə yüksəkdi. Necə deyərlər, hər şey öz əlindədi, ud və məqsədinə nail ol! Artıq bu zaman Slovakiyanın evdə Belarusu hansı hesabla məğlub etməsinin heç bir əhəmiyyəti olmayacaq. De Byazi "qalib heyəti dəyişməzlər" prinsipinə əsaslanaraq yalnız bir məcburi dəyişikliyə əl atmalı olur - bu da cəzalı Riçard Almeydanı Filip Ozobiçlə əvəzləməklə. 

Millimizin daha çox hücumlarda keçirdiyi ilk hissədə ən yaddaqalan an heç şübhəsiz ki, matçın taleyini həll edən epizod idi. Belə ki, 35-ci dəqiqədə rəqibin əsas mərkəz müdafiəçilərindən olan "Zenit"li Nurali Alip 2 saniyəyə 2 sarı vərəqə alaraq meydana çıxarıldı. Renat Dadaşova qarşı aşkar kobudluğuna görə "belində sarı"sı var idi ki, bu azmış kimi, ona yaxınlaşaraq hərəkətinə etiraz edən Eddi İsrafilovu sinəsindən itələyərək yerə yıxdı. Alman baş hakim gözünün qabağında baş verənlərə görə rəqib futbolçunu bağışlamadı. Bundan sonra qazaxlar artıq bütün qüvvəylə müdafiəyə çəkildilər və fasiləyə az qalmış yenə öz işlərini çətinə salacaqdılar. Çünki hücuma qoşulan müdafiəçi Elvin Cəfərquliyevin sol cinahdan ötürməsindən sonra az qala avtoqola imza atacaqdılar. Amma təcübəli qapıçıları İqor Şatskiy top xətdən çıxara bildi.

De Byazi 2-ci hissəyə 3 əvəzetməylə başladı. Hər biri də mövqelər üzrə - Eddi İsrafilovu yarımmüdafiənin mərkəzində Aleksey İsayev, Ozan Can Kökçünü yarımmüdafiənin sağ cinahında Mahir Emreli, Renat Dadaşovu hücumun mərkəzində Musa Qurbanlı. Burda əsas Renata fokuslanaraq onu vurğulayaq ki, ilk hissədə onun "sarı"sı vardı, emosionalığını nəzərə alsaq, 2-cini də almaq ehtimalı az deyildi. Almanların da nizam-intizama necə önəm verdiyi məlumdu və italyan baş məşqçimiz sadəcə, riskə getmədi. Çünki qələbə üçün yaranan böyük bir şansı əldən buraxmaq olmazdı.

Baş məşqçimizin sonrakı 2 əvəzetməsi daha uğurlu alındı. Belə ki, Cəfərquliyevin bütün hücumlarının təşkil olunduğu sol cinahda istənilən oyun göstərmədiyini görən De Byazi onu ikinci hissənin əvvəlindəcə yaradıcılıq keyfiyyətləri daha yaxşı olan Toral Bayramovla əvəzlədi. Hə, bu, artıq başqa məsələ oldu. Qazaxların qapısı ağzında təhlükəli vəziyyətlərin sayı artır, necə deyərlər, qol yetişirdi. Bu dəfə də səhnəyə qazaxlar çıxdılar və əvvəl-axır avtoqollarını reallaşdırdılar. Mahir Emrelinin başladığı hücumu Filip Ozobiç gözəl ara ötürməsiylə davam elədi, Ramil Şeydayev isə sonluğu həll etdi. Belə ki, onun irəliləməsindən sonra qarşısını alan rəqibin topu uzaqlaşdırmaq niyyətilə vurduğu zərbə komanda yoldaşının sinəsinə dəyərək qapıdan keçdi. 

Bu zaman matçın 67-ci dəqiqəsi gedirdi və cəmi 7 dəqiqə sonra görüşün müqəddəratı həll olundu. Həmin Toral itirdiyi topu rəqibdən alaraq Filipə ötürdü və o da rəqibi keçərək topu tora qovuşdurdu. Bu, De Byazinin vaxtında millimizə cəlb olunaraq 1 ildir üzvü olduğu xorvat əsilli təcrübəli futbolçunun komandada ilk qolu idi. Ümumiyyətlə, Ozobiç bu matçda nəinki dubl, het-trik, poker də edə bilərdi. Amma onun zərbələrindən sonra ya top "çərçivə"yə düşmür, ya rəqib onun qarşısını alır, ya da qapı çatına tuş gəlirdi. 

İtalyan mütəxəssis Ozobiçi sona yaxın əvəzləyərək Anatoli Nuriyevi də meydana buraxdı. De Byazinin millimizə gətirdiyi bu yarımmüdafiəçiyə də qol hesabını açmaq nəsib imiş. Oyunu yüksək səviyyədə keçirən Şeydayevin 90+1-ci dəqiqədə sol cinahından növbəti reydindən sonra qapı qarşısına ötürmə zamanı rəqibdən qayıdan top Nuriyevə düşdü və onun pauzayla vurduğu qol sadəcə, şedevr idi!

Bəli, tarixə düşən ardıcıl 3-cü qələbə 3 qolla gəldi, 3 ayda 3-cü dəfə 3 xala sevindik. Üç ardıcıl qələbə heç cür təsadüfi ola bilməz. Rəqibin azlıqda qalmasının oyuna təsiri vardısa, millimiz yaxşı futbol nümayiş etdirdi və böyükhesablı qələbəsi də layiqli oldu. De Byazinin 5 müdafiəçidən 4 müdafiəçiyə keçməsi də qələbələrdə böyük rol oynadı. Hücum planında futbolçular meydanda çox olanda, daha çox hücum edirdik, bunlar da yetərincə kəsərli alınırdı. Əlbəttə, təəssüfləndirən məqamlar da var ki, Qazaxıstana Astanada, Slovakiyaya Bakıda məğlubiyyətlər olmamalı idi. Həmin vaxt toplanılan xallarla indi qrup lideri də ola bilərdik. Hansı ki rəhbərlik səviyyəsində de Byazinin qarşısına bu məqsəd qoyulmuşdu. Təbii ki, qalibi mühakimə etmirlər. Amma hər şeyə real baxsaq, Qazaxıstan məğlubedilməz, çox güclü də rəqib deyildi.

Artıq gələcəyə baxmaq lazımdı. Bu isə 2 həftə sonra, oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimidi. Millimiz isə ilk dəfə olaraq orda IV səbətdə yer alacaq və növbəti ilin mart ayında başlayacaq növbəti tsikldə rəqiblərini öyrənəcək. Həmin vaxt baş məşqçimiz kim olacaq - indi hamını maraqlandıran əsas sual budu. Çünki 66 yaşlı De Byazinin müqaviləsi artıq bu ayın sonunda - sentyabrın 30-da bitir. Gözlənilir ki, püşkatmayadək AFFA İcraiyyə Komityəsi bir araya gələrək baş məşqçi məsələsini həll etsin. Onu da unutmayaq ki, az vaxt qalıb, noyabrda 2-dən başlayaraq 2 yoldaşlıq görüşümüz olacaq - Moldova və Şimali Makedoniyayla. Bu, AVRO-2024 öncəsi əsas sınaq olacaq. Millimizin yaxşı bir vaxtında onu bu vəziyyətə gətirən italyan çalışdırıcısına daha bir turnirdə şans vermək olar. De Byaziylə müqavilənin məhz sentyabrın sonunadək imzalanması təsadüfi deyildi, çünki məhz Millətlər Liqasına əsasən yekun rəy veriləcəkdi. Baş məşqçi də 3-cü cəhdində millimizdə ən uğurlu nəticəsini məhz indi verdi. Artıq daha ciddi sınaqda, daha güclü rəqiblərlə olan Avropa çempionatının seçmə mərhələsində daha yaxşı nəticə tələb etməyə əsas olacaq. Azərbaycana ilk dəfə gələn əcnəbi mütəxəssislə işbirliyi isə vaxt itkisi olacaq. Yox, strategiyanı dəyişdirərək, bu dəfə yerli baş məşqçiyə şans verilməsi - bu da "icrakom"un müzakirəsində ola bilən məsələdi. Buna görə gəlin, tələsməyək, səbr edək, bir qədər də gözləyək...