"Yanvarın 5-dən təlim-məşq toplanışına start vermişik. 3 həftəlik məşq planında bu artıq 3-cü məşqimizdir. Hazırlığımızı ölkə xaricində davam etdirməklə, burada bir araya gəlmək arasında fərq görmürəm". Sport24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Litvalı mütəxəssis qış təlim-məşq toplanışı ilə bağlı fikirlərini bölüşüb:

"Ən əsası zədəli futbolçular heyətə qoşulub və demək olar ki, itkimiz yoxdur. "Şamaxı"dan başqa daha bir komanda ilə yoldaşlıq matçı keçirib, yeni ildə ilk rəsmi oyunumuza hazırlaşacayıq. Bizi bundan sonra daha kəskin rəqabət, maraqlı oyunlar gözləyir. Rəqiblərimizin qış transfer dönəmində nə etdikləri bizi maraqlandırmır. Yalnız özümüzü düşünürük. Transfer danışıqlarımız davam edir. Əgər oyun sistemimizə və bizə lazım olan keyfiyyətlərə cavab verən futbolçular tapsaq, onları "Sabah"da görmək istəyirik. Matçlara az çıxan futbolçularımıza daha çox şans vermək niyyətindəyik".