Son mövsümün ən güclüləri son turun son matçının iştirakçısı oldular. Çempion "Qarabağ" vitse-çempion "Sabah"ı "Azərsun Arena"da əsaslı təmir işləri getdiyinə görə Tofiq Bəhramov adına Respublika stadionunda qonaq edirdi. Bu komandaların keçən çempionatdakı duelləri mövsümün ən maraqlı matçları olmuşdu. O üzdən budəfəki görüş də təbii ki, böyük maraqla gözlənilirdi.

Amma meydanda elə də maraqlı mübarizə olmadı. Bu da əsas ona görə idi ki, Murad Musayevin komandası bu dəfə sönük təsir bağışladı. Daha çox müdafiə olunan "Sabah"ın əks-hücumları təhlükəli alınmırdı. Qonaqların 90 dəqiqə ərzində rəqib qapısı qarşısında real qol imkanı demək olar olmadı. 

Hərçənd, liderin heyətlə bağlı sıxıntılarının olması Masazır təmsilçisinə üstünlük verirdi. Belə ki, Şahruddin Məhəmmədəliyevin gedişini, Bədavi Hüseynovun hələ də zədəli olduğunu əzərə alsaq, baş məşqçi Qurban Qurbanovun əlinin altında yerli futbolçu az qalmışdı. Bu üzdən qapıda əcnəbi yox, yerliyə - Amin Ramazanova şans verilmişdi. İkinci hissənin əvvəlində isə Bəhruz Mustafazadə zədələnərək oyunu davam etdirə bilmədi. Lakin onu əvəzləyən, oyun praktikası sarıdan ciddi korluq çəkən 34 yaşlıj Maksim Medvedev zəif bənd olmadı. "Qarabağ"ın müdafiə xəttini dirəyi sayılan Kevin Medina yenə inamlı oyunu, gözəl reaksiyaları ilə diqqət çəkirdi. 

İlk hissə qolsuz bitsə də, meydan sahibləri fasiləyədək toru silkələyə bildilər. Amma yenə kapitan olan Abdullah Zubirin qolu VAR-a baxılaraq ofsayda görə qeydə alınmadı. İlk hissənin uzatma dəqiqələrində isə "süvarilər" artlq qaydalar çərçivəsində qol vura bilərdilər. Ancaq Marko Yankoviçin yaxın məsafədən güclü zərbəsi zamanı "Sabah"ın gənc qapıçısı Yusif İmanov dirəyin də köməkliyi ilə komandasını real qoldan xilas etdi. Hücumun davamında olan künc zərbəsidən sonra isə Markonun zərbəsi dirəkdən qayıtdı.

Musayev ikinci hissəyə əvəzetməylə başladı. Belə ki, o, Tellur Mütəllimovu meydana buraxaraq müdafiə xəttində yerdəyişmələr etdi. Mərakeşli Sofian Çakla sağdan ona doğma olan mərkəzə, əvəzlənən həmyerlisi Maruan Hadurinin mövqeyinə çəkildi, Tellur da adəti üzrə sağda oynadı. Murad Oleqoviç az sonra üçlü əvəzetmə etməyə hazırlaşan zamanı isə hesab açıldı. Belə ki, "Qarabağ"ın hücumçusu Juninyo Yankoviçin künc zərbəsini başla dəqiq tamamladı. O, az sonra penalti qazansa da, həmin epizodda VAR ofsayd qeydə aldığından, baş hakim Tural Qurbanov təyin etdiyi 11 metrlik cərimə zərbəsini ləğv etməli oldu. 

Musayevin meydana buraxdıqlarından 2-si debütlərini edirdi. Bunlar Rusiya Premyer Liqasında gətirlən, artıq Azərbaycan pasportu olan Ayaz Quliyevlə sabiq "Qalatasaray"lı Cesse Sekidika idilər. Amma ikisinin da oyuna hazır olmaması aşkar görünürdü. Xüsusilə Ayazı "Qarabağ"ın futbolçularını necə asanlıqla keçdiklərini, hətta bir epizodda topu ayaqları arasında atdıqlarını görmək lazım idi. Quliyevin əvəzlədiyi Aleksey İsayev millidən gəldiyinə görə nə qədər yorğun olsa da, meydanda ondan daha effektli idi. 

Rusiyalı həmkarından fərqli Qurbanovun üçlü əvəzetməsi oyuna müsbət təsir göstərdi. Bu dəfə "ağır artileriya"nı meydana buraxmayaraq, əksinə, Avroliqada qrup matçını düşünərək oyundan alan təcrübəli mütəxəssis 2-ci qola reaksiyasını gizlətmədi. Necə də gizlədəsən...Hamidu Keyta nəhayət, "Qarabağ"ın futbolçusuna layiq səviyyədə ustalıq nümayiş etdirərək, çox baxımlı qol vurdu. Fransalı sol vinger bu epizodda "Sabah"a əsl master-klass keçdi.

Bununla da matçın intriqası qalmadı və son çempion səviyyəsini ortaya qoyaraq, onu hesabda silməyin hələ çox tez olduğunu göstərdi. "Sabah" isə ardıcıl 3-cü məğlubiyyətini aldı, özü də yenə qol vura bilmədən. Musayevin sözlərinə görə, komandasına bu vəziyyətdən çıxmaq, özünə gəlmək üçün cəmi bir qələbə lazımdı. Nə yaxşı ki, növbəti turda rəqib autsader "Kəpəz"di və bu ev matçında "Sabah" həmin qələbəni qazanmağa sadəcə, borcludu.

Təəssüf doğuran məqam oyuna azarkeş marağının çox az olması idi. Belə ki, "Tofiq Bəhramov"un tribunaları demək olar boş idi, yalnız klubların fan-klubları gözə dəyirdi. Hər halda, mövsümün matçında belə "anşlaq" olmamalıdı. İnanırıq ki, "Qarabağ"ın "Molde"ylə 3 gün sonrakı qrup matçında Respublika stadionunda tam başqa mənzərəyə şahid olacağıq. 

 

 

MEHMAN SÜLEYMANOV